Əfqanıstanda vətəndaş müharibəsi alovlanacaq?
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının hazırda nəzarət etmədiyi yeganə bölgə Pəncşir vadisidir. Burada mərhum Əhməd Şah Məsudun oğlu Əhməd Məsud hökmrandır.
Əsasən etnik taciklərdən ibarət olan minlərlə tərəfdarına güvənən Məsud “Taliban”a tabe olmayacağını, sonadək vuruşacağını bəyan edib.
Əfqanıstan ordusunu tərk edən və taliblərə qatılmaq istəməyən hərbçilər, “Taliban”a radikal müxaliflər, sabiq məmurlar və siyasətçilər, habelə Kabildəki yeni hakimiyyəti qəbul etməyən şəxslər ona qoşulublar.
Əfqanıstanın sabiq vitse-prezidenti Əmrulla Saleh də Pəncşirdədir.

O, dünən Twitter-dəki akkauntunda yazıb: “Andarab vadisindəki humanitar “Taliban” hərəkatının silahlılarının yanacaq və ərzaq tədarükünə maneə törətməsi, həmçinin yerli sakinləri oğurlaması səbəbindən son dərəcə ağır olaraq qalır. “Taliban” qida və yanacağın Andarab vadisinə aparılmasına icazə vermir. Humanitar vəziyyət ağırdır. Minlərlə qadın və uşaq dağlara qaçmağa məcbur olub. Son iki gün ərzində “Taliban” uşaqları və qocaları oğurlayır. Onları evlərdə axtarış aparan zaman canlı qalxan kimi istifadə edir”.
“Taliban”sa Pəncşirin şimal-qərb “qapısı” sayılan Pəryanı artıq ələ keçirib. Onlar hazırda Pəncşirə dörd istiqamətdən – şimaldan Əndərab vadisindən, şimal-qərbdən Cəməl əs Saracdan, şimal-şərqdən Bədəxşandan və cənubdan Kapisadan girmək istəyirlər.
Pəncşir vadisinə qərbdən Pərvandan, şimaldan – Bağlandan və Əndərab vadisindən, cənubdan Pərvandan, Xəzər vadisi ilə Nicrabdan yollar aparır. Taliblər həmin istiqamətlərdə tələsmədən hərəkət edir, potensial döyüş bölgəsində mövqelər qurur, ağır texnika və artilleriya qurğularını cəmləyirlər.
“Taliban” anlayır ki, mövcud situasiyada adi atıcı silahlarla hücum Pəncşirdə heç bir kilometr irəliləməyə imkan verməyəcək. Pikaplardan ibarət maşın karvanları isə dar dağlıq yollarda Məsudun döyüşçüləri üçün asan hədəflərə çevriləcəklər.
Taliblər dağ aşırımlarında intensiv, genişmiqyaslı və sürətli hücuma keçmək niyyətində deyillər.
Əhməd Məsud “sonadək mübarizə aparacağını” bəyan etsə də, onun şansları azdır.
Fikrimicə, dekabr ayınadək Pəncşir bütünlüklə “Taliban”ın nəzarətində olacaq.
Doğrudur, Pəncşir vadisində müdafiə olunmaq və partizan savaşı aparmaq çətin deyil. Amma partizan savaşı üçün silah, sursat, ərzaq, dərman preparatları və s. gərəkdir.
Əhməd Məsud indiyədək dəfələrlə Qərb ölkələrinə, xüsusilə də ABŞ və NATO-ya müraciət edərək “Taliban”la mübarizədə yardımlar istəyib.
ABŞ isə Pəncşir vadisindəki taciklərə yardımdan boyun qaçırıb.

Əhməd Məsud “Taliban”la danışıqlar perspektivini də real sayır. O, Əfqanıstanda koalisiyalı hökumət qurulmasını təklif edir. Fəqət taliblər bu təklifi rədd ediblər və triumfal qələbələrini kiminləsə bölüşmək niyyətində olmadıqlarını üstüörtülü şəkildə vurğulayıblar.
Əhməd Məsudun atası, “Pəncşir Aslanı” kimi tanınan Əhməd Şah Məsud bir zamanlar Pəncşir vadisinə yığılan mücahidlərin komandiri, Milli Müqavimət Cəbhəsinin lideri idi. “Taliban” Əfqanıstanda ilk dəfə hakimiyyətə gələndə o, taliblərə qarşı çıxmışdı və 2001-ci ilin sentyabrın 9-da sui-qəsd nəticəsində qətlə yetirilmişdi.
Onun oğlu Əhməd Məsudun ətrafına narazıları toplaması və yardım üçün sürəkli müraciətlər edərək tabe olmaması “Taliban” rəhbərliyini Pəncşiri nəzarət altına almağa daha aktiv sövq edir.
Hazırda taliblər Bədəxşan, Təhar və Əndərabda olduqlarından Pəncşir vadisi tam mühasirədədir.
Taliblər ölkədə inklüziv hökumətin yaradılmasına tərəfdardırlar. Lakin onlar prezident Əşrəf Qəninin devrilməsindən sonra Əfqanıstanın İslam Əmirliyinə döndərilməsinə qətiyyətlə etiraz edən tacik Əhməd Məsudu yeni hakimiyyətdə görmək istəmirlər.
Məsud isə hələ nəyəsə ümid edir. Daha doğrusu, onun ən böyük ümidi Pəncşirdəki döyüşçülərdir ki, sayları təqribən 6 min nəfərdir.
Vadidəki silahlı birləşmələrin böyük qismi hələ 20 il əvvəl taliblərlə tabe olmayanlar, habelə indi taliblərə təslim olmaqdan boyun qaçıranlar və Əfqanıstan ordusunun hərbçiləridir.
“Şimal Alyansı”nın yeni versiyası olan bu birləşmələrdəki döyüşçülər sosial şəbəkələrdəki akkauntları vasitəsilə “sonadək vuruşmağa hazır olduqlarını” bəyan etsələr də, Pəncşirdəki hərbi dəstələrin uğur şansı çox azdır.
Daha doğrusu, faktiki olaraq yoxdur.
Kabildən o qədər də uzaqda yerləşməyən və Hindiquş dağ silsilsəsinə daxil olan Pəncşir çayının vadisini strateji önəmli edən məqam ölkənin cənub vilayətlərinə aparan yollardakı rahat aşırımlardır.

Bu səbəbdən heç təsadüfi deyil ki, Pəncşir vadisi əfqanların sovet qoşunlarına müqavimətinin əsas dayaqlarından idi.
Daha sonra, 1996-cı ildə Əfqanıstanın şimalındakı komandirləri birləşdirən “Şimal Alyansı”na başçılıq etmiş “Pəncşir Aslanı” Əhməd Şah Məsud uzun illər boyu taliblərə qarşı döyüşmüşdü.
15 min nəfərdən ibarət böyük güc toplamış Əhməd Şah Məsud bir ara Əfqanıstan ərazisinin 30 fazinə nəzarət edirdi.
Əhməd Şah Məsudun oğlu Əhməd Məsud özünü atasının davamçısı, Əfqanıstanda Qərb dəyərlərinin bərqərar olması uğrunda mübariz adlandırır.
Fəqət Qərb Məsuda silah və hərbi texnika ilə yardım etmək niyyətində deyil.
ABŞ prezidenti Co Baydenin son bəyanatları göstərir ki, ABŞ bundan sonra da Əfqanıstanda hərbi əməliyyatlarını davam etdirmək niyyətində deyil.
Amerikalılar avqustun 31-dək Əfqanıstanı tamamən tərk etməyi planlaşdırırlar.
NATO ilə bahəm, Rusiya da Əfqanıstandakı proseslərə qarışmaq, xüsusilə də Pəncşirdəki Məsuda yardım etmək fikrində deyil.
Əhməd Məsud isə hələ də nəyəsə güvənir…

