Azərbaycan-Türkiyə əlaqələri regionda sabitliyin bərqərar olmasına töhfələr verir
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanın dünya arenasına inteqrasiyası, regional iqtisadi və siyasi əlaqələrin yaradılması prosesində qardaş Türkiyənin əhəmiyyətli rolu olmuşdur. Türkiyə ilə ikitərəfli, qarşılıqlı münasibətlərin güclənməsinə xüsusi diqqət ayıran ulu öndər Heydər Əliyev ikinci hakimiyyəti dövründə bu istiqamətin inkişaf etdirilməsinə xüsusi diqqət ayırmışdır. Nəticədə, iki ölkə arasında tarix boyu mövcud olan dostluq və qardaşlıq münasibətləri dövlətlərarası münasibətlər mərhələsinə qədəm qoymuşdur.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin təməlini qoyduğu bu proses daha da genişlənmiş, Azərbaycan və Türkiyə arasında keyfiyyət və kəmiyyətcə yeni tərəfdaşlıq əlaqələri yaranmışdır.
Bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər təkcə bu iki dövlətin deyil, eləcə də regionun ümumi inkişafına, bölgədə siyasi sabitliyin yaranmasına təkan verir ki, bu da türk dünyası üçün mühüm rol oynayır. Belə ki, bu gün heç kimə sirr deyil ki, 30 illik münaqişə dövründə Türkiyə siyasi müstəvidə üstünlük əldə etməyimizdə və haqq səsimizi dünyaya çatdırmağımızda müstəsna rol oynadı. Lakin Azərbaycanla Türkiyə arasındakı əlaqələr sadəcə siyasi platforma ilə məhdudlaşmır. Bununla yanaşı, iki dövlət arasında iqtisadi, hərbi, sosial və digər sahələrdə də qarşılıqlı əməkdaşlıq mövcuddur. İyunun 15-də işğaldan azad edilən Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan “Şuşa Bəyannaməsi” ilə iki ölkə arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sənədlə Azərbaycanla Türkiyə arasında olan hərbi-siyasi müttəfiqlik rəsmi şəkildə elan edildi. Bəyannamədə ən çox diqqət çəkən məqam da məhz hərbi əməkdaşlıqla bağlıdır.
Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev avqustun 14-də “CNN Türk” telekanalına müsahibəsi zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən, 44 günlük Zəfər yürüşündən, işğaldan azad edilən ərazilərdən, bu torpaqlarda davam edən bərpa-quruculuq işlərindən, eləcə də bölgədə hərəkəti müəyyən ölçüdə məhdudlaşdıran, bərpa prosesinə əngəl olan minalardan, minatəmizləmə prosesindən bəhs edən ölkə başçısı, həmçinin Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinə də toxundu. Qeyd etdi ki, son 18 ildə Türkiyə ilə Azərbaycan arasında vahid siyasət formalaşdırılıb. İki ölkə arasında hər zaman mehriban, isti münasibət mövcud olub. Lakin İkinci Qarabağ müharibəsindən sonra bu münasibətlər daha da güclənib. Çünki 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı yaxşı gördü ki, onun əsl dostu kimdir. Prezident bildirdi ki, Vətən müharibəsində qazandığımız Böyük Qələbədə Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, türk xalqının, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın doğmalıq, qardaşlıq münasibətlərinin xüsusi rolu olub. Türkiyə ölkəmizə təkcə silahlı PUA-ları ilə yox, hərtərəfli dəstək verib. İlk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Prezident R. T. Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynayıb. O hər zaman deyib ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində ona siyasi və mənəvi dəstək verir. Bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirib.
Şübhəsiz ki, Türkiyədən alınmış müasir silahlar, “Bayraktar”lar, eləcə də başqa silahlar – “Qasırğa”lar, hərbi maşınlar, “Kobra”lar Azərbaycanın qələbəsinə kömək edib, insan itkisinin az olmasına səbəb olub.
Bu gün regionda yaranan vəziyyətə nəzər salsaq, Türkiyə və Azərbaycanın mövcud münasibətlərinin artıq regional amilə çevrildiyini görərik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəlkə nə vaxtsa qlobal amilə çevriləcək…

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirdi ki, Azərbaycan-Türkiyə tandeminin regionda formalaşdırdığı yeni reallıq əməkdaşlığa və inkişafa zəmin yaradır: “Bu gün region üçün yeni bir reallıq yaranır. Artıq bir sıra layihələr var. Sözsüz ki, region dövlətlərinin əksəriyyəti bu layihələrin icrasında, həyata keçirilməsində maraqlıdır. Çünki bu layihələr bölgədə yaşayan xalqlar üçün yeni imkanlar deməkdir. Sözsüz ki, konstruktiv müstəvidə baş verən bütün əməkdaşlıq region ölkələrinin də inkişafına imkanlar açacaq. Bu layihələr arasında Zəngəzur dəhlizinin açılması xüsusi yer tutur”.
R. Zeyni qeyd etdi ki, Zəngəzur dəhlizinin açılmasından ən çox faydalanacaq regional ölkələrdən biri də qardaş Türkiyədir: “Bu koridorun açılması Türkiyə üçün bır sıra üstünlüklər yaradacaq. Dəhliz vasitəsilə Türkiyə özünün regionda əsas tərəfdaşı olan Azərbaycana birbaşa quru yolu əldə edəcək. Bununla da dəhlizin yaranması ilə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, o cümlədən turizm əlaqələrinin daha da genişlənməsi üçün imkanlar yaranacaq. Bu dəhliz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, yəni Türk dünyasına çıxış əldə etmək baxımından da əhəmiyyətlidir. Türkiyənin Azərbaycana və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməsi isə Türk dünyası ölkələri arasında istər iqtisadi, istər siyasi, istərsə də strateji əlaqələrin qurulması və inteqrasiyanın genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır”.
Həmsöhbətimiz son olaraq vurğuladı ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin dinamik inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

