“Fast food”lar uşaqlarda immun çatışmazlığı yarada bilər: Həkim XƏBƏRDARLIĞI
Qida zəhərlənməsi dediyimiz zaman ağla ilk olaraq “fast food” lar gəlir
Qida zəhərlənməsi dediyimiz zaman ağla ilk olaraq “fast food” lar yəni hazır qidalar gəlir. Müasir dövrdə bir çoxlarımızın bu cür hazır qidalara üstünlük verməsinin bəzi səbəbləri var. Belə qidalar satan obyektlər müxtəlif iş yerlərinin və adətən təhsil müəssisələrinin yaxınlığında yerləşir. Təəssüflər olsun ki, bu cür obyektlər çox vaxt küçələrdə, daha pisi isə avtomobil yollarının kənarında qarşımıza çıxır. Normalara cavab verməyən bu satış obyektlərinin üstüaçıq qidaları gigiyenik olmadığı üçün müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Mütəxəssilərin fikirlərinə görə, bu cür qidaların zərərli olmasının başlıca səbəbi onların düzgün olmayan yağlarda bişirilməsidir. Bu cür məhsulların hazırlanmasında təbii yağlarda deyil, süni trans yağlarda istifadə edilir. Səbəb isə bu yağların daha ucuz başa gəlməsidir. Bu isə ürək xəstəliklərinin yaranmasında vasitəçidir. Dahası isə bu cür qidaların hazırlanmasında istifadə olunan yağlar 10-12 saat istifadə olunduğuna görə onun tərkibindəki E vitamini dağılır və xərçəng xəstəliyinin yaranması riskini artırır.
Bu gün bir çox insan artıq çəki problemindən əziyyət çəkir. Dietoloq mütəxəssislərin də qənaətinə görə hər zaman olmasa da bunun əsas səbəblərindən biri məhs “fast food” asılılığıdır. Çünki bu qidaları qəbul etdikdə lazımsız kalorilər artıq çəkilərə səbəb olur. Bəzi qadınlar üz dərisindəki yağlardan və ləkələrdən şikayət edir. Bunun da səbəbi bir çox hallarda “fast food”lardan çox istifadə göstərilir.

Ayaqüstü qidalanma, tələsik yemək, çeynəməmək, iri tikələri udmaq, gəzərək, televizor izləyərək qidalanmaq mədə üçün çox ziyandır
Mövzu ilə bağlı “İki sahil”ə danışan qastroenteroloq Dr Günay Əsədova bildirib ki, düzgün qidalanma sağlamlığın ən əsas şərtlərindən biridir. G. Əsədova qeyd edib ki, əgər heç bir xəstəliyi olmayan bir insanı nəzərdə tuturuqsa gün ərzində üç dəfə əsas yemək və ara yeməklərlə qidalanma doğrudur: “Qidalanmalarda yeməyin köhnə deyil, təzə olduğuna diqqət yetirilməlidir. Günün birinci yarısında karbohidratların qəbulu məsləhət görülmür. Yediyimiz yağlara diqqət etməliyik. Çünki yağlar yaşamaq üçün ehtiyacımız olan 6 əsas qida maddəsindən biridir. Enerji verir və A, D, E, K vitaminləri bədənimizə daxil olaraq faydalı olmasını təmin edir. Ayaqüstü, tələsik qidalanma həzm sistemini pozur. Ayaqüstü qidalanma, yediyinizi tələsik yemək, çeynəməmək, iri tikələri udmaq, gəzərək, televizor izləyərək qidalanmaq mədə üçün çox ziyandır və başda həzm sisteminin pozulması ilə yanaşı, bir çox mədə-bağırsaq xəstəliklərinə də gətirib çıxarır”.
Həmsöhbətimiz ona da diqqət yetirib ki, gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər.
Bəs hazır qidaların uşaqlara zərəri nədən ibarətdir?

Bu qidalar uşaqlarda mədə-bağırsaq problemi, allergiya yarada bilər
Pediatr, məsləhətçi Dr. Güleyşə Xəlilova “İki sahil”ə açıqlamasında bildirdi ki, “Fast food”ların insan sağlamlığına xüsusilə uşaqların orqanizminə mənfi təsirləri olduqca çoxdur: “Bu qidalar uşaqlarda mədə-bağırsaq problemi eyni zamanda, allergiya yarada bilir. Bildiyimiz kimi, bizim immunitetimizin 90 faizi bağırsaqlarımızla bağlıdır. Onlar bağırsaq florasını pozduğu üçün uşaqlarda da immun çatışmazlığı yarada bilir. “fast food”ları daha sağlam olan ağartı məhsulları ilə əvəzləmək olar. Hazırki yay fəsli dövründə meyvə-tərəvəzlə onları əvəzləmək mümkündür. Biz faydalı qidaları da uşağın öz orqanizminə uyğun təyin etməliyik. Əks təqdirdə bunun da zərəri ilə qarşılaşa bilərik. “Fast food”lar uşaqlarda piylənmə yaradır və bir sıra zehni problemlərə yol açır. Mütəmadi ayaqüstü yeməklərdən istifadə məktəblilərdə zehin pozğunluğu, yaddaş zəifliyi və ruh düşkünlüyü daha çox müşahidə olunur. Eyni zamanda, “fast food” qidalar sümüklərin inkişafdan qalmasına səbəb olur. Bu da öz növbəsində boy artımının qarşısını alır.
G. Xəlilova qeyd etdi ki, uşaqları “fast food”dan uzaq tutmaqda valideynlərin üzərinə böyük məsuliyyət düşür: “Əgər uşaqlar belə hazır qidaların dadını bilməsə onlarda alışqanlıq da yaranmaz. Çünki “fast food”ların tərkibində dadlandırıcılar, qida əlavələri vardır ki, bu da uşaqlarda asılılıq yaradır. Valideynlərə tövsiyə edərdim ki, övladlarını daha çox zülallı qidalarla təmin etsinlər”.
Göründüyü kimi, həkimlərin fikirləri, bu barədə yazılan yazılar, araşdırmalar “fast food”un sağlamlığa nə qədər zərərli olduğundan bəhs edir, mövcud təhlükədən xəbərdar edirlər. Ancaq vəziyyət heç də ürəkaçan deyil. Çoxumuz bu tövsiyələrdən çəkinsək də yenidən bu qidalardan istifadəyə başlayırıq. “Ayda ildə bir dəfə yeməklə heç nə olmaz” deyib bu yolla özümüzü zərərdən sığortaladığımızı düşünürük. Yalnız bir dəfə belə “fast food” yediyimiz vaxt bədənimizdə nələr baş verdiyinin bir daha şahidi olduq…

