Pandemiyanın dayandırılmasının yeganə yolu kütləvi vaksinasiyadır- Baş infeksionist
Karantin məhdudiyyətləri epidemiyanın qarşısını almır, yoluxma sürətinin azalmasına səbəb olur
Hazırda bütün dünyada COVID-19 infeksiyası ilə əlaqədar vəziyyət çox gərgindir, ayrı-ayrı ölkələrdə yeni antirekordlar qeydə alınır. Virusun mutant ştammlarının – “Alfa”, “Beta”, “Qamma”, “Delta”nın ümumi bir xüsusiyyəti yoluxma qabiliyyətinin artmasıdır. Son vaxtlar ölkəmizdə də müşahidə olunan sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Statistik rəqəmlər göstərir ki, gündəlik yoluxma sayı 4 mini, ölüm sayı isə 30-u keçib. Bu isə sağlamlığımız üçün ciddi təhlükə yaradır. Yay fəslində karantin rejiminin yumşaldılması, o cümlədən rayonlararası gediş-gəlişin, şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi, həmçinin restoranların, kafelərin, ictimai iaşə obyektlərinin, idman zallarının açılması bir tərəfdən əhalinin üzləşdiyi sosial və psixoloji gərginliyi aradan qaldırsa da, digər tərəfdən yoluxma hallarının sürətlənməsinə səbəb oldu.
ARANTV.AZ sözügedən mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovla müsahibəsini təqdim edir:
– Təyyar müəllim, son günlərin statistikası hər kəsi narahat edir. Yoluxanların sayı sürətlə artırsa, deməli reanimasiyalardakı ağır xəstələrin sayı da artır. Bu isə ölüm hallarının artması təhlükəsini artırır. Epidemioloji vəziyyətin hazırkı səviyyəyə çatmasını nə ilə əlaqələndirirsiniz?
– Epidemioloji durum mənfiyə doğrudur. Növbəti alovlanma fazasını yaşayırıq. Kəskin artım ölkədə infeksiyaya həssas insan kütləsinin çoxluq təşkil etməsinə səbəb isə uzun müddətdir ki, karantin məhdudiyyətlərinin əhəmiyyətli yumşaldılması, qoruyucu qaydalarına əhalinin müəyyən hissəsinin etinasızlığı, “Delta” ştammı dövriyyəyə daxil olmasıdır. Əvvəlki günlərlə müqayisədə ölüm saylarında artım müşahidə edilir. Ümumilikdə isə yoluxma hallarının artması proporsional olaraq ağır xəstələrin sayının artması və son nəticədə ölüm hallarının sayının çoxalmasına səbəb olur. Təhlil onu deməyə əsas verir ki, nisbi ölüm göstəricisi artmamışdır.
– Sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Bunu necə qiymətləndirirsiniz?
– Vaksinasiyanın artıq xeyli sayda insanı əhatə etməsi daha yumşaq, seçici məhdudiyyətlərə getmək imkanı yaratmışdır ki, bunun da idarəedici aləti məhz COVID pasportlarıdır. Hesab edilir ki, bu qaydaların tətbiqi, immunlaşmamış və yoluxma riski daha çox olan insanlarla təmasın mümkün qədər azaldılması, son nəticədə yoluxma tempinin aşağı düşməsinə xidmət edəcəkdir.
– Ötən il payız-qış aylarında virusa yoluxma sayı kəskin şəkildə artdı. Necə düşünürsünüz bu hal və ya daha ağır epidemioloji vəziyyət bizi qarşıdan gələn payız -qış mövsümündə də gözləyirmi?
– Zənnimcə, bəli. Yeni tədris ilində təlim-tədris müəssisələrinin fəaliyyətinin bərpa olunması, payız-qış mövsümündə insanların daha çox qapalı məkanlarda toplanması yoluxma sayının artımını dəstəkləyən faktorlardır. Bunları nəzərə alaraq, əhalini daha da diqqətli olmağa və vaksinasiyada daha aktiv iştirak etməyə çağırırıq.
– Avqustun 9-dan etibarən peyvəndə qarşı əks göstərişi olanlara “əks göstəriş sertifikatı” nın verilməsinə başlanılıb. “Əks-göstəriş sertifikatı”nı almaq istəyənlər hansı mərhələlərdən keçməlidirlər?
– “Əks göstəriş sertifikatı”nın əldə edilməsi üçün vətəndaş ilkin olaraq ailə sağlamlıq mərkəzinə müraciət etməlidir. Burada şəxsin sağlamlıq durumu haqqında bütün məlumatlar toplanaraq müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə ilkin müzakirə olunur və vaksinasiyaya tutarlı əks göstəriş olduqda bütün məlumatlar Səhiyyə Nazirliyinin müvafiq komissiyasına təqdim olunur. Yalnız bu komissiyanın qeyd olunan sertifikatı vermək səlahiyyəti vardır. “Əks-göstəriş sertifikatı” səbəblərindən asılı olaraq müddətsiz və ya müəyyən müddətə verilir. Komissiya öz işini artıq 9 avqust tarixindən başlayıb. Komissiya öz işində Səhiyyə Nazirliyinin hazırladığı vaksinlərin tətbiqinə göstərişlər və əks-göstərişləri özündə əks etdirən xüsusi təlimata əsaslanır. Bu cür əks-göstərişlərə yaşın 18-də aşağı olması, əvvəllər hər hansı bir vaksinə, o cümlədən COVID əleyhinə vaksinin birinci dozasına və ya bu vaksinin tərkibindəki hər hansı bir komponentə stasionar yardımı tələb etmiş ağır allergik, o cümlədən anafilaktik reaksiyanın olması, hamiləlik və südvermə dövrü, hazırda kəskin xəstəliklərin olması, ağır xroniki xəstəliklərin alovlanması dövrü və s. aiddir.
– Təyyar müəllim, bu sertifikat hansı müddətə veriləcək?
– Həmin sertifikatı almaq istəyən şəxslər yaşadığı ərazidə ailə həkiminə müraciət edir. Ailə Sağlamlıq mərkəzlərində həmin şəxsin tibbi kitabçası araşdırılır. Şəxsin şikayətləri dinlənilir. Anamnestik məlumatları araşdırılır, hazırda mövcud olan hər hansı bir xəstəliyə dair müəyyən olunmuş müayinələrin nəticələrinə baxılır, müxtəlif müvafiq ixtisaslı həkimlərin iştirakı ilə məsləhətləşmələr aparılır. Əgər səbəblər əsaslıdırsa, onda şəxsin toplanmış bütün sənədləri Səhiyyə Nazirliyinin müvafiq komissiyasına təqdim olunur. Komissiya məsələyə baxaraq əks-göstərişlə bağlı yekun qərar qəbul edir. Çox az hallarda bu əks göstəriş sertifikatı ömürlük verilir, əksər hallarda belə sertifikat müvəqqəti, müəyyən vaxt çərçivəsində qüvvədə olmaqla verilir. Müddət bitdikdən sonra isə məsələ yenidən dəyərləndirilir. Qeyd edim ki, hamilə, süd verən qadınlara müvafiq müddətlər üçün əks göstəriş sertifikatları verilir.
– Artıq xaric ölkələrdə peyvəndlənmə üçün müəyyənləşdirilən yaş həddi endirilib. Necə düşünürsünüz, ölkəmizdə də bu qayda tətbiq oluna bilərmi? Ümumiyyətlə, buna zərurət varmı?
– Xarici ölkələrdə uşaqlarıın və yeniyetmələrin vaksinasiyası məsələsi diqqətlə izlənilir və araşdırılır. Bu barədə zərurət olduqda və yetərli sübutlu məlumatlar toplandıqdan sonra beynəlxalq təcrübə də nəzərə alınaraq müvafiq qərarlar verilə bilər.
– Səhiyyə Nazirliyi peyvəndin iki dozasını alanlara üçüncü – buster dozanı vurdurmağı da tövsiyə edir. Qeyd olunur ki, üçüncü doza qüvvətləndirici dozadır, yəni, orqanizmdə xəstəliyə qarşı yaranan anticisimləri artırır. Virusdan daha effektli qorunmaq üçün bunu zəruri sayırsınızmı?
-3-cü dozanın vurulmasında məqsəd risk qruplarına daxil olan insanların daha yüksək etibarlıqla qorunmasını təmin etməkdir. Bu qruplara tibb işçiləri, yaşı 60-dan yuxarı şəxslər və müxtəlif ağır xroniki xəstəliyi olanlar daxildir. Üçüncü – qüvvətləndirici (buster) doza xüsusilə tibbi işçiləri üçün tövsiyə edilir. Çünki onlar koronaviruslu xəstələrlə daha çox təmasda olurlar. Həmçinin yaşlıların və xroniki xəstəliklərdən əziyyət çəkənlərin də “buster” doza qəbul etmələri məsləhət görülür. Təbii ki, bu, məcburi deyil, amma vətəndaşlara koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulması dünya təcrübəsinə əsasən məqsədəuyğun hesab edilir. Üçüncü dozanın zəruriliyi barədə elmi məlumatlar toplandıqca daha çox ölkə bunu öz vətəndaşlarına tövsiyə edir.
– Azərbaycan COVID – 19 əleyhinə vaksinasiyaya ilk başlayan ölkələrdən biridir. Təəssüf ki, ölkəmizdə peyvənd edilənlərin sayı pandemiyanın bitməsi üçün yetərli deyil. Hələ də əhali arasında peyvəndə mənfi münasibəti olanlar var. Vaksinin vacibliyinə inamı artırmaq üçün hansı tədbirlər görülməlidir?
– Əhalidə vaksinə qarşı inamı artırmaq üçün KİV-də mütəxəssislər tərəfindən yetərli təbliğat aparılır. İctimaiyyətə təqdim olunan statistik rəqəmlər onu deməyə əsas verir ki, hazırda vaksin olunmayanların epidemiyası baş verməkdədir.Vaksin olunanlar arasında yoluxma hallarının minimal olması, bu insanların əsasən xəstəliyi yüngül keçirməsi, tam peyvəndlənmiş xəstələr arasında ölüm hallarına praktiki olaraq rast gəlinməməsi artıq yerli təcrübənin də gəldiyi nəticədir. Bu da vaksin olunmağa insanları motivasiya etməlidir. Beləliklə, aparılan təbliğat və qəbul olunan digər qərarlar son vaxtlar vaksinasiya üçün müraciət edənlərin sayının artmasına səbəb olub. Aparılan təbliğat işinin əsas leytmotivi ondan ibarətdir ki, pandemiyanın dayandırılmasının yeganə mümkün yolu əhalinin kütləvi vaksinasiyasıdır. Karantin məhdudiyyətləri epidemiyanın qarşısını almır, yoluxma sürətinin azalmasına səbəb olur.
Sonda, bir daha xatırladaq ki, peyvənd olunmaq bizim vətəndaş borcumuzdur. Peyvənd olunmaqla təkcə özümüzü deyil, ailəmizi, yaxınlarımızı, ətrafdakıları da qorumuş oluruq. Ona görə də yaşı 18-dən yuxarı olan hər kəsin peyvənd olunması zəruridir və vacibdir. İnsanlar bəzən vaksinin yan təsiri olacağından ehtiyat edib peyvənd vurdurmaqdan çəkinirlər. Peyvənd vurulması zamanı öldürülmüş virus orqanizmə düşür, heç bir xəstəlik, əlavə və yan təsirlər törətmir, orqanizmdə həmin virusa qarşı immunitet yaradır. Bu, bizi canlı virusdan, xəstəlikdən qoruyur. Anlamaq lazımdır ki, bizi yoluxduracaq canlı virusdan ehtiyat etmək lazımdır, peyvəndin tərkibində olan cansız virusdan yox.

