Əsas səhifə 

Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir

Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən dünyanın ikili siyasətinin bu gün də davam etdiyini əsaslı şəkildə diqqətə çatdırdı

Azərbaycan xalqı 30 ildə bir amalla yaşayırdı: nəyin bahasına olursa-olsun, torpaqlarımız işğalçılardan azad edilsin. Tarixi Qələbəmizi şərtləndirən əsas amillər  təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox,  Vətən, torpaq  sevgisi idi. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, xalqın səbri  tükənməz deyil. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərbi yol istisna edilmir. Azərbayan dövlətinin bu bəyanatını daim öz maraqlarına uyğun təhlil edib beynəlxalq ictimaiyyətə təqdim edən Ermənistan və ona havadarlıq edən dövlətlər guya ölkəmizin sülh danışıqlarında maraqlı olmadığını bildirir, bununla yanaşı, həm də belə sərsəm bəyanatla çıxış edirdilər ki,  münaqişənin hərbi yola həlli yoxdur. 44 günlük İkinci Qarabağ müharibəsi bu mifi də darmadağın etdi.  Azərbaycan Ordusu qəhrəmanlığı, şücaəti ilə 44 günün hər gününü tarixə qələbə  səhifəsi kimi yazmaqla  işğalçı dövlətə və ona dəstək verənlərə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü sübut etdi. Vətən müharibəsi dövründə  isə Ermənistanın baş naziri Nikol Paşinyan belə bəyanatla çıxış etdi ki, münaqişənin diplomatik həlli yoxdur. Bir-biri ilə təzad təşkil edən bu bəyanatlar Ermənistanın və onun müdafiəçilərinin 30 ilə yaxın dövrdə  hansı məqsəd və məram uğrunda mübarizə apardıqlarını, danışıqlara imitasiya naminə qatıldıqlarını, yeni ərazilər uğrunda müharibə planları hazırladıqlarını ortaya qoydu.

Bu günlərdə dövlət başçısı İlham Əliyev   BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən bir daha bu məqamlara diqqəti yönəldərək onu da əlavə etmişdir ki, indi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır: «Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik.»

Dövlət başçısı, eyni zamanda, bildirmişdir ki, BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var.  UNESCO ilə də təmasdayıq. «Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər» söyləyən ölkə Prezidenti qeyd etmişdir ki,  UNESCO rəsmiləri  bildirdilər  ki, qurum siyasi məsələlərə qarışmır. Müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar gəlir.

Maraqlıdır, 30 ilin çağırışına  laqeyd yanaşan,  bunu siyasi məsələ kimi dəyərləndirib kənardan seyrçi mövqedə dayanmağa üstünlük  verən UNESCO üçün bu gün dəyişən nədir?  Dövlət başçısı İlham Əliyev «Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər» fikirləri ilə bir çox məqamlara aydınlıq gətirir.  Azərbaycan razılaşıb,  missiya artıq yaradılıb, amma  Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir. Amma sual olunur-Görəsən, dəyişən nə idi?  Gəlmək üçün  siqnallar verilir, amma Ermənistandan təklif gözləyir, diktəsi ilə oturub dururlar? Əgər Ermənistanın çaldığı hava ilə oynayacaqdısa, onda  qurumun bu  təşəbbüslə çıxış etməsinə nə ehtiyac var idi?

Reallıq budur ki, Azərbaycan dünyanın hərb tarixinə yeni səhifə yazdı. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Təcrübəmizi öyrənmək istəyən tərəfdaşlar müraciət edirlər. Bir sözlə, İkinci Qarabağ müharibəsi  şanlı tariximizdir. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Dövlət başçısının bildirdiyi kimi, bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır.

Artıq  quruculuq, postmünaqişə dövrü başlayıb. Cənab İlham Əliyevin Sərəncamı əsasında «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqlənib. Bu sənədə uyğun olaraq Böyük Qayıdışın tezləşməsi üçün zəruri olan addımlar atılır. Həmçinin cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin «yaşıl enerji» ərazisinə çevrilməsini hədəfləyib. Bu ərazilərdə təkmil idarəçilik sistemi yaradılır. O da məlumdur  ki, cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə  Prezidentin xüsusi nümayəndəsinin yaradılması ilə bağlı Sərəncamına əsasən ilk olaraq Qarabağın ürəyində –Şuşa, sonra isə Ağdamda Prezidentin Xüsusi nümayəndəsi yaradıldı. Cənab İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsünə dair Fərmanı da bir çox məqamlara aydınlıq gətirdi. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Dağlıq Qarabağ adlı ərazi vahidinin yoxluğu deməkdir.

Bölgədə yeni reallıqlar yaradan Azərbaycan sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etmək, iqtisadi əlaqələrin qurulması üçün ciddi səylər göstərir. Azərbaycan tərəfin ermənilərin illərdir  törətdikləri faciələri, soyqırımı aktlarını, vəhşilikləri tarix boyu unutmayacağını bildirməklə yanaşı, qarşı tərəfə-işğalçı Ermənistana keçmişi unudub gələcəklə yaşamağa çağırış edir. Ermənistana təkmil sülh modelini təklif edən Azərbaycan bugünədək qarşı tərəfdən heç bir addımın atıldığını görmür. Ermənistan hələ buna hazır olmadığını bildirir. Dövlət başçısı «Biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur» söyləyərək bildirir ki, Ermənistanın  buna hazır olmaması  böyük bir səhv olacaq.  Azərbaycanın təklifi yeni real vəziyyətə əsaslanır. Azərbaycan tərəfi münaqişənin həll olunduğunu düşünür və bunun üçün  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin olmasından bəhs edir. Görünur, Ermənistan müharibənin hələ bitmədiyini düşünür. Əgər bu güşüncə ilə yaşayırsa, 44 günlük Vətən müharibəsindən aldığı dərsi xatırlasın. Azərbaycanın dünyaya səs salan «Dəmir yumruğu» hər zaman yerindədir. Ermənistan və ona havadarlıq edən dövlətlər yeni reallıqlarla nə qədər tez barışsalar bir  o qədər işğalçıya kömək olar. Bu baxımdan ki, işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən kənarda qalan, iqtisadi  böhran içərisində çabalayan, dünyanın kasıb ölkələri sırasında ön yerdə dayanan Ermənistanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra vəziyyəti daha da ağırdır. Azərbaycan tərəfinin təklif etdiyi sülh razılaşması, altılıq platformaya qatılmaq təklifi  onu bu vəziyyətdən xilas edə bilər.  «Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər» söyləyən cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu, qalib ölkənin, güclü tərəfin, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də peşman olacaqlar: «Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar.»

Göründüyü kimi, tarixi Zəfərimizdən 9 ay keçməsinə baxmayaraq, hər an onun yaratdığı sevinci yaşayır, yeni reallıqlar fonunda Azərbaycanın qalib, diktə edən ölkə kimi mövqeyinin möhkəmlənməsindən, təşəbbüslərindən qürur duyuruq. Bu baxımdan UNESCO kimi tərəddüd içində fəaliyyət göstərən, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdiklərini gözlə görmək üçün missiya göndərməkdən ehtiyat  edən qurumların  münasibəti təəccüb doğurmaya bilməz. Qeyd etdiyimiz kimi, müharibə başa çatıb. Yəni işğalçının kim olduğu dünyaya bəyan edilib. Bu gün onun törətdiyi dağıntıları ört-basdır etmək yolunu tutmaq sualların yaranmasına səbəb olmaya bilməz.  Amma Azərbaycan dövləti, xalqı  belə mövqeyi artıq təəccüblə qarşılamır. ATƏT-in Minsk qrupunun işğal olunmuş ərazilərimizə səfər edən Faktaraşdırıcı Missiyası  hansı nəticəyə yol açmışdır ki, UNESCO-nun yaradacağı missiya da  nəyəsə nail olsun, yaxud müsbət addım atsın. Ermənistana dəstəklə  yalnız və yalnız özlərinə qarşı inamsızlıq mühiti formalaşdırırlar. 30 ilə yaxın dövrdə ikili siyasətin yaratdığı problemləri yada salmaq kifayətdir. Amma 44 günlük Vətən müharibəsi göstərdi ki, belə haqsızlıq, ədalətsizlik uzun müddət davam edə bilməz.

Daha çox xəbərlər