Bakı dünyanın ən təhlükəsiz 60 şəhəri arasında
Keçmiş SSRİ məkanından reytinqə yalnız iki şəhər daxil edilib
Məşhur “Economist” jurnalının araşdırma bölməsi olan Economist Intelligence Unit qlobal miqyasda “Təhlükəsiz Şəhərlər İndeksi”nin 2021-ci il buraxılışını təqdim edib. Reytinq tərtib olunarkən 60 şəhər özündə rəqəmsal, sağlamlıq, infrastruktur, şəxsi və ekoloji təhlükəsizlik sahələrini əhatə edən 76 göstərici əsasında qiymətləndirilib
Qiymətləndirmənin sonunda Danimarkanın paytaxtı Kopenhagen 82,4 balla reytinqdə birinci yerə layiq görülüb. Bununla da Avropa şəhəri əvvəlki illərin liderləri olan Tokio, Sinqapur və Osakanı qabaqlayıb.
Keçmiş SSRİ məkanından reytinqə yalnız iki şəhər daxil edilir: Rusiya paytaxtı Moskva və Azərbaycanın paytaxtı Bakı. Builki reytinqdə Bakı 49,8 balla 52-cı sırada qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin hər 2 aparıcı şəhəri – Abu Dabi (31-ci yer) və Dubay (35) da siyahıda yer alıb. Türkiyədən İstanbul şəhəri 37-ci, Moskva 38-ci yeri tutub. Siyahıda 10-dan çox Avropa, 25-dən çox Asiya qitəsinin şəhərləri var.
Ən təhlükəsiz şəhərlərin siyahısının ilk 10-luğuna Kopenhagen, Toronto, Sinqapur, Sidney, Tokio, Amsterdam, Vellinqton, Honkonq və Melburn daxildir.
Xatırladaq ki, bu reytinq 4-cü dəfədir tərtib olunur. 2020-ci ildə pandemiyaya görə hesablama aparılmayıb. 2019-cu ildə Azərbaycanın paytaxtı maksimum 100 baldan 56,4-nü toplayaraq 49-cu yerdə qərarlaşmışdı.
Bu il isə göstəricilərin bir neçəsi üzrə kəskin geriləmə müşahidə olunur. Belə ki, Azərbaycan paytaxtı rəqəmsal təhlükəsizlik kriteriyası üzrə 1 pillə geriləyərək 48,9 balla 47-ci, səhiyyənin təhlükəsizliyi üzrə 15 pillə geriləyərək 47,3 balla 56-cı, infrastruktur üzrə 58,6 balla 47-ci, şəxsi təhlükəsizlik üzrə 4 pillə geriləyərək 47,3 balla 53-cü, ekoloji təhlükəsizlik üzrə 46,7 balla Əbu Dabi və Ər-Riyadla eyni səviyyədə – 51, 52 və 53-cü yerləri paylaşıb.
Tanınmış həkim Zülfüqar Yusifovun fikrincə, Bakının dünyanın ən yüksək inkişaf etmiş 60 şəhəri sırasına düşməsinin özü kifayət qədər müsbət amildir: “Əlbəttə, istərdik ki, Bakı daha yüksək yerlərdə olsun. Səhiyyənin təhlükəsizliyi meyarı üzrə kəskin geriləmənin səbəblərini müəyyənləşdirmək bir qədər çətindir: tədqiqatçıların məhz hansı göstəricilər əsasında qiymətləndirmə apardıqlarını bilmirik. Amma ümumi qiymətləndirməli olsaq, Azərbaycanda, o cümlədən Bakıda səhiyyənin müasir dünya tələblərinə uyğun inkişafı istiqamətində işlər bir qədər gec başlayıb deyə bilərik. Son 10 ildən bir qədər artıq dövrdə Azərbaycanda səhiyyə sisteminin yenidən qurulması istiqamətində ciddi işlər görülür: səhiyyə müəssisələrinin təmiri, müasir avadanlıqlarla təchizatı üçün illər boyu böyük həcmdə vəsaitlər xərcləndi. Nəticəni xeyli dərəcədə müsbət hesab etmək olar, çünki səhiyyə müəssisələrimiz müasir səviyyəli avadanlıqlarla təchiz olunub”.

Zülfüqar Yusifov
Z.Yusifov deyir ki, bina və avadanlıqlarla yanaşı, səhiyyə təhlükəsizliyinin təmin olunmasında peşəkar kadrların hazırlanması da çox mühüm əhəmiyyət kəsb edir: “Bu istiqamətə son illərdə diqqət yetilir. Xüsusilə inkişaf etmiş səhiyyə sisteminə malik Türkiyə ilə tibbi kadrların hazırlanması istiqamətində əlaqələrin qurulması müsbət addımdır. Bundan əlavə, dünyanın digər nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq da qurulur. Səhiyyə sistemində keyfiyyət dəyişikliyinin mühüm göstəricilərindən biri də səhiyyədə icbari tibbi sığorta sisteminin tətbiqidir. Azərbaycanda təəssüf ki, bu işə gec başladıq. Amma yenə də pilot layihələrdən sonra sistemin bütün ölkə ərazisində oturuşması üçün xeyli işlər görüldüyünü deyə bilərik. İcbari tibbi sığorta müasir dünyanın sınaqdan çıxardığı ən uğurlu sistemdir. Onun uğurla tətbiq olunması uzunmüddətli iş və səbr tələb edir. Artıq bütün ölkə ərazisində yeni sistemə keçid başlayıb. Düşünürəm ki, “The Economist”in qiymətləndirməsi hökumətin bu prosesi sürətləndirməsi üçün bir əsas rolunu oynamalıdır. Yəqin ki, icbari tibbi sığortanın uğurlu tətbiqi Bakının reytinqdəki mövqeyinə ciddi müsbət təsir göstərəcək”.

İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, dünyanın ən yüksək inkişaf etmiş 60 ölkəsi arasında 53-cü olmaq heç də pis göstərici deyil: “Şəxsi təhlükəsizlik isə müəyyənləşdirilərkən insanın həm fiziki, həm psixoloji, həm də başqa güc tətbiqi ilə bağlı təhlükəsizlik imkanları qiymətləndirilir. Burada müxtəlif ölkələrdə müxtəlif yanaşmalar, kriteriyalar tətbiq olunur. İndeks hazırlanarkən konkret hansı kriteriyaların nəzərə alındığını bilmirəm. Amma adətən şəxsi təhlükəsizlik dedikdə, ölkədəki rejimdən qaynaqlanan – idarəetmə sisteminin yaratdığı təhlükələr, təbii təhlükələr, psixoloji, milli xarakterli təhlükələr başa düşülür. Məsələn, Bakının, elə bütünlükdə Azərbaycanın öz vətəndaşları üçün əsas təhdid məmur özbaşınalığından qaynaqlanır: səni heç bir düz-əməlli izahat vermədən tutub-apara, 1 sutka saxlaya bilərlər və sən bunun qarşısını almaq üçün heç bir imkana malik olmazsan. Başqa tərəfdən, şəxsi təhlükəsizliyi müəyyənləşdirərkən ölkədəki kriminogen durum, cinayətkarlıq, oğurluq hansı səviyyədədir. Yaxud məsələn, açıq-saçıq geyinən bir qadına, şortik geyinən bir kişiyə qarşı kobudluq edilə bilər. Azərbaycanda məsələn, avtomobildən düşərkən kiminsə kiməsə baxması, yaxud maşında oturan qadına kiminsə nəzər yetirməsi etirazla qarşılanırsa, Avropada belə şeylərə qətiyyən əhəmiyyət vermirlər. Onlar milli xüsusiyyətləri nəzərə almırlar”.
İ.İsmayıl qeyd edir ki, ölkələrin rejimi və demokratik hüquqlar məsələsi adətən şəxsi təhlükəsizlik səviyyəsinə təsir göstərən əsas amillər olur: “Baxın, bir dəfə bir xarici vətəndaş ABŞ-a getməliydi, təyyarə reysi olmadı. Onu Moskva üzərindən getməyə razı sala bilmədik. O, Moskva aeroportunda hər hansı polisin ona ilişərək, müvəqqəti də olsa azadlığını məhdudlaşdıracağından qorxurdu. Yəni yanaşmalarda, qiymətləndirmələrdə ölkələrin imici də böyük rol oynayır. İndi bir Əfqanıstan xofu var dünyada, əsassız da deyil: “Taliban” paltarı onun tələblərinə uyğun olmayan qadını küçədəcə güllələyir”.
Bakı şəhərinin indeksə yeni əlavə olunan ekoloji təhlükəsizlik meyarı üzrə aşağı yer tutması şəhərin sənaye müəssisələri ilə yüklənmə səviyyəsinin yüksək olmasından irəli gələ bilər. Belə ki, Azərbaycan əhalisinin 40, ölkənin sənaye potensialının isə 70 faizə yaxını paytaxtda yerləşir. Bakı dünyanın nadir şəhərlərindəndir ki, orada böyük neft emalı müəssisələri yerləşir. Min hektarlarla sahəni əhatə edən emal zavodu paytaxtın havasını çirkləndirən əsas mənbələrdən biridir. Şəhərin əksər ətraflarında neft-qaz istehsalı həyata keçirilir. Bu, Bakının ekologiyasına mənfi təsir göstərən digər mühüm amildir. Son on ildə neftlə çirklənmiş min hektarlarla ərazi təmizlənərək yaşıllıqlar salınıb. Proses hazırda da davam edir. Bəzi ekspertlər prosesin dövlət tərəfindən stimullaşdırılması kimi təkliflərlə çıxış edirlər. Son illərdə bir neçə dəfə ölkə rəsmiləri bu təkliflərin reallaşması istiqamətində tədbirlər hazırlandığını bəyan etsələr də, hələlik ortada real nəticə yoxdur. Böyük ehtimalla, “The Economist”in tədqiqat qrupu bu kimi problemləri nəzərə almaqla Bakıda ekoloji təhlükəsizliyi aşağı qiymətləndiriblər.
Dünya SAKİT,
“Yeni Müsavat”

