30 illik “xəyalın sonu” – Xankəndində matəm, Şuşada çal-çağır…
Qabil Hüseynli: “Ermənilər üçün ciddi müqayisə imkanları yaranır-İşğaldakı qaranlıq, susuz, miskin Xankəndi ilə işğaldan azad olmuş işıqları bərq vuran Şuşa yan-yanadır”
Torpaqlarımızı işğal edərək özlərinə “müstəqillik xəyalları” quran ermənilər son 30 ildə ilk dəfə “Artsaxın müstəqillik günü”nü yarıqaranlıq, yarısusuz Xankəndində “qeyd edirlər”. Ermənistanın bir neçə deputatının mandatlarından istifadə edərək Xankəndinə gəlməsi bu göz yaşı içərisində qeyd edilən “bayram”a yeni rəng vermir.
Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi. Amma indi, müharibədəki məğlubiyyətdən sonra ermənilər Qarabağa gedən yolun rus sülhməramlılarının nəzarəti altında olduğunu, onlara Azərbaycan hərbiçilərinin texniki vasitələrlə “nəzarət etdiyini”, onların Ermənistandan gələn hər bir şəxsi gördüyünü qeyd edirlər.
Amma matəm bununla bitmir. Bu il Ermənistan baş naziri və prezidenti hələ də sentyabrın 2-də qeyd olunan Qarabağın “müstəqilliyinin” ildönümü ilə bağlı müraciət yaymayıb. Sadəcə, sosial şəbəkədə qısa status yazmaqla kifayətləniblər.
1991-ci ilin məhz bu günündə Qarabağ “parlamenti” Azərbaycandan müstəqilliyini elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub. Ermənilərin ağlaşması fonunda isə 11 kilometrlik məsafədə yerləşən Şuşada bayram əhvalı var. Ermənistanda nəşr edilən “Hraparak” qəzeti Azərbaycanın Şuşa şəhərində genişmiqyaslı tikinti-abadlıq işlərindən, Şuşanın işıqlarının gecələr hətta Xankəndindən göründüyünü yazır. “Yol və tuneldən əlavə yüksək gərginlikli elektrik stansiyası da tikilib. Şuşaya aparan yolda, hələ sovet illərində tikilmiş və Şuşanı qidalandıran yarımstansiyanın bir neçə metrliyində cəmi bir neçə ay ərzində yeni yarımstansiya tikilib, indi bu yarımstansiya Şuşanı elektriklə qidalandırır və şəhəri işıqlandırır. Azərbaycan işıqları ilə möhtəşəm şəkildə işıqlandırılmış Şuşa şəhəri indi hətta Stepanakertdən (Xankəndi, – red.) görünür. Ruslar isə Azərbaycan hərbçilərinin baxışları altında Xankəndinə keçib gedənlərin pasportlarını yoxlayır”, – qəzet yazır.
Ermənilər Şuşanın sayrışan işıqlarına yana-yana baxmaqdadırlar, amma digər tərəfdən də qaranlıqda “müstəqillik”, “status” deyə, donquldanırlar, “bayramlarını” isə bu dəfə qəbiristanlıqda qeyd edirlər. Revanşist qüvvələr isə hətta bu vəziyyətdə də müharibədən dəm vurur. 44 günlük müharibədən əvvəl də “yeni ərazilər”dən danışırdılar. Nəticə ortadadır. Lakin belə görünür ki, keçən il aldıqları zərbə onlara dərs olmayıb.

Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində baş verən dəyişikliklərlə Xankəndində və ətraf ərazilərdə ermənilərin miskin görünüşü onlara bir daha seçim etmək, düşünmək və normal yaşamaq üçün özlərinin “müstəqillik rəmzi” hesab etdikləri əski parçasının deyil, Azərbaycanın bayrağını öpməkdən başqa yol qoymur: “Artıq işğaldan azad olunmuş ərazilərin necə sürətlə abadlaşdırıldığını, bu prosesin necə getdiyini və nəticələrini erməni mediası yazmağa, etiraf etməyə başlayıb. Onlar üçün ciddi müqayisə imkanları yaranır. İşğaldakı qaranlıq, susuz, miskin Xankəndi ilə işğaldan azad olmuş işıqları bərq vuran Şuşa yan-yanadır. Ermənilər hər ikisinə baxıb fərqi görürlər. Bu vəziyyəti artıq ermənilərin məşhur qəzetləri də yazmağa başlayırsa, ermənilər bundan nəticə çıxarmalıdırlar. Yaşadıqları Xankəndini də inkişaf etmiş, zülmətdən çıxmış şəhər olaraq görmək istəyirlərsə, Azərbaycan vətəndaşlığını, Azərbaycan qanunlarını qəbul etməkdən başqa yolları yoxdur. Nə qədər ki, gec deyil, məhz işıqlı tərəfə keçmək elə ermənilərin öz gələcəklərini xilas etmələri olar. Əks halda, həmin ermənilərin gələcəyi daha qaranlıq və fəlakətli olacaq”.
“Xankəndində separatçıların keçirdiyi tədbirə yas mərasimi kimi baxmaq lazımdır. Hamıya aydındır ki, II Qarabağ müharibəsi nəticəsində Ermənistan dövlətçiliyinin əsas siyasi layihəsi olan ”Miatsum” – Azərbaycan torpaqlarını Ermənistana anneksiya etmək planı darmadağın olub”.
Bunu Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sentyabrın 2-də Xankəndində separatçıların guya müstəqilliklərinin 30 illiyi ilə bağlı keçirdiyi tədbir haqqında danışarkən deyib. Diplomatın sözlərinə görə, indi Ermənistan daxil olmaqla, heç kəs inanmır ki, Azərbaycan ərazilərində anneksiya həyata keçirmək mümkündür: “Bizə qarşı ərazi iddiaları irəli sürülən dövrdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 127 min erməni yaşayırdı. Mən SSRİ-nin 1987-ci il statistikasına istinad edirəm. Müharibədən qabaq deyilirdi ki, orada vur-tut 50-60 min erməni qalıb. Demək olar ki, onların yarısı müharibədən qabaq qaçıb. II Qarabağ müharibəsi dövründə də oradan kifayət qədər erməni qaçdı. Sonradan guya onların hamısının Xankəndi və digər yaşayış məntəqələrinə qayıtdığı iddia olunurdu. Amma son rəqəmlər belədir ki, orada cəmi 20-25 min erməni yaşayır. Yəni əhalisinin azalması baş alıb gedir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

