Sosial 

İntiharların kökündə dayanan səbəblər: Yaşamaqdan doymaq, yoxsa?..

Ötən dövrlərlə müqayisədə, 2021-ci ildə intiharla bağlı xəbərlərə, görüntülərə istər sosial şəbəkələrdə, istər qəzet və saytlarda, istərsə də televiziya verilişlərində çox rast gəlirik. “Universitetə girə bilməyən gənc çıxış yolun intiharda gördü”, “İşin itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı”, “Sevdiyi qızın nişanlandığı eşidən gənc özünü asdı” və digər bu kimi faciəvi başlıqlara xəbər lentlərində çox təsadüf edirik. Əslində, bu  cür başlıqlı xəbərlər həm informasiyadır, həm də cəmiyyətə bir “SOS”dur ki, vəziyyət bu cür acınacaqlıdır. İntihar yaşı getdikcə gəncləşir, səbəbləri primitivləşir, sayı isə artır…

Qəribədir, elə bil təkcə COVID-19 deyil, intihar etmək də yoluxucu xəstəlik kimi yayılır. Görəsən, insanların yaşamaqdan, həyatdan doya bilmədiyi halda, necə olur ki, intihar edənlər həyatdan  qopmağı, həyatı acı, ölümü şirin bilməyi, yaşamağı çarəsizlik, ölümü isə çarə kimi görməyi belə tez və rahat bacarırlar? Səbəb nədir?

Ümumdünya Səhiyyə Təşkilatı intiharın 800 səbəbini göstərmişdir. Bunlardan 41%- məlum deyil, 19% cəzalanmanın qorxusuna görə, 18% ruhi xəstəliyə, 18% evdəki məhrumiyyətlərə, 6%- ehtirasa, 3% pul itkisinə, 1,4% -i həyatdan doyduğuna, 1,2%-i fiziki xəstəliyə görə intiharı seçirlər. Doğrudur, bu səbəblərin hamısı deyil və nəzərə alsaq ki, insanların yaşına görə də onların özünü öldürmə səbəbləri müxtəlifdir. Məsələn, öz məhəbbətinə cavab almayanda və ya xəyanətlə üzləşəndə 16 və 16 yaşa qədər olan insanlar arasında bu səbəbdən intihar halları daha çoxluq təşkil edir. Lakin 25 yaşdan sonra bu səbəbdən intihar edən edənlərin sayı çox az olur.

İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, özünü öldürənlərin arasında məktəbli və yeniyetmə, ailədə məişət zorakılığının qurbanları (bunların arasında qadın, uşaq, hətta kişilər də var), əlil, təqaüdçü, ruhi xəstə, hərbçi, məhbus və s. vardır. Son zamanlar isə intihar hallarının gəncləşməsi, yəni uşaqlar və gənclər arasında sui-qəsd hallarının daha çox baş verməsi narahatedici məqamlardandır.

Yaşamaqdan doymadığımız həyatdan bu cür asanlıqla necə imtina etmək olar? Problemin kökündə duran psixoloji amillər nələrdir?

“İki sahil” sözügedən məsələ ilə bağlı mütəxəssislərin yanaşmasını təqdim edir:

Ümidsizliyin, çarəsizliyin göstəricisi

Gənc Psixoloqlar İctimai Birliyinin sədri Orxan Oruc sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, intihar çox mürəkkəb bir prosesin nəticəsidir. Burada kompleks məsələlər var, yəni konkret hansısa psixoloji, iqtisadi, sosial problemlə bağlamalı deyilik. Ümumiləşdirsək deyə bilərik ki, intihar insanın ümidsizliyinin, çarəsizliyinin göstəricisidir. Özünəqəsdin kökündə duran səbəblər isə şəxsə, onun həyat tərzinə, başına gələn hadisələrə, ətrafdakı insanların ona olan münasibətinə, iqtisadi və sosial vəziyyətdən asılı olaraq dəyişir. Bütün intiharların səbəbləri eyni deyil, hər kəsdə fərqli olur. Hətta bu intiharların içində “demonstrativ intihar” növü də var, yəni, nümayişetdirmə. Adətən bu cür intiharlar “uğurla” nəticələnmir. Yəni ölümlə bitmir. Çünki bu intihar növünü seçən şəxslər kimisə təhdid, şantaj etmək və yaxud da kimdənsə nəyisə almaq, əldə etmək, məqsədinə çatmaq üçün bu addımı atırlar. Anlaqsız durumda həyata keçirilən intihar növləri də olur. Yəni affekt vəziyyətində planlaşdırılmamış və düşünülməmiş addımlar atmaqla insanlar intihara yönəlir  və çıxış yolunu özünəqəsddə görürlər.  Bəzən bu intihar cəhdindən xilas olmuş insanlar deyirlər ki, həmin an nə etdiklərinin fərqində deyillər. Ona qədər də bu cəhdi edən şəxslərdə intihar düşüncəsi olmayıb, bundan sonra da intihar fikri yaranmır, sadəcə olaraq həmin an keçirdiyi stressin, yaşadığı hadisənin affektiv təsiri ilə belə bir addım atırlar.”

Orxan Orucun sözlərinə görə, intihara cəhd edib ölümlə nəticələnməyən insanların sayı kifayət qədər çoxdur. Təəssüf ki, biz bugünkü mediada mətbuatda tez-tez intihar xəbərləri ilə rastlaşırıq ki, bu, sırf ölümlə nəticələnən intiharların xəbərləridir. Nəzərə alsaq ki, ölümlə nəticələnməyən intihar cəhdləri də olur. Faciəvi sonluqla bitmədiyi üçün mediaya çıxmır və ictimaiyyətin də həmin intiharlardan xəbəri olmur.

Mütəxəssis vurğuladı ki, intihara cəhd edən, meyilli olan şəxslərlə mütləq şəkildə psixoloji iş, maarifləndirmə tədbirləri həyata keçirilməli, həmin insanların intihar düşüncələrinin kökündə nələrin dayandığı təhlil olunmalıdır. Şəxsin psixoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində atıla biləcək addımlar düşünülməlidir ki,  həmin şəxsin intihar düşüncəsi yenidən aktivləşməsin, yenidən özünəqəsd cəhdləri olmasın.

Media intihar xəbərlərinin yayılmasında diqqətli olmalıdır

Müsahibimiz xatırlatdı ki, media intiharla bağlı xəbərləri tirajlamaqda diqqətli və ehtiyatlı olmalıdır: “Çünki intihar xəbərlərini davamlı və detallı yayımlamaqla intihar cəhd edəcək potensial insanların sayını çoxaltmış oluruq. Bu isə affektiv vəziyyətli və yaxud hər hansı bir psixoloji, emosional gərginliyi olan,  stressli şəxslərə seçim yolu kimi intiharı “örnək” göstərir. Bu  xəbərlər xüsusən də abituriyentlər, yeniyetməlik dövrünü yaşayan şəxslər üçün önəmlidir. Bəzi insanlar bu kimi xəbərləri oxuyurlar və onların beyinlərinin bir küncündə çıxış, alternativ yollarından biri  kimi intihar qalır. Hər hansı bir çətin vəziyyətdə də dərhal həmin addımı atırlar. Ona  görə də intiharların gəncləşməsinin bir səbəbi belə xəbərlərin detallı şəkildə yayılması, medianın, sosial şəbəkələrin uşaqlar, yeniyetmələr, gənclər üçün kifayət qədər əlçatan olmasıdır. Bəzən nəinki intihar xəbəri, hətta intiharın növü, hansı formada həyata keçirilməsi ilə bağlı videogörüntülər yayımlanır. Bu isə həssas dövrdə olan yeniyetmə və gənclər üçün bir növ təqlidedici xarakter alır. Hətta bunla bağlı psixoloji ədəbiyyatda “verter” effekti var. Həmin effektə  görə şəhərdə, icmada, zonada baş verən intiharın xəbər kimi yayılması ona bənzər  və təkrarlanan ardıcıl intiharların baş verməsinə gətirib çıxarır.”

Mütəxəssis əlavə etdi ki, bu kimi xəbərlərin yayılmasının qarşısını almaq lazımdır. Ata biləcəyimiz ən effektiv addım budur. Bundan başqa, cəmiyyət olaraq insanlar arasında münasibətlərdə diqqətli olmalıyıq. Xüsusən də, gənclər, yeniyetmələr, çarəsiz, ümidsiz qalmış insanlara olan münasibətdə diqqətli olmalıyıq. Həmişə ağlımızın bir köşəsində saxlamalıyıq ki, yanlış münasibət onun intiharı ilə nəticələnə bilər. Bunu düşünsək yəqin ki, hər zaman atdığımız addımlarda da, digər insanlara olan münasibətlərimizdə daha diqqətli olarıq. Həmin diqqətimiz isə emosiyalarımızı idarə etməyə, münasibətlərdə qarşı tərəfə daha anlayışla yanaşmağımıza köməklik edə bilər.

Depressiyanın ağırlaşmış formalarında yaşamaq istəyi tamamilə itir

Mərkəzi Klinik Xəstəxananın uzman psixiatrı Azər Bağırov isə “İki sahil” açıqlamasında bildirdi ki, intiharların kökündə duran əsas amil psixiatrik xəstəliklərdir. Bunlardan ən sıx görünəni isə depressiyadır. Depressiyanın irəli, ağırlaşmış formalarında həyat və yaşamaq istəyi tamamilə itdiyi üçün yaşamaq  insanlara ağır yük kimi gəlir və daşıya bilmirlər. Nəticədə intihar planları qururaq həyatlarını sonlandıra bilirlər.

A.Bağırov əlavə etdi ki, intiharın digər növü var ki, göz qorxutmaq məqsədi ilə  edilir. Bu, daha çox yeniyetməlik yaşlarında, gənclərdə və qadınlarda müşahidə edilir. Kişilərin intiharı daha çox odlu silahlarla və yaxud da ki, öldürücülüyü yüksək vasitələrlə həyata keçirildiyi üçün kişilərdə  intiharın ölümlə sonlanma səviyyəsi daha yüksək olur. Amma,  qadınlarda intiharlar daha çox anlıq reaktiv yəni, hadisəyə əsəb reaksiyası ilə özünə zərər vermək olur. Bu halda zərərvermənin ciddiyyəti nisbətən aşağı olur, ölümlə sonuçlanmadan müəyyən xəstəxanaya düşmə, mədəsinin yuyulması və s. şəkildə keçə bilir.

Həmsöhbətimizin sözlərinə görə, istər ciddi, istərsə də nisbətən daha yüngül intihar cəhdləri olsun ciddiyə alınmalı, həmin şəxs mütləq şəkildə psixiatra yönləndirilməlidir. Çünki intihara cəhdin kökündə duran səbəbələr müalicə olunmasa, həmin şəxslər intihara cəhdi təkrarlaya bilərlər.

Yeniyetmələrdə və gənclərdə intihar cəhd çox vaxt çarəsizlik hissiyatı ilə bağlı olur

Mütəxəssis qeyd etdi ki, intihar yaşının gəncləşməsində bu hadisənin işıqlandırılmasının da rolu var. Yəni, intiharla bağlı olaylar gözdən qaçmır. Əvvəllər intihar hadisələrindən çox xəbərimiz olmurdu, indi isə məlumatlı oluruq.  Yeniyetmələrdə və gənclərdə isə intihar cəhdi çox vaxt çarəsizlik hissiyatı ilə bağlı olur. Məsələn, imtahandan keçə bilməyən, ali məktəbə qəbul ola bilməyən abituriyent bunu dünyanın axırı kimi hiss edirlər. Bundan sonra həmin yeniyetmələr yaşamağın bir mənası yoxmuş kimi məntiqsiz düşüncəyə qapıla bilərlər. Çarəsizlik hissi ilə özünəqəsd etməyə çalışa bilərlər. Yaxud sevgilisini ayrılmış yeniyetmələr, gənclər onsuz həyatın mümkünsüzlüyü düşüncəsinə özlərini yönləndirirlər və intihara baş  vururlar. Bu kimi uğursuzluqlar, istədiyi şeyin olmaması gəncləri intihara meyilləndirə bilir. Manipulyasiya məqsədilə intiharda isə yeniyetmələr daha çox ailəni qorxutmaq və daha çox öz tələblərini onlara qəbul etdirmək üçün bu üsuldan istifadə edirlər. Burada artıq xarakter patalogiyasından danışılır. Çünki artıq manipulyasiya səbəbi ilə  özünə zərər vermək çox asan bir şey deyil. Nəticədə bir yerlərini kəsir, özünə ziyan vurur, incidir. Çox vaxt bu yeniyetmələrdə qolda dərin olmayan kəsik izləri  görürük. Artıq ailə də bilir ki, uşağın istədiyi şeyi etmədikdə, onu əsəbləşdirəndə artıq özünə zərər verməyə cəhd edə bilər. Belə olan halda uzunmüddətli xarakter patalogiyasına yönəlik müalicə aparılmalı, psixoterapiyalardan istifadə olunmalıdır.

Daha çox xəbərlər