“Bir millət, iki dövlət”dən Ermənistana və havadarlarına son xəbərdarlıq
Tarixi şablonlardan əl çəkmək istəməyən ermənilər növbəti dəfə dəmir yumruq altında əzilə bilərlər; tarix təkrar olunur, Türkiyənin siyasi hakimiyyətindən Azərbaycan Ordusunun rəhbər şəxslərinə böyük etimad; “Şuşa Bəyannaməsi artıq icra edilməkdədir”
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədə davam etməkdədir. Bir-birinin ardınca iki qardaş ölkənin “Bir Ordusu” təlimlər keçirir ki, bu da düşmənlərin bağrını yayır, Pakistan kimi, dost və qardaş ölkələri isə sevindirir.
Xəbər verildiyi kimi, Türkiyə və Azərbaycan ötən il Ermənistanın işğalından azad edilən Laçın rayonu ərazisində birgə hərbi təlimlər keçirdilər. Bunun ardınca Türkiyə-Pakistan-Azərbaycan “Üç Qardaş” hərbi təlimlərinə başladılar və bu, davam edir. Eyni zamanda Konyada Azərbaycan və Türkiyənin döyüş təyyarələrinin birgə təlimləri keçirilir. Azərbaycan Ordusunun rəhbər şəxslərinin qardaş ölkəyə səfəri və keçirdiyi görüşlər də ciddi rezonans doğurub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan müdafiə naziri Zakir Həsənovu və Baş Qərargah rəisi Kərim Vəliyevi qəbul edib. Qardaş ölkənin siyasi rəhbərliyinin Azərbaycanın hərbi qurumunun rəhbər heyətinə göstərdiyi böyük diqqət və etimad rəğbətlə qarşılanıb. Xatırladaq ki, təxminən bu formatda görüş ötən il 11 avqust tarixində də olmuşdu. O zaman XİN başçısı Ceyhun Bayramov, müdafiə naziri Zakir Həsənov cənab Ərdoğanla görüşmüşdülər. Görüşdə Türkiyə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edirdi. Həmin vaxt görüşdən yayılmış fotolara baxdıqda aydın görünürdü ki, bu, diplomatik təmasdan çox, savaşöncəsi son məsləhətləşmələrə, hazırlıqların dəyərləndirilməsinə bənzəyir. Proqnoz özünü doğrultdu: bu görüşdən ay yarım sonra İkinci Qarabağ müharibəsi, Vətən Müharibəsi başladı və qələbə ilə yekunlaşdı. Ötən il Ceyhun Bayramovla Zakir Həsənovun Türkiyəyə səfəri, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, yüksək çinli rəsmilərlə görüşləri Bakı-Ankara münasibətlərinin yeni mərhələyə keçdiyini tam ortaya qoydu. Azərbaycan ictimaiyyəti anladı ki, böyük bir proses başlayıb.
Həmin prosesin bizi qələbəyə aparacağına kimsə şübhə etmirdi. Üstəlik, R.T.Ərdoğanın Tovuza təcavüz etmək istəyən işğalçıya sərt xəbərdarlıq məzmunlu “bu, Ermənistanın boyunu aşan hücumdur”, deməsi qardaş ölkənin Azərbaycanın yanında olacağına şübhə yeri qoymurdu. Məhz Tovuz döyüşlərindən sonra Türkiyə və Azərbaycanın birgə təlimlərə başlaması da düşmənə xəbərdarlıq xarakteri daşıyırdı, amma dərs olmadı, cavabını da aldı. Türkiyə ilə Azərbaycan ordularının ölkəmizdə birgə hərbi təlimləri o vaxt başlamışdı ki, Azərbaycan xalqı Qarabağı və digər işğaldakı torpaqları azad etmək üçün böyükdən-kiçiyə ayaqda idi. Millət küçələrdə axışıb: “Ali Baş Komandan, silah ver bizə”, – deyə hayqırırdı. Millətimiz çox qəzəbliydi, Ermənistanın xain hücumu nəticəsində general Polad Həşimov və digər döyüş yoldaşları şəhid olmuşdu. Torpaqların on illərlə işğalda qalması, düşmənin xain hücumu azərbaycanlıları Ermənistana qarşı səfərbər etmişdi. Millət nifrət və qisas hissi ilə alışıb-yanırdı, orduya könüllü yazılanların sayı-hesabı yox idi. Ötən il nazirlərimizin Ankara səfərindən bir gün sonra, avqustun 12-də Türkiyə milli müdafiə naziri Hulusi Akarın, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfər etməsi növbəti sürpriz hadisə oldu. Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyətinin səfərinin səbəbi Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləmək idi…
Budur, tarix təkrarlanır, özü də Qafqaz İslam Ordusunun Azərbaycanın paytaxtını daşnaklardan təmizləməsinin 103-cü ildönümündə. Məhz bu ərəfədə müdafiə naziri və Baş Qərargah rəisinin R.T.Ərdoğanla görüşü sıradan bir protokol təması deyil heç şübhəsiz. İntuisiya və təcrübə deyir ki, mütləq bunun ardından dağ seli gələcək. Qeyd etdiyimiz kimi, müharibədən öncə də, müharibədən sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ara vermədi. Hazırda Pakistanın iştirakı isə prosesə bir başqa rəng və məntiq qatır. Bu arada, bu görüşlər Türkiyə Türk Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlığına 4 türk generalını təyin edilməsindən sonraya təsadüf edir. Generallar Bahtiyar Ersay, Abdullah Qatırcı, Ender Güner və Zekeriye Yalçındır. Xüsusi Komandanlıq Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Lakin yerli mediada onun bu günə qədər daha aşağı rütbəli zabitlərlə təmsil olunduğu qeyd edilir. Bir sözlə, tam bir savaş hazırlığı müşahidə etməkdəyik, həlledici savaş həm də… Ermənistanda qorxu və təşviş qarışıq savaş ritorikasının davam etməsi, ayrı-ayrı “xaric” notlar, Qarabağdakı silahlı quldurların torpaqlarımızdan cəhənnəm olub getmək istəməməsi, İrəvanın 10 noyabr anlaşmasına əməl etməkdən yayınması da növbəti dərsi zəruri edir. Konkretləşdirsək, Şuşa Bəyannaməsinin işə düşməsi an məsələsidir.

Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Vətən müharibəsi dövründə Azərbaycan cəbhədə əldə etdiyi üstünlüyə baxmayaraq, Rusiya tərəfinin vasitəçiliyini qəbul edərək 10 noyabr razılaşmasını imzaladı: “Halbuki bütün işğalda olan torpaqları azad etməyə Azərbaycanın kifayət qədər hərbi potensialı var idi. 10 noyabr razılaşmasına əsasən, tərəflər Rusiyanın vasitəçiliyi ilə üzərlərinə öhdəliklər götürmüşdülər. Azərbaycan bu öhdəliklərə əməl etdi. Ermənistan isə yenidən revanşizmə, hərbi eskalasiyanın artırılmasına üstünlük verdi. Rusiya tərəfi isə yenidən Ermənistanı silahlandırmağa, Azərbaycanla müharibəyə hazırlaşmağa üstünlük verdi”. Deputat qeyd etdi ki, belə bir şəraitdə Azərbaycanın öz strateji nüttəfiqləri ilə əməkdaşlığı gücləndirməsi, hər an müharibəyə hazır olması zərurəti meydana çıxır: “Əgər Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina etsə, atəşkəsi pozmağa, revanşist bəyanatlar verməyə davam etsə, Azərbaycanın başqa yolu qalmır”.

Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, çox maraqlı proseslər baş verir: “Heç kimin şübhəsi olmasın ki, bunun ardı da yaxın müddətdə gələcək. Türkiyədə keçirilən görüşlərin məqsədi və məramı da ondan ibarətdir ki, genişmiqyaslı olmasa da, antiteror əməliyyatlarına ehtiyac var və olacaq. Bunu etməyə bizə söz verib, amma sözlərinin üstündə durmayan, separatçıları dəstəkləyən bəzi yaxın-uzaq güclər məcbur edirlər. Böyük anlamda müharibə olmayacaq, ancaq erməni-tör-töküntülərinə qarşı güc tətbiqi qaçılmazdır. Bu məsələni də yenə sırf Azərbaycan Ordusu və Silahlı Qüvvələrimizin digər qoşun bölmələri həyata keçirəcəklər. Qardaş Türkiyə ordusu isə ehtiyat qüvvə kimi yanımızda və arxamızda, loru dillə desək, “dağ kimi” duracaq”. Polkovnik düşmənin alternativ yol qoymadığını vurğuladı: “Çox təəssüflər olsun ki, Ermənistan və ona havadarlıq edən güclər Azərbaycana başqa yol saxlamadılar. Artıq 1 ilə yaxındır ki, 44 günlük Vətən savaşından sonra bölgəyə sülhməramlı adı ilə dəvət olunmuş qüvvələrin siyasi-hərbi rəhbərliyi bizə söz vermişdi ki, məsələ öz həllini tapacaq, sən demə, bu da növbəti bir hiylə və fırıldağın bir növüymüş. Necə deyərlər, atalar 3-dən deyib. 2016-cı ildə bir söz verildi, əməl olunmadı, 2020-də yenidən dövriyəyə erməni sevdalılar girdi və yenə eyni mənzərə… Bu dəfə isə yəqin ki, Azərbaycan dövləti tərəfindən sonuncu və həlledici addımların şahidi olacağıq. Onu xüsusi olaraq vurğulamaq istərdim ki, qardaş Türkiyə Respublikası hər zaman Azərbaycanda ən yüksək səviyyədə – generallar səviyyəsində təmsil olunub və bu, 90-cı illərdən bu yana belədir. İndi bəzi dostlar bunu bir qədər fərqli mənzərədə təqdim etməyə çalışırlar, bu, düzgün deyil. İndi tələblər də, tələbat da artıb, dəyişib, ona görə də 4 cavabdeh-məsul general təyin olunub deyə, kənardan bir qədər başqa cür görünür. Sözsüz ki, çəki artıb deyə, bu da bizi istəməyən qüvvələr arasında böyük panikaya və ajiotaja səbəb olub. Proseslər gedir və yaxşı nəticələrin olacağına yaxın aylarda hamımız şahid olacağıq”.
Ü.Cəfərov Türkiyə və Azərbaycan arasında imzalanan saziş və sənədlərin icra mərhələsində olduğumuzu qeyd etdi: “Demək olar ki, Şuşa Bəyannaməsi artıq icra edilməkdədir və hələ bir sıra digər açıqlanmayan məsələlər də olacaq. Bu, təkcə Qarabağla məhdudlaşmayacaq, biz yaxın aylarda Xəzərlə bağlı da qardaş Türkiyənin bəzi addımlarının şahidi olacağıq. Biz Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, eləcə də digər qoşun birləşmələrimizin də yenidənqurulması və təkmilləşdirilməsinin şahidi olacağıq. Planlar çoxdur və onların çevik, operativ həlli tələb olunur. Ona görə də Türkiyədə keçirilən görüşlərin siyasi əhəmiyyətindən savayı hərbi-siyasi əhəmiyyəti ölçüyəgəlməzdir”.

Qafar Çaxmaqlı
İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı bildirdi ki, keçən ilin bu zamanlarında baş verən siyasi və hərbi proseslərin bu gün də davam etməsinin bir səbəbi var: “Böyük zəfərdən sonra ermənilər yenə dinc durmurlar və Azərbaycan dövlətinin təhlükəsizliyi təmin edilməyib. Ermənistan və onun havadarları yaranan situasiyadan yenə manipulyasiya edirlər, işğaldan azad edilməmiş ərazilərimizdə bizim üçün təhdid ünsürləri aradan qalxmayıb. Buna görə də məsələni kökündən həll etmək üçün tədbirlər görülməlidir. Üç qardaş dövləti – Azərbaycan, Türkiyə və Pakistanı qayğılandıran da budur. Bölgədə aktorluq edən və bəzi hallarda öz maraqlarını təmin etmək üçün bizim çıxarlarımızı heçə sayaraq, özbaşına davranan Rusiyanı konstruktiv mövqeyə gəlməyə məcbur etmək lazımdır. Azərbaycan öz ərazisində öz suveren haqlarını almaq üçün tədbirlər görməkdə bir kimsədən icazə almayacaq. Çünki indi elə bir şərait yetişib”. Q.Çaxmaqlı hər an bölgədə yeni situasiyanın yaranacağını proqnozlaşdırır: “Bu, ərazi bütövlüyünün tam təmin olunmasına qədər gedə bilər. Daha öncə də demişdik ki, Xankəndi və digər ərazilərimizdə erməni silahlı birləşmələrinin mövcudluğu bizi təmin edə bilməz. İkinci tərəfdən, Türkiyənin Xüsusu Komandanlığının da Azərbaycanda müəyyən planlarının olmaması mümkün deyil və 4 Türk generalının burada görəvləndirilməsi Türkiyənin bölgədə hərbi varlığını təmin etmək kimi tədbirlərin görülməsinə aparıb çıxarmalıdır. Burada hərbi bazanın qurulması da Azərbaycanın maraqlarına xidmət edəcəkdir və yeni hərbi ittifaq üçün yol açacaqdır. Fürsətləri məqamında dəyərləndirməliyik”.

Türkiyə hərbi komandanlığı isə Ermənistana, həmçinin havadarlarına növbəti xəbərdarlığını edib. “Bizim ümidimiz və tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışa yol verməməsidir”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini – 2021″ birgə taktiki-uçuş təlimlərində keçirilən ”Yüksək səviyyəli müşahidəçi günü”ndə deyib. Nazir regionda atəşkəsin qalıcı olmasına, stabilliyin təmin edilməsinə ümidvar olduğunu qeyd edib. Deyiləsi bütün sözlər deyilib, düşmən və ağaları qulaqlarını açıb eşitsinlər… Tarixi şablonlardan əl çəkmək istəməyən ermənilər növbəti dəfə dəmir yumruq altında əzilə bilərlər!
Elşad PAŞASOY,
“Yeni Müsavat”

