Gündəm 

“Ala-bula boz keçi”- Azərbaycanda keçiçiliyin inkişafı…

Azərbaycan da daxil olmaqla, sovet respublikalarının demək olar ki, hamısında əhali keçi saxlayırdı – həm südlük, həm də ətlik kimi…

Əsrlərdir inəklər dünyanı süd və ətlə təmin edən əsas ev heyvanı rolunu oynamaqdadır. İnsan oğlu bu heyvanı əhliləşdirdikdən sonra özünün bir çox mühüm məhsullara olan tələbatını ödəməyə nail olub. Lakin son onillikdə dünyanın bir çox ərazilərində süd tələbli nəzərlər sürətlə inəklərdən keçilərə doğru dəyişir. Bu dəyişikliyin isə bir neçə mühüm səbəbi var: birincisi, keçi inəkdən daha az yem tələb edir. Bu isə həm ekoloji, həm də maliyyə baxımından əlverişlidir. Keçiləri inəklərdən önə çıxaran daha bir səbəb südün tərkibinə bağlıdır: keçi südü daha az yağlı, daha çox sulu olmaqla insan oqranizminə daha yaxındır.

Məlumdur ki, dünyada süd və ət istehsalında iri fermer təsərrüfatları ilə yanaşı ailə təsərrüfatları da mühüm rol oynayır. ABŞ əhalisinin 20, Avropa Birliyinin 30 faizini təşkil edən kənd əhalisinin fərdi təsərrüfatlarında milyonlarla baş inək saxlanılır. Bazardakı şərtlər bu təsərrüfatların maddi durumuna ciddi təsir göstərir. Onlar bazarda süd və süd məhsullarına olan tələbatın dəyişməsindən ciddi zərər çəkirlər. Bir müddət bazar təklif bolluğu, ucuzlaşma yaşasa da, növbəti mərhələdə qıtlıq və bahalıq özünü göstərir. Beləliklə, qapalı bir dairə yaranır, inək saxlayan ailə təsərrüfatları böyük itkilərin təsirindən qurtula bilməyərək iflas edirlər. Məsələn, 1992-2018-ci illərdə ABŞ-da 94 min ailə təsərrüfatı ləğv edilib. 2018-ci ildə belə təsərrüfatların sayı 2731, 2019-cu ildə 3261, 2020-ci ildə isə 2550 olub. Belə təsərrüfatların yerini iri holdinqlər tutduğuna görə iflaslar ölkədə ümumi süd istehsalına təsir etməyib. Lakin ailə təsərrüfatlarının nəzərlərinin “bahalı” inəklərdən daha ucuz başa gələn keçilərə yönəlməsinə səbəb olub. Nəticədə son 24 ildə ABŞ-da keçilərin sayı 190 min başdan 440 minə, onların saxlandığı təsərrüfatların sayı isə 15 mindən 35 minə çatıb. Mütəxəssislərin fikrincə, artım sürəti zəif olsa da, davamlıdır və yaxın onillikdə daha da artacaq.

Avropada isə keçiçilik 90-cı illərdən sürətli inkişaf yoluna qədəm qoyub. Hazırda dünyada olan keçilərin 1,9 faizi Avropada yaşayır, lakin onlar qlobal keçi südü istehsalının 15,1 faizini, keçi pendiri istehsalının isə 35,1 faizini təmin edirlər. Avropa Birliyində keçilər daha çox Yunanıstan, Fransa, İspaniya və Rumıniyada yaşayır. Beşinci yerdə son onillikdə keçi südü istehsalını 35,5 faiz artıran Niderland gəlir.

Alimlərin apardığı tədqiqatlar sübut edir ki, keçi südü qida dəyərliliyi ilə yanaşı, dietikliyi və hipoallergenliyi ilə də inək südündən çox irəlidədir. Keçilər inəklərin gedə bilmədiyi ərazilərə çıxaraq otlaya bilir, onlar həmçinin bir sıra bitkilərin toxumlarının yayılmasını təmin edirlər. Keçi peyini isə daha az metan buraxır. Çəkisi 50 kq olan keçi gündə 5 litr, 500 kq olan inək isə 20 litr süd verə bilir. Bir inəyin yediyi ot və yemlə 4 keçini rahat saxlamaq olur.

Keçi südünün ana südünə yaxın olduğunu Azərbaycanda bilməyən yoxdur: ta qədimdən südü quruyan anaların övladlarına keçi südünün verilməsini məsləhət görərdilər. Bu, təsadüfi deyil, çünki keçi südü inək südündən daha yüngül olduğuna görə körpələri mədə-bağırsaq sistemi onu daha rahat həzm edə bilir. Vaxtilə almanlar  keçiləri “kasıbların inəyi” adlandırırdılar. Fransızlar isə bu heyvanların “zəif və xəstə adamların inəyi” adlandırılmasını daha düzgün hesab edirdilər. Sonralar Almaniyada keçiləri “proletar inəyi” adlandırmağa başladılar. Çünki Birinci Dünya müharibəsində və sonrakı ağır illərdə bir çox fəhlə ailələri yalnız keçinin hesabına aclıqdan xilas oldu – inək saxlamaq hər adamın imkanları daxilində deyildi. Eyni vəziyyət 30-cu illərdə, həmçinin Böyük Vətən müharibəsi dövründə SSRİ məkanında yaşanan aclıq zamanı da yaranmışdı: Azərbaycan da daxil olmaqla, sovet respublikalarının demək olar ki, hamısında əhali keçi saxlayırdı – həm südlük, həm də ətlik kimi. Təsadüfi deyil ki, Azərbaycanda ən çox keçi 1945-ci ildə olub – 733,4 min baş keçi var idi. Keçilər qoyun sürüsünün 21,1 faizini təşkil edib. Böyük Vətən müharibəsi illərində kişilərin əksəriyyəti döyüşdə olduğuna görə qadın və uşaqlar inəklərin yemini tədarük edə bilmirdilər. Dağlarda, meşələrdə qidalanan keçi ailələrin ümid yerinə çevrilmişdi.

Maraqlıdır ki, SSRİ vaxtı ölkədə bir dənə də olsun keçi təsərrüfatı yaradılmayıb. Keçiləri adətən qoyunlarla eyni fermada saxlayırdılar. Azərbaycanda 1965-ci ildən başlayaraq 1993-cü ilədək keçilərin sayı kəskin azalıb. 1993-cü ildə bütün kateqoriya təsərrüfatlarda 168,1 min baş keçi var idi. Lakin sonrakı dövrdə – Birinci Qarabağ müharibəsinin ağır təsirləri fonunda sürətlə kasıblayan əhali yenidən keçi saxlamağa üstünlük verməyə başladı. Nəticədə 2000-ci illərə doğru keçi sayında artım sürətləndi və 2014-cü ildə 651,1 min başa çatdı. Sonrakı illərdə isə yenidən azalma başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə keçilərin sayı 613 min 842 başa düşüb. Ölkədə ən çox keçi Naxçıvandadır. Muxtar respublikada 2002-ci ildə 150 min 917 baş keçi olubsa, 2019-cu ildə bu say 197 min 815 başa çatıb.

Ölkədə qoyun və keçi südünün istehsalı bu dövrdə 20,1 min tondan 36,4 tona yüksəlib.

Azərbaycanda ilk ixtisaslaşmış keçi təsərrüfatı 2012-ci ildən yaradılıb. Və bunun təşəbbüskarı həmin dövrdə kənd təsərrüfatı naziri postunu tutan İsmət Abbasov olub. Avropaya səfərlərinin birində keçi təsərrüfatı ilə tanış olan nazir Azərbaycanda da bu təcrübənin tətbiq olunmasına qərar verib. 2013-cü ildə Fransadan(1745 baş) və Niderlanddan(300 baş) “Aqrolizinq” xətti ilə  dünyada ən məşhur keçi növü olan İsveçrə zaanen keçilərinin idxalına başlanıb. Bu keçilər Ağcabədi rayonunda yaradılan “BMS Aqro” MMC-yə lizinq yolu ilə satılıb. 2014-cü ildə isə ölkəyə 3651 baş keçi idxal olunub: Niderlanddan 1916 baş, Fransadan 950 baş, Bolqarıstandan 300 baş. 2015-ci ildə Niderlanddan 4 baş, Rumıniyadan 1050 baş, Rusiyadan 235 baş, Ukraynadan 150 baş, 581 baş Rusiyadan, 2 baş Ukraynadan, 25 baş Türkiyədən keçi idxal edilib. Sonrakı illərdə keçi idxalı bir neçə yüz baş civarında olub, 2021-ci ilin birinci yarısında isə ümumiyyətlə, olmayıb.

Ketchi" markasının sahibi barəsində cinayət işi başlanıb - YENİLƏNİB |  marja.az

Hazırda Azərbaycanda bir dənə də olsa keçi təsərrüfatı yoxdur. Belə ki, Ağcabədidəki təsərrüfatda keçilərin sayı 4 minə qədər artırılıb, MMC-nin məhsulları “Ketchi” adı ilə ölkə bazarına çıxarılıb. Hətta Birinci Avropa Oyunları zamanı iştirakçı idmançılara bu məhsullardan verilirdi. Satışda keçi südünün litri 6 manata, pendirinin kiloqramı isə 15-20 manata  təklif olunurdu. Lakin 2018-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi MMC-nin keçi südü məhsullarında brüselyoz xəstəliyinin törədicilərinin tapıldığını açıqlayıb. MMC isə bu məlumatı təkzib edib. Lakin əldə etdiyimiz məlumata görə, “BMS Aqro”nun təsərrüfatında brüselyoz xəstəliyi həqiqətən yayılıb, xeyli sayda heyvan tələf edilib. Görünür, məhsul istehsalında xəstə heyvanların südündən də istifadə olunub. Hər halda, əldə etdiyimiz məlumata görə, təsərrüfatdakı xəstə keçiləri tələf etmək əvəzinə evlərinə aparan işçilər xəstəliyin daha geniş yayılmasına səbəb olublar…

2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi  “BMS Aqro” MMC-nin sahibi Mülhazil Balakişiyev barəsində cinayət işi qaldırıb. Prokorurluğun yaydığı məlumata görə, istintaq-əməliyyat tədbirləri nəticəsində Mülhazil Balakişiyevin digər şəxslərlə qabaqcadan əlbir olaraq  “Aqrolizinq” ASC tərəfindən ona etibar edilmiş 1 milyon 109 min avro (həmin dövrün məzənnəsi ilə 1 milyon 76 min manat) məbləğində pul vəsaitini mənimsədiyi aşkarlanıb və o, həbs edilib. M.Balakişiyevin həbsi təsərrüfatın da sonunu gətirib.

“BMS Aqro”dan sonra İmişlidə də zaanen keçilərindən ibarət təsərrüfatın yaradılmasına dair məlumatlar yayılmışdı, lakin əldə etdiyimiz məlumata əsasən, o təsərrüfat da uğursuzluğa düçar olub.

Keçiçilər Assosiasiyasının rəhbəri olmuş Elşən Süleymanovun dediyinə görə, Azərbaycanda keçiçiliyə zəruri diqqət yetirilmir: “Düzdür, xaricdən gətirilən damazlıq keçinin dəyərinin 60 faizini dövlət ödəyir. Amma sahənin inkişaf etdirilməsi üçün bu, çox azdır. Avropada, elə qonşu Türkiyədə keçidən alınan südə, balaya görə də fermerə subsidiya verilir, keçilərin vaksinasiyası pulsuz həyata keçirilir. Dövlət bu sahənin inkişafına xüsusi maraq göstərir, çünki artıq bütün dünyada keçi südünün insan orqanizmi üçün daha faydalı, keçinin özünün saxlanmasının daha səmərəli olduğunu görürlər. Azərbaycanda isə nə investorlar, nə də dövlət qurumları hələ bu reallığı layiqincə qiymətləndirə bilmir. Bu gün bizdə keçini kasıblar saxlayır, az yem tələb etdiyinə görə. Varlı şirkətlər – hansılar ki, böyük heyvan təsərrüfatları var – keçilərə maraq göstərmirlər. İnək daha çox süd, daha çox ət verir. Amma reallıq budur ki, keçi südü məhsulları bazarı boşdur Azərbaycanda. İrəli durub 20-30 min başlıq bir təsərrüfat yaradan olsa, çox böyük qazanc əldə edəcək”.

E.Süleymanov Azərbaycanda keçilərin sayına dair rəsmi statistik rəqəmləri real hesab etmir: “Mən Azərbaycanı başdan-ayağa gəzmişəm. Bizdə açıqlanan qədər keçi yoxdur, düzü, anlamıram o rəqəm haradan götürülüb. Amma keçiçiliyin inkişafı üçün real şərait var ölkəmizdə. Sadəcə, dövlətin zəruri dəstəyi olmalıdır ki, investorlarda maraq yaransın”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Daha çox xəbərlər