Əsas səhifə 

“Əsrin müqaviləsi” Azərbaycanı beynəlxalq iqtisadi subyekt kimi bütün dünyaya tanıtdı

XX əsr iqtisadi tarixdə neft və qazın dünya iqtisadiyyatının inkişafının əsas energetik qüvvəsi olduğu əsr kimi yadda qaldı. Dünyanın enerji, istilik və elektrik istehlakının üçdəikisi neft qaz sektorunun payına düşürdü. XX əsrin sonu, XXİ əsrin əvvəllərinin hadisələri göstərdi ki, yanacaq-enerji kompleksi bizim ölkəmizin təkcə iqtisadi inkişafı üçün deyil, həm də dövlətlərarası iqtisadi və siyasi əməkdaşlığın möhkəmlənməsində çox güclü milli amil rolunu oynadı. XX əsrin sonunda Azərbaycanın bu amildən maksimum yararlanması müstəqil dövlətimizin var olması üçün həyati əhəmiyyət kəsb etdi. Bu, ulu öndər Heydər Əliyevin dühası, zəkası, uzaqgörənliyi, cəsarəti və iradəsi sayəsində baş verdi.

Ötən əsrin 40-cı illərində Azərbaycan neftinin pik həddə çıxarılması 60-cı illərdə quruda neft hasilatının sürətlə azalmasına gətirib çıxarmaqda idi. 1941-ci ildə pik həddə – 23 mln ton neft çıxaran Azərbaycanın sonrakı illərdə iqtisadiyyatının 80%-dən çoxu bu sənayedən asılı vəziyyətə düşmüşdü. Belə bir şəraitdə 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində dənizin dərin qatlarından tapılan neft ehtiyatları sonralar müstəqil Azərbaycanın dirçəlməsinin müstəsna iqtisadi mənbəyi rolunu oynadı.

SSRİ-nin dağılması ərəfəsində və qırmızı imperiyanın süqutu illərində Azərbaycanın neft sənayesi özünün ən acınacaqlı günlərini yaşayırdı. Təsəvvür edin ki, 80-ci illərin sonunda quruda neft ehtiyatlarının 87%-i, dənizdə isə 59%-i artıq çıxarılmış, yeni texnologiyalar isə yox dərəcəsində idi.

Azərbaycan 1991-ci ildə siyasi müstəqilliyini elan etsə də iqtisadi müstəqillik yox dərəcəsində idi. Siyasi müstəqillik iqtisadi asılılıq şəraitində mümkün deyil. Bu, aksiomadır.  Ümumiyyətlə, 1991-1993-cü illərdə Azərbaycan iqtisadiyyatı sürətlə dağılan və dənizdə batan bir gəmini xatırladırdı. ÜDM hər il 20% azalır, illik 1700 %-lik inflyasiya, 1 ildə milli valyutanın 243 dəfə ucuzlaşması və s. həmin illəri xarakterizə edir.

Belə bir şəraitdə ölkənin xilas etməyin yeganə yolu Ermənistanla müharibəni dayandırmaq və iqtisadiyyatı bərpa etmək idi. İqtisadiyyatın bərpası üçün isə əsas mənbə neft idi, çünki bütün iqtisadi əlaqələr qırılmış, dövlətin əlində olan iqtisadiyyat tamamilə iflic vəziyyətdə idi.  Lakin neftin çıxarılacağı Xəzərin hüquqi statusunun müəyyən olunmaması, ixrac boru kəmərlərinin mövcud olmaması, regionda demək olar ki, hər yerdə konfliktlərin davam etməsi bu layihəni mümkünsüz edirdi. Məhz ulu öndər Heydər Əliyevin bütün tərəfləri inandıra bilməsi, siyasi, strateji baxışları, cəsarətli addımları və uzaqgörənliyi bu layihələrin hamısının həyata keçməsinə imkan yaratdı.

“Əsrin müqaviləsi” mahiyyət etibarilə müstəqil Azərbaycanın ilk beynəlxalq iqtisadi sənədi idi. Müqavilənin imzalanması sonradan 40-dan çox yeni müqavilələrin imzalanmasına şərait yaratdı. Azərbaycanı beynəlxalq iqtisadi subyekt kimi bütün dünyaya tanıtdı. Müqavilə imzalanarkən ulu öndər Heydər Əliyev deyirdi: “…Biz bu müqavilə əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi, bu əməkdaşlıq sayəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır”.

ABŞ-ın o vaxtkı Prezidenti Corc Buşun ünvanladığı məktubda isə deyilirdi: “Ötən müddət ərzində Prezident Heydər Əliyev neft və qaz ixrac dəhlizinə verdiyi dəstəkdən geri çəkilməmişdir. Onun boru kəmərlərinin reallığa çevrilməsində göstərdiyi uzaqgörənlik və qətiyyət bu böyük və mühüm işlərin düzgün istiqamətləndirilməsini mümkün etmişdir”. Ümumiyyətlə, “Əsrin Müqaviləsi” haqında günlərlə danışmaq olar, amma mən bu gün əsasən bu müqavilənin Azərbaycana iqtisadi cəhətdən nə verdiyindən bəhs etmək istərdim:

Əvvəla, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra neft tarixdə ilk dəfə Azərbaycan xalqının əsl sərvəti oldu. Ümumiyyətlə, təqribi hesablamalara görə, müstəqillik illərinə qədər Azərbaycandan 1.3 mlrd ton neft çıxarılıb xaricə daşınmışdır. Müqayisə üçün deyim ki, “Əsrin Müqaviləsi” çərçivəsində çıxarılan neftin həcmi 0.5 mlrd tona yaxın olmuşdur. Keçən müddət ərzində Azərbaycan dövləti bu müqavilədən 150 milyard dollara yaxın gəlir əldə etdi. Xoşbəxtlikdən bu dövr neft qiymətlərini dünya tarixində ən yüksək olduğu dövrə təsadüf etdi. Azərbaycanda bazar iqtisadiyyatı bərqərar oldu, geniş torpaq islahatları başladı. Artıq 1996-cı ildən ÜDM artım dinamikasına keçmiş və keçən müddət ərzində iqtisadiyyatımız bir neçə dəfə böyümüşdür.

Ümumiyyətlə, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları indiyədək ən azı 36 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş və daha 40 milyard dollar investisiyanın yatırılacağı, ölkəyə 143 milyard dollardan da çox gəlir qazandırmış layihə sayılır.

Azərbaycanın həqiqi müstəqilliyinin iqtisadi əsası qoyuldu. Sonrakı hadisələr də göstərdi ki, güclü iqtisadiyyata sahib olmadan siyasi müstəqillikdən danışmaq sadəcə romantiklikdir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilişi ilə bu müstəqillik gücləndi, Bakı-Tbilisi-Qars dəmir yolunu çəkilişi ilə bu müstəqillik əbədiyyətə qovuşdu. Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirməklə Azərbaycan öz iqtisadi iradəsin və gücünü bütün dünyaya nümayiş etdirdi. Bütün bu layihələr məhs “Əsrin Müqaviləsi”ndən əldə etdiyimiz iqtisadi gəlirlər və siyasi dvidendlər hesabına, Ulu Öndərin və cənab Prezident İlham Əliyevin müdrikliyi və cəsarəti sayəsində mümkün oldu.

Azərbaycanın neft ilə yanaşı, qaz ixracına da başlaması ölkəmizi idxalın yaratdığı siyasi və iqtisadi təzyiqlərdən qorudu. Bir hadisəni xatırlatmaq istərdim. 2006-cı ildə Azərbaycan xaricdən 4.5 mlrd kubmetr qaz ixrac edirdi. 2006-cı ildə Rusiya birdən-birə qazın qiymətini 110 dollardan 230 dollara qaldırdı. Azərbaycan danışıqlara başlamaq niyyətini elan edəndə qiyməti 235 dollara qaldırdılar. Bunu xüsusi təzyiq kimi qəbul edən Azərbaycan 2007-ci ildə qaz idxalından imtina etdi. Əgər biz “Əsrin Müqaviləsi”nin yaratdığı imkanlara sahib olmasaydıq bu təzyiqi qəbul etmək məcburiyyətində qalıb, o zaman üçün 1 ildə 1 milyard dollar ödəmək məcburiyyətində qalacaqdıq.

Son 17 il ərzində Azərbaycan iqtisadiyyatına 270 mlrd dollardan çox investisiya yatırıldı. Bunun yarısını xarici investisiyalar təşkil edib. Ölkədə yoxsulluğun səviyyəsi 10 dəfə, işsizliyin səviyyəsi isə 2.6 dəfə azalıb. Ümumi investisiyanın təqribən 60 %-dən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilib ki, 2.5 milyondan çox yeni iş yeri açılıb. Özəl sektorun ümumi daxili məhsulda payı 85 %-ə, məşğulluqdakı payı isə 76 %-ə çatıb.

Əldə olunan maliyyə imkanları hesabına ordumuz ən müasir silahlarla təhciz edilib. Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusundan biridir. Torpaqlarımızın işğal altında olduğu bir dövrdə ölkənin hərbi potensialının artırılması hər birimiz üçün həyati əhəmiyyət kəsb edirdi. Bu gücün nə demək olduğunu hər kəs əldə etdiyimiz uğurlarda gördü. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz düşməni darmadağın etdi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan tarixə Zəfər ölkəsi kimi düşdü.

İnsan kapitalının inkişafı hər zaman  Azərbaycan Prezidentinin diqqət mərkəzində olmuşdur. “Əsrin müqaviləsi”ndə yerli kadrların hazırlanması ilə bağlı bəndlər də mövcuddur. Artıq Azərbaycan mütəxəssisləri bir çox xarici layihələrdə çalışır, öz təcrübələrini dünyaya yayırlar. Dövlət Neft Fondunun vəsaitləri hesabına 3500-ə yaxın tələbəmiz xaricdə nüfuzlu universitetlərdə təhsil aldı.

Azərbaycanda sovet dövründən qalan və demək olar ki dağılmış infrastruktur yenidən quruldu. Elektrikləşmə, qazlaşma, yolların çəkilişi, içməli su ilə təminat kimi yaşayış şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran layihələr həyata keçirildi. Regionların inkişafı üçün Dövlət Proqramı çərçivəsində görülən işlər regionların iqtisadi potensialını artırdı. Azərbaycan elektrik, qaz idxal edən ölkədən ixracatçı ölkəyə çevrildi. Keçən il təkcə elektrik ixracından əldə etdiyimiz gəlir 60 mln dollara yaxın olub.

Əldə olunan gəlirlərdən investisiya yatırmaqla yanaşı, strateji ehtiyatların da yaradılması ölkəmizin maliyyə dayanıqlılığını xeyli artırmışdır. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarını ötüb ki, bu da xarici dövlət borcumuzdan 6 dəfəyə yaxın, ÜDM-in həcmindən isə 23%-ə yaxın çoxdur. Ehtiyatlarımız  37 aylıq mal və xidmət idxalına bərabərdir ki, dünyada bu göstərici orta olaraq 3 ay sayılır.

Əldə olunan gəlirlər hesabına Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək üçün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə əhatəli islahatlar aparmaqdadır. İslahatların nəticəsi kimi iqtisadiyyatda qeyri-neft sektorunun payı 70%-ə yaxınlaşır, dövlət büdcəsinin vergi gəlirlərində qeyri-neft sektorunun payı isə artıq 75%-i keçmişdir.

Neft sektorunda əlavə dəyər yaratmaq üçün atılan addımlar sənayemizdə yeni bir dövrün başlanğıcını qoymuşdur. Ölkədə daxilində Sumqayıt Kimya Sənaye Parkının qurulması və qısa müddət ərzində parkda istehsalın qeyri-neft sənayesi istehsalının 9.3%-ni, qeyri-neft sənayesi ixracının isə 20%-ni keçməsi görülən tədbirlərin effektivliyindən xəbər verir. Türkiyədə neft emalı zavodunun tikilməsi emal sənayesində Azərbaycanın investisiyalarının istiqamətini göstərir və bu istiqamət müasir dövrlə ən çox ayaqlaşan istiqamətlərdəndir.

Beləliklə, bu dediklərim bir daha göstərdi ki, ulu öndər Heydər Əliyevin sözləri ilə desək: Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi dünya iqtisadi birliyində öz layiqli yerini tutmuşdur”. Bütün dünya üçün çətin bir sınaq dövrü olan 2020-2021-ci illərdə Azərbaycan dövlətinin öz imkanları hesabına iqtisadi böhranla və pandemiya şəraiti ilə uğurlu mübarizəsi, Vətən müharibəsində möhtəşəm Qələbəsi, sosial dövlət konsepsiyasını davam etdirməsi 27 il bundan öncə yaradılan möhkəm bünövrəyə əsaslanır. Əminik ki, bu bünövrə üzərində inşa edilən Azərbaycan  dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox iqtisadi uğurlara imza atacaq!

Tahir Mirkişili,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Daha çox xəbərlər