Sosial 

Şəhid anasının son arzusu: “istəyirəm ki, oğlumun məzarı bərpa edilsin”

Birinci Qarabağ savaşının ən gənc şəhidlərindən biri də Tovuz rayonun Yuxarı Öysüzlü kənd sakini Şirinov Azad Məmməd oğludur.

1976-cı il doğumlu Azad Şirinov 18 yaşında hərbi xidmətə yolanıb. Gənc yaşda – 1993-cü ildə özünü qızğın savaşın ortasında tapan Azad Şirinov müharibə dövründə böyük qəhrəmanlıq göstərib.

Azad Şirinov hərbi xidmət boyu Gəncədə, Tərtərdə, Mingəçevirdə, Ağcabədidə xidmət keçib. Sonuncu dəfə isə Ağdamın Əfətli kəndində xidmətini davam etdirib və orada şəhid olub.

3 ilə yaxın döyüşlərdə iştirak edən Azad Şirinovu bu müddət ərzində bir neçə dəfə anası ziyarət edə bilib.

Şəhidimizin anası Sofiya Şirinova oğlu hərbi xidmətdə olan zaman sonuncu dəfə 1993-cü ildə onunla görüşə bilib.

Həmin görüşdə Azad Şirinov anasına söz verib ki, yaxın günlərdə evlərinə qayıdacaq.

“Azad dedi ki, ana, 3 ilim tamam olanda məni buraxacaqlar. Söylədi ki, qayıdanda qoymayacaq ki, əziyyət çəkəsən. Məni çox istəyirdi. Necə əziyyətlə onu böyütmüşdüm. O da bunu bilirdi, dərk edirdi”- deyə şəhidimizin anası söyləyir.
Amma Azad anasına verdiyi sözü tuta bilmir. O, 1996-cı ilin dekabr ayının 14-də şəhidlik zirvəsinə ucalır.

“Oğlumun cansız bədənini kəndə gətirdilər. Komandirinə dedim ki, üzünü açın, son dəfə baxım. Tərtəmiz, ağappaq pambığın içində idi. Öpdüm, yola saldım. Deyirdim ki, bircə əsir düşməsin”- şəhid anası oğlu ilə vidalaşmağından danışarkən qeyd edir.

Gənc yaşda böyük qəhrəmanlıq göstərən, Vətən uğrunda şəhid olan Azad atasını 4 yaşında itirib. Onun atası ürək tutmasında vəfat edib. Anası onu və 4 bacısını çətin şərtlərdə, əziyyətlə böyüdüb.

Şəhidimizin məzar daşını, bütün yas xərclərini anası Sofiya xanım özü çəkib.

84 yaşlı ana deyir ki, oğluna toy etmək üçün yığdığı qızılları, pulu onun dəfninə xərcləyib:

“Hökumətdən bir qəpik də istəmədim. Qızıl almaq üçün pul yığmışdım. Oğlumun toyuna hazırlaşırdım. Amma 20 yaşına çatmamış şəhid oldu. Hamısını onun yasında xərclədim. Elə bildim ki, ona toy edirəm”.

Azad Şirinov kənd qəbiristanlığında dəfn olunub. Oğlu şəhid olduqdan sonra insult keçirən, uzun zamandır xəstəlikdən əziyyət çəkən şəhid anasının indi bir arzusu var:

“Vətən müharibəsindəki qələbədən sonra oğlumun məzarı üstə getdik. Ona göz aydınlığı verdik ki, sənin uğurunda şəhid olduğun torpaqlar azad edilib. İndi 84 yaşım var. Bu günə qədər hökumətdən heç nə istəmədim. İndi tək istəyim budur ki, oğlumun məzarı götürülsün, qəhrəman şəhidlərimiz kimi onun məzarı da yenilənsin. Bir ana kimi mən də baxım, fərəhlənim. Azadın əmisi Qiyas Şirinov 1941-1945 müharibəsində itikin düşüb. Bu zamana qədər onu axtaran olmadı. Ona görə mən istəyərəm ki, oğlumun məzarı bərpa edilsin, mən bu dünyada olmasam da oğlumu itirib-axtaran olsun, məzarını görəndə onun da Vətən uğrunda şəhid olduğunu bilsinlər”.

İlkin Muradov
Musavat.com

Daha çox xəbərlər