Siyasət 

Xaricdə dini təhsilin bilinməyən tərəfləri – təhlükəni necə önləməli…

Dini təhsil ölkəmizdə nə vəziyyətdədir?; Hacı Şahin: “Daha yaxşı olar ki, ölkəmizdə keyfiyyətli dini təhsil olsun, insanlar öz vətənlərində dini təhsil alsınlar”

Son illərə qədər azərbaycanlı tələbələrin xaricdə ali dini təhsil almasına rəsmi səviyyədə dəstək verilirdi. Məlumdur ki, azərbaycanlılar əsasən İraqın Nəcəf, İranın Qum, Məşhəd, Suriyanın Dəməşq, Misirin Ələzhər, Səudiyyə Ərəbistanının Mədinə şəhərlərində yerləşən dini mərkəzlərə üz tuturdu.

Bu tendensiya Azərbaycanda qanunvericilik dəyişdirilənə qədər davam etdi. Ölkəmizdə xaricdə dini təhsilin qarşısını alan konkret qanunvericilik olmasa da, bu şəxslərin işlə təmin olunmasında müəyyən məhdudiyyətlər var. Qanunla tənzimlənən qaydalara əsasən, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır. Bəllidir ki, artıq 3 ildir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) fəaliyyətə başlayıb. Buna baxmayaraq, xaricdə dini təhsil almaq məsələsi hələ də aktualdır. Xaricdə dini təhsil alma prosesi nə yerdədir? Gedənlər varsa, hansı ölkələrə gedirlər? İlahiyyat İnstitutu lazımi tələbatı ödəyə bilmir, yoxsa başqa səbəblər var?

Deputat Ceyhun Məmmədov mövzu ilə bağlı  “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bizim xaricdə dini təhsil alan gənclərimiz həmin ölkələrdə dini biliklər əldə etməklə yanaşı, o ölkələrdə olan ideoloji təsirlərə, dövlətlərin zərərli təbliğatına  da bir sıra hallarda məruz qalırlar: “Tələbə gedir, dini təhsili alır, ancaq bəzi hallarda bununla yanaşı, həmin ölkələrdə olan mövcud zərərli dini təsirlərə məruz qalır. Təcrübə bunu göstərir. Həmin ölkələrə xas, dinə sonradan gətirilmiş müəyyən adət-ənənələrin təbliğatçısına çevrilir. Bu gün biz bir sıra hallarda Azərbaycanda da müşahidə edirik ki, xaricdə təhsil alan gənc  həmin ölkənin müdafiəçisinə çevrilməyə başlayır, mənsub olduğu təlimin təbliğatçısına çevrilir. Əlbəttə, bu o demək deyil, ki, bizim bütün xaricdə dini təhsil alan tələbələr həmin təsirlərə məruz qalırlar. Xeyr, mən belə düşünmürəm. Elə insanlarımız da var ki, özlərini qoruya bilirlər. Ancaq bu gün Azərbaycan cəmiyyətində baş verən son hadisələrin müzakirəsi zamanı görürük ki, Azərbaycan haqlı olduğu halda belə bizi haqsız çıxartmağa çalışanlar var. Bu gənclər artıq təhsil aldıqları ölkələrin ideologiyalarını mənimsəyərək Azərbaycanda təbliğatçısına çevrilirlər”.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov 

C.Məmmədovun sözlərinə görə, məsələnin digər tərəfi isə odur ki, 2018-ci ildə ayrıca bir institut yaradıldı və hazırda ölkədə dini təhsilin təkmilləşdirilməsinə ehtiyac var: “2018-ci ildə yaradılan institut Azərbaycan İlahiyyat İnstitutu adlandır. Bu institut yeni yaradılıb və mən hesab edirəm ki, qısa zamanda xeyli məsafə qət edib. Ancaq hələ qarşıda bir sıra ciddi vəzifələr var. Mən bu prosesin necə getdiyini bildiyim üçün məsələnin bir neçə mühüm tərəfinə toxunmaq istiyirəm. Əvvəl bizdə Bakı İslam Universiteti varıydı və orada təhsil ödənişli idi. Məbləğ o qədər də az deyildi. Biz gənclərə müraciət edəndə ki, çalışın dini təhsillə bağlı xaricə getməyin, o  zaman  bizə deyirdilər ki, xaricdə dini təhsil pulsuzdur. Həqiqətən də beləydi. Orada tələbələri yataqxana ilə təmin edirlər, yeməklə təmin edirlər. Azərbaycanda bu gün İlahiyyat İnstitutu da o cür fəaliyyət göstərir, tələbələr üçün bütün şərait yaradılıb və pulsuz təhsil verilir. Geyimlə təmin olunurlar. Artıq bizdə də dövlət özü belə bir müəssisə yaradıb və bu müəssisədə bizim tələbələrimiz dini  təhsil alırlar”.

Deputatın sözlərinə görə, ümumiyyətlə, xaricdə dini təhsilə bu formada yanaşma yalnız bizdə deyil, digər müsəlman ölkələri, hətta qonşu müsəlman ölkələri də hamısı öz dini təhsil müəssisələrini milli təhsil sistemləri əsasında qurublar: “Çünki bilirlər ki, sabah vətəndaşları gedib xaricdə təhsil alanda, ola bilər ki, həmin ölkələrdə müəyyən təsirlərə məruz qalsınlar. Ona görə də öz ölkələrində  qurublar. Bu gün biz ümumi prosesi təhlil edəndə gördük ki, bütün ölkələrdə bu cür həssas yanaşma var. Çünki ümumi təcrübə eyni şeyi göstərir. Dünyəvi təhsillə din eyni deyil, din daha həssas mövzudur və bir sıra ölkələr orada dini təhsil alan gənclərlə xüsusi qaydada işləyirlər. Onların fəaliyyətini izləyir,əlavə dəstək verirlər, ayrıca dərslər keçirlər. Bəzən həmin dövlətlərə yönəlmiş cəhdləri onların əli ilə  edirlər. Bu istiqamətdə müəyyən addımlar atılır və biz bunu Azərbaycan reallığında da müşahidə edirik. Bəzən hansısa dövlətin haqsız adamı belə müdafiə olunur. Bu səbəbdən biz nəzərə almalıyıq ki, bu reallıqlar ölkəmizdə var və açıq-aşkar hiss olunur”.

Pandemiya dövründə kütləvi iftar mərasimlərindən çəkinməliyik - Hacı Şahin  Həsənli

Hacı Şahin Həsənli 

İlahiyyatçı Hacı Şahin Həsənli də bildirdi ki, Azərbaycanda dini təhsilin keyfiyyəti artarsa və indikindən daha yaxşı olarsa, bu,  daha  məqsədəuyğun olardı: “İnsanlar dini təhsil almaq üçün çətinliklərə qatlaşıb başqa ölkələrə getməzlər. Azərbaycanda dini təhsilin keyfiyyəti yüksək olsa, hər bir insan rahat şəraitdə öz ölkəsində təhsil alar. Bu istiqamətdə indiyə qədər müəyyən addımlar atılıb və bundan sonra da uğurlu addımlar atmaq lazımdır. Azərbaycanda çox yaxşı dini təhsil bazası formalaşdırmaq olar. Nəzərə alaq ki, bu sahə yenidir və Sovet dövründə ümumiyyətlə dini təhsil yox idi. İndi sıfırdan formalaşdırılır. Bunun üçün müəyyən çətinliklər mövcuddur”.

İlahiyyatçı onu da vurğuladı ki, xaricdə təhsil almaq da hər kəsin hüququdur: “Əlbəttə,  xaricdə təhsil almaq insanların hüququdur, qanun insana istənilən  yerdə təhsil almağa imkan verir. Amma mən ötən müsahibələrimdə demişəm ki, bir insan xarici dövlətə təhsil almaq üçün gedirsə, bu onun həmin dövlətin ideologiyasına məruz qalması demək deyil. Onların içində kifayət qədər sağlam düşüncəli insanlar da var. Amma əlbəttə, bu təsirə məruz qalanlar da olur. Daha yaxşı olar ki, ölkəmizdə keyfiyyətli dini təhsil olsun, insanlar öz vətənlərində dini təhsil alsınlar. Amma kimsə könüllü olaraq xaricdə dini təhsil almağa üstünlük verirsə, bu onun hüququdur. Ona nə isə deyə bilmərik”.

Hacı Şahin Həsənlinin sözlərinə görə, bu gün dünyada din vasitəsilə manipulyasiya geniş vüsət alıb: “Bunu təkcə İslam dininə aid etmək olmaz. Başqa dinlərdə də missionerlər müxtəlif ölkələrdə təbliğat aparırlar və ya bir çox ölkə vətəndaşlarını müxtəlif dinlərə dəvət etməyə çalışırlar. Bu, təkcə İslam dünyasına aid deyil. Dindən sui-istifadə etmə halları müasir dövrdə var. Ona görə də mövcud reallıqlar nəzərə alınmaqla, Azərbaycan ənənələri nəzərə alınaraq dini təhsillə bağlı milli konsepsiyanın olması yaxşı olardı”.

 

Daha çox xəbərlər