Azərbaycan “Expo 2020″də – Fotolar
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” (Connecting Minds, Creating the Future) mövzusunda keçirilən “Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycan pavilyonu öz işinə başlayıb.
ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan “Dubay Ekspo 2020”yə dəstək verən və iştirakını təsdiq edən ilk ölkələrdən olub.
Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” (Seeds for the Future) mövzusu ilə təmsil olunur.
“Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” konsepsiyasını özündə əks etdirən milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Pavilyonun landşaftı Azərbaycan və digər ölkələrdən olan rəssamların “Xarıbülbül” və “Ceyranlar” silsiləsindən heykəltəraşlıq əsərləri ilə bəzədilib. Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya, heykəltəraş Elvin Nəbizadənin “Kövrək saz” instalyasiyası, Faiq Əhmədin xalça motivlərində instalyasiyası, eləcə də ümumdünya sərgisinin ilk günündə milli pavilyonda Əməkdar artist Şəhriyar İmanovun iştirakı ilə keçən konsert ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə “Ekspo 2020”nin Azərbaycan üzrə baş komissarı, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov və “Ekspo 2020” katibliyinin nümayəndələri iştirak ediblər.
190 ölkənin təmsil olunduğu “Dubay Ekspo 2020” ümumdünya sərgisi 2022-ci il martın 31-ə qədər davam edəcək.















