Siyasət 

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir

ARANTV.AZ xəbər verir ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir. dövlət başçıları İlham Əliyev və Vladimir Putinin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynayır. Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda keçirilən dəyirmi masada bu fikirlər səsləndirilib.

Azərbaycan-Rusiya münasibətləri əsrlərə söykənir. Rusiya və Azərbaycan xalqlarının ümumi tarixi əlaqələrimizin daha da möhkəmlənməsində böyük rol oynayır. 2018-ci ildə Azərbaycanla Rusiya arasında regionlararası əməkdaşlığın intensivləşməsi bir sıra yeni birgə layihələrin yaranmasına səbəb olub. “Rusiya ilə Azərbaycan arasında mədəniyyət körpüləri mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusundakı dəyirmi masada Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası İşçi Qrupunun rəhbəri Dmitri Savelyev belə dedi. Azərbaycandakı mövcud multikulturalizm mühitinə də diqqət çəkən Dmitri Savelyev  qeyd etdi ki,  Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən zəbt olunmasına baxmayaraq, Bakıda erməni kilsəsi fəaliyyət göstərir. Kilsənin dövlət tərəfindən bərpası və qorunması Azərbaycan tolerantlığının göstəricisidir.

Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və xaricdə yaşayan həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov dedi ki, Azərbaycan məktəblərində təkcə ötən il 2 min 800 şagird rus dili və ədəbiyyatı üzrə olimpiadalarda iştirak edib. Azərbaycanda rus dilinin qorunub saxlanması üçün çox iş görülür, bu baxımdan Azərbaycan nümunə gətirilməlidir. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Leonid Kalaşnikov bildirdi ki, dəyirmi masada irəli sürüləcək təklif və rəylər Dövlət Dumasının komitə iclaslarında müzakirə olunaraq nəzərə alınacaq.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, belə görüşlər ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qalxmasında mühüm rol oynayır. Millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Əli Hüseynli Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğuladı. Diqqətə çatdırdı ki, bu gün Azərbaycan və Rusiya xalqları həm də mədəniyyət xadimlərinin səyləri sahəsində daha çox yaxınlaşır.   Dəyirmi masada Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Oksana Puşkina, Rusiya MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Eleonora Mitrofanova, moda tarixçisi Aleksandr Vasilyev və başqaları çıxış etdilər.

Dəyirmi masada həmçinin, humanitar əlaqələrin inkişafı, ümumi dövlətlərarası strategiyada əldə olunan nailiyyətlər və digər məsələlər müzakirə edildi.

Daha çox xəbərlər