Cəmiyyət 

Azərbaycan dövlətinin xilaskarı və qurucusu

Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Ən çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı ilə milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu.

Bu, bir tarixi gerçəklikdir ki, Azərbaycan ötən əsrdə iki dəfə dövlət müstəqilliyi qazanan az saylı ölkələrdəndir. Azərbaycanın ən yeni tarixində, cəmi 30 il əvvəl ölkəmizdə baş vermiş ictimai-si­yasi mühitə, qısa şəkildə, xronoloji ardıcıllıqla yaşamış olduğumuz hadisələrə nəzər salmaq və bu gün şahidi olduğumuz nəhəng uğurla­rın hansı çətinliklər hesabına başa gəldiyini bir daha xatırlamaq olduq­ca qürurvericidir. Dahi şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri müstəqillik dönəminin ən böyük nailiyyətləri olmaqla ölkə tarixinin müasir dövrü üçün silinməz izlər buraxdı. Ümummilli Lider respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi.

Müstəqiliyin ilk illərində milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu, hakimiyyətin bir qrup savadsız, səriştəsiz, bəzən isə xəyanətkar şəxslərin əlinə keçməsi ölkədə idarəolunmaz bir vəziyyətin yaran­masına, daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçi­rir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. 1992-ci il no­yabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planla­rın qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sü­but edərək böyük oğlu Heydər Əliyevi 1993-cu il iyunun 15-də hakimiyyətə gətirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siya­si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yara­dılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.

3 oktyabr 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın böyük etimad və dəstəyini qazanmış Ulu Öndər ölkəmizin qüdrətlənməsi və dövlətçiliyimizin qorunması naminə gərgin əməyini yorulmadan bu millətin nicatı uğrunda sərf etmişdir.1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü in­kişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə eti­barı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırıl­ması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlı­ğın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.

Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının milli şüurunda müasir Azərbaycanın yaradıcısı kimi həkk olunub. Heydər Əliyev Azərbaycanda böyük bir ideologiyanın, milli dövlətçilik fəlsəfəsinin və milli mənlik şü­urunun formalaşmasının əsasını qoyub, bu isə xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sar­sılmaz və əbədi olduğunu bir daha təsdiqləyir. Bəşəriyyətin çətin dönəmində uğurların əldə olunmasında zama­nın sınağında cilalanmış Heydər Əliyev siyasi kursuna olan xalqın etimadı və cənab Prezident İlham Əliyevin yüksək nüfuzu və yorulmaz əməyi dayanır. Bu inam məhz cənab İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistan üzərində qətiyyətli qələbəsi düşünülmüş daxili və xarici siyasətin təntənəsi idi. Nə qədər ki, bu millət var, xalqın böyük oğlu Ulu Öndər Heydər Əliyev ideyaları hər zaman yaşayacaqdır.

Mehparə Mansırova,

Pirallahı rayonu, 168 nömrəli orta məktəbin direktoru

Daha çox xəbərlər