Gündəm 

Ədalət və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları

Azərbaycanın səmərəli sədrlik müddəti Qoşulmama Hərəkatının üzvləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatının oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantısı öz işinə başlayıb. 1961-ci ildən fəaliyyətə başlayan və  Azərbaycan da daxil olmaqla dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatı  hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib .

Belqradda təsis edildiyi ilk gündən qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayan Hərəkata 2019-cu ildən Azərbaycan sədrlik edir. Ölkə başçısı İlham Əliyev Qoşulmama Hərkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxışı zamanı bildirdi ki, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva  edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. “Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik. Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.

Dünyanın  2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkatda  sədrliyinə məsuliyyətlə yanaşdığını xüsusi  vurğulayan Prezident İlham Əliyev ölkəmizin pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün ciddi addımlar atıldığını qeyd etmişdir. Məlumdur ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının və Türk Şurasının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiya keçirilmişdir. Ölkəmizin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi artan nüfuzunun göstəricisidir. Azərbaycan koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün  Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib.  Azərbaycanın  “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsi məsələsinə də toxunan cənab Prezident dünyada mövcud olan peyvənd dozalarının 75 faizinin 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə  peyvəndlənmə göstəricisinin 2 faizdən az olduğunu söyləmişdi.

Toplantıda beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standarlar, Azərbaycana qarşı son 30 ildə selektiv yanaşmaya da xüsusi diqqət çəkildi. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistanın  beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, Xocalı soyqırımında törədilən insanlığa sığmayan qətliamlar toplantı iştirakçılarının diqqətinə bir daha çatdırıldı.

Hərbi təcavüz, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı heç bir sanksiyanın  tətbiq edilmədiyini bildirən ölkə başçısı təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadığını, əksinə, Ermənistanın işğalı möhkəmləndirərək, hərbi cinayətlər törətdiyini, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirərək, Azərbaycan xalqının mədəni və dini irsini məhv etdiyini əsaslı şəkildə diqqətə çatdırdı:“Cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəliyə gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı.

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyini vurğulayan Przident İlham Əliyev  Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstəyin olduqca dəyərli olmasından bəhs edərək qeyd etdi ki,  onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan verməyərək Hərəkatın sənədlərindən qaynaqlanan  prinsipial mövqeyinə möhkəm sadiqliklərini nümayiş etdirdilər.

Azərbaycanın beynəlxalq arenada nüfuzunun gündən-günə artması,  Hərəkatın əsas prinsiplərinə sadiqliyi, uğurlu və səmərəli sədrlik müddəti Qoşulmama Hərəkatının üzvləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilmiş və Azərbaycanın sədrlik müddəti bir il- 2023-cü ilin sonuna kimi uzadılması barədə qərar verilmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin, qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcəyini qeyd edən dövlət başçısı Qoşulmama Hərəkatının Sədri kimi əminliklə bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirəcək, eyni zamanda,  ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcək. Bu qərar Azərbaycanın, cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın, ən əsası dövlət başçısının nüfuzunun, siyasi çəkisinin göstəricisidir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət daim davamlı uğurlara yol açır.

Daha çox xəbərlər