Siyasət 

Çoxdan gözlənilən görüş Belarusda ola bilər

Tofiq Zülfqarov: “Sülh sazişində əsas müddəa ondan ibarət olmalıdır ki…”

MDB dövlət Başçıları Şurasının növbəti iclasının oktyabrın 15-də Belarusun paytaxtı Minskdə keçiriləcəyi gözlənilir. Bununla bağlı qərar hələ ötən il verilib, o səbəbdən mümkündür ki, sammit deyilən vaxt keçirilməyə də bilər. Məlumdur ki, 2021-ci ildə quruma Belarus sədrlik edir.

Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə oktyabrın 12-də Moskvada keçirilən görüşünü “kifayət qədər məhsuldar” adlandırıb.”Görüş kifayət qədər məhsuldar idi. Həm ikitərəfli gündəliyi, həm də regiondakı vəziyyəti müzakirə etdik. Əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün əlaqələri davam etdirəcəyik”, – deyə Paşinyan Twitter səhifəsində yazıb.

Görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi, regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi kommunikasiyaların bərpa edilməsi üzrə gələcək addımların müzakirə olunduğu təsdiqlənib.

Bu arada, Ermənistanın müdafiə naziri də Paşinyanla birlikdə Moskvada səfərdə idi, o da Rusiyanın müdafiə naziri ilə regionda və Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib. Bir neçə gün əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da Moskvaya səfəri zamanı bu mövzuları müzakirə edib.

Qeyd edək ki, Paşinyanın Moskvaya səfərindən əvvəl Ermənistan KİV-ləri Putinin Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşünün keçirilməsi təşəbbüsü irəli sürdüyü barədə məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması haqqında bir çərçivə sazişi imzalana bilər. Bu, MDB-nin qarşıda duran sammiti çərçivəsində baş verə bilər. Artıq məlum olub ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 15-də görüşəcək. Həmin gün Minskdə MDB xarici işlər nazirlərinin iclası keçiriləcək.

Sosial şəbəkələrdə Azərbaycanda Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası proqramının hazırlanması barədə yayılan nəşrlər bu ümidlərin əsaslı olduğunun dolayı təsdiqi olub.

Öz növbəsində, Qarabağ Azərbaycanlıları İctimai Birliyinin rəhbəri və Milli Məclisin Xankəndindən olan deputatı Tural Gəncəliyev Azərbaycanın milliyyətcə erməni olan vətəndaşlarının nə qədər tez cəmiyyətə inteqrasiya etsələr, o qədər yaxşı olacağı, bunun üçün dil kursları təşkil edildiyi və sülhün möhkəmləndirilməsi üçün erməni əsilli vətəndaşlarımızla səylərimizi birləşdirməli olduğumuz barədə bir neçə tvit paylaşıb.

Bütün bunlar Azərbaycan və Ermənistan liderlərinin görüşünün yaxın vaxtlarda reallaşacağı, bu görüşdə çərçivə sazişi hazırlanması məsələsinin müzakirəyə çıxarıla biləcəyini söyləməyə əsas yaradırmı?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Qarabağ məsələsinin həll edilməsində müharibə fazası başa çatıb, indi siyasi faza başlayıb: “Siyasi- diplomatik yollarla bu və ya digər mövzuların həlli həyata keçirilməlidir. Biz bilirik ki, 10 noyabr razılaşmasında Ermənistanın üzərinə düşən bəzi öhdəliklər öz həllini tapmayıb. Burada həm Ermənistanın məsuliyyəti var, həm də vasitəçi qismində çıxış edən Rusiyanın. Rusiya prezidentinin siyasi imici ondan ibarətdir ki, öz imzasına, sözünə sadiq olan siyasi liderdir. 10 noyabr bəyanatındakı bəzi öhdəliklərin hələ də yerinə yetirilməməsi Putinin siyasi imicinə də mənfi təsir edir. Bütün bunlara görə də istisna deyil ki, Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin MDB sammiti zamanı görüşü keçirilsin. Görüş keçirilsə, hər halda, 10 noyabr üçtərəfli bəyanatında bu günə qədər yerinə yetirilməyən öhdəliklər məsələsi müzakirə olunacaq. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılmasından gedir. Yəqin ki, bu məsələ müzakirə ediləcək. Ancaq indidən qəti şəkildə söyləmək olmaz ki, məhz həmin müzakirədən dərhal sonra Ermənistan öhdəliyini həyata keçirəcək”.

T.Zülfüqarov qeyd etdi ki, böyük sülh sazişinin, çərçivə sazişinin hazırlanmasına gəlincə, bir görüşlə bunu hazırlamaq təbii ki, mümkün olmaz. Böyük saziş hansısa mərhələdə yekun sənəddir. Yəni sazişə qədər bir çox məsələlər həllini tapmalıdır: “Liderlərin görüşü öncə məhz o məsələlərin həlli üçündür. Həll olunduqdan sonrakı mərhələ sülh sazişinin hazırlanması və ən sonda isə imzalanmasıdır. Yəni sülh sazişinə qədər reallaşdırılmalı çox işlər var. Sülh sazişində isə əsas müddəa ondan ibarət olmalıdır ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan isə faktiki olaraq məhz Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan qaçır, öz köhnə siyasətini bu və ya digər şəkildə davam etdirmək niyyətindədir. Ermənistan bu siyasətini davam etdirdiyi və Azərbaycanın ərazi bütövlüyünü tanımadığı halda, sülh sazişi imzalana bilməz. Bu problem var və saziş hazırlamağa mane olur”.

Daha çox xəbərlər