İran edamının sabahı
İran İslam Respublikası ölüm hökmlərinin və edamların sayına görə dünyada ilk yeri tutur.
İran qanunvericiliyinə görə, qətl, zorlama, uşaqbazlıq, terrorizm, silahlı qarət, quldurluq, xəyanət, casusluq, fərarilik, homoseksualizm, fahişəlik və qiyam cəhdindən tutmuş, dindən dönmə, sənədlərin saxtalaşdırılması, “Allaha qarşı savaş”, “torpağın murdarlanması” və siyasi dissidentliyədək ən müxtəlif əməllərə görə edam cəzası nəzərdə tutulur.
İranda edamların real statistikası yoxdur: hakimiyyət strukturları bununla bağlı məlumatları qapalı saxlayır, açıqlamırlar. Rəsmilər sadəcə, bəyan edirlər: “İran İslam Respublikası şərq sərhədləri boyunca narkoticarətə qarşı savaş aparır. Narkotacirlərlə narkobaronların sayının artması edamların statistikasında artımı şərtləndirir”.
Yəni Tehran rəsmilərinin açıqlamalarına görə, sən demə, İrandakı edamların bunca çox olmasının əsas səbəbi narkoticarətlə mübarizə imiş.
Lakin gerçək tam fərqlidir: İranda edam olunanların tam əksəriyyətinin narkoticarət və narkotik maddələrin istehsalı, daşınması və satışı ilə heç bir əlaqəsi yoxdur.

İrandakı klerikal hakimiyyət əhalinin gözü önündə edam hökmlərini icra etməklə insanları qorxu və vəhşət içində saxlamağa çalışır.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, son günlərdə İran rejimi Kermanşah, Qum və Kərəc zindanlarında 5 məhkumu edam edib. Habelə, onlardan birinin Əfqanıstan vətəndaşı olduğu bildirilir.
İranda edamlar, ümumiyyətlə, bəzən məşum aksiyaya çevrilir.
Məsələn, bu ilin fevralında Zəhra İsmayıl edamdan əvvəl ürəktutmadan keçinsə də, buna rəğmən, onu edam etdilər.
İki övlad anası olan Z.İsmayıl İran İslam Respublikasının kəşfiyyat və təhlükəsizlik strukturu olan “Ettelaat”ın yüksək rütbəli zabiti Əlirza Zəmanini qətlə yetirməkdə suçlanmışdı.
Zəhranın vəkilinin dediyinə görə, əri onu sürəkli olaraq vəhşicəsinə, amansızlıqla döyürdü. Onu döyəndən sonra qızını da təpikləməyə başlayanda qadın dözməyib və ərini qətlə yetirib.
Məhkəmənin qərarı ilə, Zəhra İsmayıl asılmalıydı.
Edam günü Zəhra İsmayıl gözləməli oldu: ondan əvvəl 16 məhkum asıldı.
Həbsxananın həyətində 16 nəfərin dalbadal kətil üzərinə çıxarılıb boyunlarına kəndir keçirilmələrini, sonra da kətilin aşırdılmasını, insanların qıvrılaraq ölmələrini görən Zəhra İsmayılın ürəyi dözmədi.
Ürəyi partlayan Zəhra yıxıldı, keçindi.
Fəqət, “qətlə yetirilmiş Əlirza Zamaninin ailə mənsublarına sayğı nişanəsi” olaraq vəfat etmiş Zəşranı asdılar.
Zəhranın qaynanası boynuna kəndir keçirilmiş Zəhranın ayaqlarının altındakı kətili təpiklə vurub aşırdı, “Öl, murdar!” dedi.
Halbuki Zəhra çoxdan ölmüşdü.

Kərəcin Rəcayişəhr zindanında edam cəzasına məhkum edilən Arman Əbdüləli adlı azyaşlı edam təhlükəsi ilə üz-üzədir.
Qətl cinayətini inkar etməsinə və ölən şəxsin cəsədinin tapılmamasına rəğmən, Tehran Cəza Məhkəməsi müttəhimə ölüm cəzası verib və hökm Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb.
Ölüm hökmünün icra edilməsi üçün o, dünən səhər saatlarında Rəcayişəhr zindanında təkadamlıq kameralara salınıb.
Beynəlxalq Əfv Təşkilatı da edam cəzasının yaxında icra ediməsi təhlükəsinə toxunaraq cəzanın dayandırılmasına çağırış edib: “İran rejimi 18 yaşa qədər şəxsləri edama məhkum edərək beynəlxalq hüququ pozur”.
Bu arada İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölüm cəzasına məhkum olunmuş daha 4 məhkum edam edilib.
Məhkumların edamı “Ölüm Cəzasına Qarşı Beynəlxalq Mübarizə Günü”nə təsadüf edilmişdi.
İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, məhkumlar Meysəm Atetifərd, Hadi Razi, Rəsul Əkrəmi və Ümid Keştkar oktyabrın 9-u səhər saatlarında Şiraz şəhərinin mərkəzi zindanında dara çəkiliblər.
Edam edilən məhkumların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.
Xatırladaq ki, İranda 1988-ci ildə minlərlə siyasi məhbusun edam edilməsində iştirakda günahlandırılan Həmid Nurinin İsveçdə (Sued) mühakimə prosesi gedir.
İki ilə yaxındır İsveçdə zindanda saxlanılan İranın Məhkəmə Sisteminin keçmiş yüksək vəzifəli məmuru Həmid Nurinin ittihamnaməsi iyulun 27-də rəsmi qaydada Stokholm məhkəməsinə göndərilib.
Bu, 1988-ci il edamlarında iştirak etmiş şəxslərdən birinin mühakimə edilməsi ilə bağlı tarixdə ilk hadisədir.

İslam Cümhuriyyətinin qurucusu Ruhullah Xomeyninin əmri ilə həyata keçirilmiş bu edamlar zamanı, bəzi mənbələrə görə 5 minə qədər, digər qaynaqlara əsasən isə 20 minə qədər siyasi məhbus edam edilib.
Məhkəmədə prokurorlar müttəhimə qarşı çıxarılmış ittihamlar üzrə ittihamnaməni oxuyublar.
Bundan sonra prokurorlar İran İslam Cümhuriyyətinin qurucusu və ilk ali rəhbəri Ruhullah Xomeyninin 1988-ci ildə siyasi məhbusları kütləvi edam etməklə bağlı verdiyi fətvasını oxuyublar.
Xomeyninin bu fətvasında qeyd edilir ki, İran zindanlarında məhkumluq həyatı yaşayanlar içərisində İslam Cümhuriyyətinə qarşı çıxmaqda israr edənlər “xain və mürtəddirlər” və onlar edam edilməyə məhkumdurlar.
O, fətvada habelə həmin edam hökmlərini icra edən məsul şəxslərə xitabən bildirib ki, “heç bir halda vəsvəsə, şəkk və tərəddüd etməyin, kafirlərə qarşı sərt olun”.
O dövrdə Xomeyninin müavini olan, ancaq sözügedən siyasi məhbusların edamına qarşı çıxan Ayətullah Hüseynəli Müntəziri bu edamları icra edən və “ölüm heyəti” adı ilə tanınan qrupla görüşündə onlara bildirmişdi ki, “gələcəkdə sizi tarixdə cinayətkar kimi xatırlayacaqlar”.
Həmin edamları icra edənlərdən biri olan Həmid Nuriyə qarşı İsveç məhkəməsi bəşəriyyət əleyhinə cinayət, bilərəkdən adam öldürmə və digər bu kimi ittihamlar irəli sürüb.
.jpg)
… “Amad News” saytının və Telegram-da eyniadlı kanalın sahibi, Fransada yaşayan 47 yaşlı Ruhulla Zamın edamı Qərbdə çox böyük reaksiya doğursa da, kollektiv Qərb həmişə olduğu kimi, merkantil siyasi və iqtisadi maraqlarını fasiləsiz bəyan etdiyi “demokratiya və insan haqları”ndan üstün tutdu.
“Xarici kəşfiyyata işləmək”də suçlanan R.Zamla bağlı edam qərarı veriləndən az sonra Avropa İttifaqı planlaşdırılmış Aİ-İran biznes forumunu ləğv etmişdi.
Parisdən oğurlanaraq Tehrana aparılmış Zamın edamı İranın nüvə proqramı ilə bağlı müzakirələrin dondurulmasına və ABŞ-ın teokratik Tehran rejiminə qarşı yeni sanksiyalarına səbəb oldu.
Fəqət, sanksiyalarla, tədbirlərin təxirə salınması ilə məsələ həllini tapan deyil.
İran qanunvericiliyinin köklü dəyişikliklərə, yeniliklərə və islahatlara ehtiyacı var.
Əks təqdirdə İranlda az qala hər səhər edamın səhəri olaraq qalacaq.

