Qarabağ məsələsinə Rusiyanın fərqli münasibəti – yeni gəlişmələr
Ekspert: “Kremlin Qarabağ məsələsində mövqeyinin dəyişməsində Azərbaycan Prezidentinin Rusiya ilə qurduğu düzgün münasibət və Türkiyənin də mövqeyi rol oynadı”
Rusiya Qarabağ məsələsində mövqeyini tam dəyişib. Separatizmi, münaqişəni, konflikti dəstəkləməkdən imtina edib. Ən azı, verilən son açıqlamalar belə düşünməyə əsas verir. Eyni zamanda Kreml bu münaqişənin Azərbaycanın xeyrinə həllində maraqlı olduğunu 1 ildir açıq nümayiş etdirir. Halbuki 30 ilə yaxındır, ərazilərimizin işğaldan azad edilməsinə imkan tanımırdı. Ermənistana hər cür dəstək verirdi.
Bütün bunlar isə digər keçmiş SSRİ respublikalarında mövcud olan separatizm ocaqları ilə bağlı suallar meydana gətirir. Rusiya keçmiş SSRİ-dəki digər separatizm ocaqlarının sönməsində maraqlıdırmı? Gürcüstanda Abxaziya və Osetiyada, Moldovada Dnestryanı bölgədə, Ukraynada Donbasda Qarabağda tutduğu mövqeni tutacaqmı? Yoxsa bu yanaşma sırf Azərbaycana özəldir?
Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, etnik münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədir: “Bu tip münaqişələr ”soyuq müharibə”nin bitməsi və SSRİ-nin dağılmasından sonra vüsət aldı və həmin ərazidə meydana gələn gənc müstəqil dövlətlər guya yeni milli azlıq probleminin üzə çıxması problemi ilə üzə-üzə qaldılar. SSRİ dağılandan sonra onun ərazisindəkı bir sıra respublikalara etnik separatizmlə bağlı olan münaqişələr miras qaldı. Məsələn, Moldova Dnestryanı, Gürcüstan Cənubi Osetiya və Abxaziya, Azərbaycan isə Dağlıq Qarabağ kimi problemdən əziyyət çəkdi. Uzun illərdən sonra Azərbaycan Qarabağda müharibə yolu ilə hərbi-ekstremist və təcavüzkar separatçılığı qismən nəzarətə götürdü.
![]()
Yeganə Hacıyeva
Həll edilməmiş münaqişələr regional əməkdaşlıq, ümumi etimad mühitinin yaxşılaşmasına və vaxtilə eyni ölkədə olmuş dövlətlər arasında daha sıx, qarşılıqlı əlaqələrin yaradılmasına əsas maneə oldu.
Təəssüflər olsun ki, postsovet ölkələrində həll edilməmiş silahlı münaqişələr hələ də mövcuddur. Ekstremizm və təcavüzkar separatizm ərazi iddialarına əsaslanan dövlətlərarası münaqişələrin əsas səbəbidir və bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır. Bunu Rusiya da yaxşı bilir”.
Ekspertin sözlərinə görə, qlobal səviyyədə təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədilə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə sahəsində bütün dövlətlərin səmərəli əməkdaşlığını tələb edir: “Qarabağın azad olunması üçün beynəlxalq hüquqdan başqa münbit zəmin həm də bu faktorlar idi. Beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələr suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır.
Uzun illər sözügedən münaqişələr ona görə həll olunmur ki, onların hamısında həm də kənar maraqlar var. Həmin münaqişələr müstəqil olan ölkələrdə ona görə yaradıldı ki, Rusiya o ölkələrə məhz münaqişələr vasitəsilə nəzarət edə bilsin. Separatizmdən əziyyət çəkən ölkələr öz güclərinə problemi həll etmək istəyəndə də uzun illər Rusiyanın təzyiqi ilə üzləşməli olurlar.
Gürcüstan ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başladı, amma Rusiya onu sərt cəzalandırdı, az qalmışdı ki, Tiflisi də tutsunlar. Rusiyanın Qarabağ istisna olmaqla, digər yuxarıda adını çəkdiyimiz münaqişəli bölgələrə münasibəti əvvəlki kimi qalır və uzun müddət qalacaq.
Rusiya Qarabağ məsələsində mövqeyini dəyişib, separatizmi, münaqişəni, konflikti dəstəkləməkdən imtina edir fikri ilə qismən razıyam. Çünki Rusiya Qarabağda məhz fakt qarşısında qaldı. Halbuki 30 ilə yaxındır, ərazilərimizin işğaldan azad edilməsinə imkan tanımrdı, Ermənistana hər cür dəstək verirdi. Rusiyanın Qarabağ məsələsində mövqeyinin, nəhayət, müəyyən qədər dəyişməsində Azərbaycan Prezidentinin Rusiya ilə qurduğu düzgün münasibət və Türkiyənin də mövqeyinin rol oynadığını söyləmək lazımdır. Digər münaqişə bölgələri haqda isə bunları söyləmək mümkün deyil”.
Y.Hacıyeva vurğuladı ki, SSRİ-dəki digər separatizm ocaqlarının sönməsi uzunmüddətli hesabda vacibdir, bir neçəsindən isə Rusiyanın bütövlüyü faktoru asılıdır. Digər tərəfdən, bu heç də o anlama gəlmir ki, bu proseslər Rusiyanın regionlararası nüfuzunun itməsi ilə nəticələnəcək: “Son illərdə regionlara nəzarət Rusiya üçün böyük maliyyə, xərc və resursların hesabına başa gəlir. Bu ağlasığmaz maliyyə xərcləri Rusiyanın maraqları naminə qlobal səviyyədə planetin maddi-mənəvi resurslarının bölüşdürülməsinə nəzarət uğrunda xərclədiyi maliyyədir. Rusiya heç bir halda bu nəzarətdən imtina etməyəcək. Sadəcə, belə ağlasığmaz xərclər hesabına başa gələn geosiyasi addımlarındakı mexanizmləri, alətləri dəyişir. Bu münaqişələrin həlli üçün birmənalı olaraq, Rusiyanın marağı olmalıdır”.

