Gündəm 

İşğaldan azad olunmuş ərazilər ən müasir standartlara uyğun bərpa edilməlidir – Yeni dövrün əsas hədəfi

Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasına yönəlib

«Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. Hətta noyabrın 8-də biz Şuşanı işğaldan azad edəndən sonra da mən şəxsən deyə bilməzdim müharibə nə qədər davam edəcək. Çünki bizim planlarımız işğalda olan bütün torpaqları azad etmək idi.» Ölkə Prezidenti İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu məqamı da xüsusi qeyd etmişdir ki, düşmənin nə vaxt təslim olacağını bilmirdik. Halbuki, müharibə zamanı dövlət başçısının xalqa müraciətlərində və xarici jurnalistlərə müsahibələrində bu bəyanat açıqlanırdı ki, əgər düşmən bizə torpağımızdan çıxması ilə bağlı tarix versə, müharibəni dayandırmağa hazırıq. Cənab İlham Əliyev sözünü əməli ilə təsdiqlədi. Noyabrın 9-da artıq Ermənistan tərəfi məğlubiyyətlə barışdığını etiraf etdi və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Müzəffər Ali Baş Komandanın Sərəncamı əsasında 8 noyabrın Zəfər Günü kimi təsis olunması səbəbsiz deyildi. Bu, Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad olunması ilə yanaşı, eyni zamanda, artıq bu tarixdə erməni ordusunun təslim olması ilə bağlıdır. Məhz bu səbəbdən dünyanın hərbi ekspertlərinin Şuşa əməliyyatının öyrənilməsində maraqlı olmaları əbəs deyil. Şuşanın işğaldan azad olunması böyük qəhrəmanlığın, şücaətin nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə elə bir görüşü yoxdur ki, Şuşadan bəhs olunmasın. 28 il əsarətdə olan Şuşa bütün çətinliklərə rəğmən milli ruhumuzu qorudu. Baxmayaraq ki, ermənilər Şuşanı erməniləşdirməyə səy göstərərək musiqi beşiyimizi öz şəhərləri kimi təqdim edirdilər. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Tarixi faktları, həqiqətləri inkar etmək qeyri-mümkündür. Şuşa kimi hər qayası, daşı, küçəsi bir tarix olan mədəniyyət beşiyimizin tarixini necə inkar etmək olar? Şuşada «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpaları, milli bayramımız Novruzun Cıdır düzündə tonqalın alovlandırılması ilə qeyd olunması, qardaş ölkənin Prezidentinin Şuşada qarşılanaraq müttəfiqlik sənədinin burada imzalanması və sair kimi biri-birindən əhəmiyyət kəsb edən hadisələr Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar idi.

Cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə müasir idarəçilik sisteminin yaradılmasına xidmət edən addımların atılması ilə bağlı sənədlər imzalayarkən ilk Sərəncamın Şuşa ilə bağlı olması da təsadüfi deyildi. Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada yaradıldı. Bərpa və quruculuq işləri proqramına uyğun olaraq şəhərlərin Baş planları hazırlanarkən Ağdamdan sonra Şuşanın Baş planı tədqim olundu. Bərpa işlərində əsas diqqəti çəkən məqam tarixi keçmişin qorunması və müasirliklə vəhdət təşkil etməsidir.

Digər məsələ bu ərazilərin malik olduqları iqtisadi potensialla bağlı düzgün ixtisaslaşmanın aparılmasıdır. Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə «Qubadlının və digər azad edilmiş rayonların iqtisadi inkişafı ilə bağlı bir daha demək istəyirəm ki, bizim çox dəqiq planlarımız olmalıdır» söyləyən cənab İlham Əliyev onu da əlavə etmişdir ki, biz çox yaxşı təcrübə toplamışıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir. Artıq bir neçə proqram icra edilmişdir və o təcrübədən faydalanaraq bu bölgədə, əlbəttə, çox düzgün planlaşdırma aparılmalıdır: «Bir daha demək istəyirəm ki, infrastruktur layihələri ilə bağlı, evlərin tikintisi ilə bağlı, kəndlərin bərpası ilə bağlı artıq ilkin təkliflər var. Əsas budur ki, buraya qayıdacaq insanlar yaxşı yaşasınlar, yəni, onların rifahı yüksək olsun. Bunun üçün də əlbəttə ki, şərait yaradılacaq, amma onların məşğul olacağı sahələr düzgün müəyyən edilməlidir. Bu məqsədlərə çatmaq üçün atılacaq addımlar düzgün qoyulmalıdır.»

Müharibə başa çatıb. Ölkəmizin həyatında yeni mərhələ başlayıb. Qarşıda çox böyük quruculuq işləri dayanır. Dövlət başçısı bildirir ki, bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır: «Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, İnşallah, sizinlə bərabər.»

Cari ilin arxada qalan aylarında işğaldan azad edilmiş rayonlarda görülən işlərin miqyasına diqqət yetirmək kifayətdir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Şuşa şəhərində artıq “Şuşa” yarımstansiyası fəaliyyət göstərir. Mədəniyyət paytaxtımızın Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılmışdı. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, qısa zaman ərzində yekunlaşdırılmışdır.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində xarici ölkələrin, xüsusilə qardaş Türkiyənin şirkətləri də yaxından iştirak edirlər. Oktyabrın 26-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı da iki dost ölkənin birgə uğurudur. Bu layihə qısa zamanda hər iki ölkənin mühəndisləri tərəfindən inşa edilərək başa çatdırıldı. Səfər çərçivəsində Zəngilan rayonunda «Dost Aqropark»ın təməlinin qoyulması da Azərbaycan və Türkiyənin birgə sərmayə layihəsidir. Həmçinin Zəngəzur dəhlizinin təməli qoyuldu. Zəngilan rayonunun Ağalı kəndlərində həyata keçirilən «ağıllı kənd» layihəsi çərçivəsində görülən işlərlə tanışlıq oldu. Ümumilikdə cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri xeyli sayda sosial obyektlərin təməlinin qoyulması ilə yadda qalır. İlk gündən infrastruktur layihələrinin uğurlu icrası prioritet olub. Zəfərimizdən sonra dövlət başçısının Füzuliyə səfəri zamanı Füzuli-Şuşa, yəni Zəfər yolunun inşasına başlanılması da strateji əhəmiyyəti ilə yanaşı, mənəvi tərəfi ilə də diqqətdə oldu. Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşaya bu yolla daxil olmuşdur.

Vətən müharibəsində tarixi Qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün region yeni reallığa qədəm qoydu. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin postkonflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir.

Ümumiyətlə, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Bununla bağlı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planı var: “Biz de­mişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır”.

Dövlət başçısı bu əminliyi də ifadə etmişdir ki, məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya niyyətimizin həyatda öz əksini tapdığını, planlarımızın həyatda gerçəkləşdiyini görəcək.

Deyilənlərin reallıqda öz əksini tapması göz qabağındadır. Bunun üçün təkcə bir faktı qeyd emək kifayətdir ki, yanvar ayında təməli qoyulan ilk infrastruktur layihəsinin icrası 8 ayda tamamlandı. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bu uğurlarımız, hər bir layihənin uğurlu sonluqla başa çatması iqtisadi və maliyyə imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

Qeyd etdiyimiz kimi, müharibədən sonrakı dövrdə qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər cənab İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük əminliklə vurğuladığı kimi, Azərbaycanda fərqli bir inkişaf var. Azərbaycan çox qısa zamanda barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaq. Bir tərəfdən Qarabağ, bir tərəfdən də Şuşa ciddi turizm məkanı olaraq əks-səda doğuracaq.

Daha çox xəbərlər