Un bahalaşdı: süfrəmizdə daha nələrin qiyməti qalxacaq? -REPORTAJ, FOTOLAR
Son aylarda dünya bazarında buğda qiymətlərində baş verən dəyişikliklər Azərbaycanda da ərzaq bazarına təsir göstərməyə başlayıb. Xüsusilə unun qiymətində müşahidə olunan artım çörək və digər un məmulatlarının maya dəyərinin yüksəlməsi ilə bağlı narahatlıqları artırır.
Məsələn, yanvar ayında ölkə üzrə 50 kiloqramlıq unun topdan satış qiyməti 26,1- 28,6 manat arasında dəyişirdi. Hazırda isə müşahidələr onu göstərir ki, unun qiyməti azı 10-30 qəpik artıb. Hazırda bu qiymət 27–29 manat aralığında dəyişir. Məsələn “Nural” və “Osmanlı Taxıl” təxminən 28,3 manat, “Gəncə Dəyirman” təxminən 28 manat
“Sarı Sünbül” və “Ungrano” təxminən 27,9 manat, “Karat Holdinq” təxminən 27,8 manat, “Pak-Nur” təxminən 27,7 manat, “Qarabağ UN” təxminən 27,4 manat təşkil edir.
Un qiymətlərindəki dəyişiklik artıq bazarda hiss olunmağa başlayıb. Musavat.com-un əməkdaşı olaraq mağazalarda apardığımız müşahidələr onu göstərir ki, son günlər bəzi çörək növləri 10–20 qəpik bahalaşıb. Xüsusilə qablaşdırılmış və kəpəkli çörəklərdə artım müşahidə olunur. Məsələn, əvvəllər 1 manata satılan həmin çörək növləri hazırda supermarketlərdə 1 manat 19 qəpik, 1 manat 20 qəpiyə təklif olunur. Digər qara çörək növlərinin qiymətində də artım baş verib. Zavod çörəklərinin qiyməti isə sabit qalıb və bir çox marketlərdə 65 qəpiyə satılır.
Lakin mütəxəssislər bildirirlər ki, bu proses yalnız çörəklə məhdudlaşmaya bilər. Yəni unun bahalaşması bir sıra gündəlik qida məhsullarının qiymətinə zəncirvari təsir göstərə bilər. Bunlara daxildir – şirniyyat və qənnadı məhsulları, makaron və digər makaron məmulatları, lavaş və digər çörək növləri, biskvit və peçenyelər, un əsaslı yarımfabrikat məhsullar.
Bununla belə, ekspertlər qeyd edir ki, unun bahalaşması təkcə çörək və makaron bazarını deyil, ümumilikdə iaşə sektorunu da təsirləndirə bilər. Restoran və kafelərdə istifadə olunan bir çox məhsulların əsasını un təşkil etdiyindən qiymət artımı menyulara da təsir göstərə bilər.
Digər tərəfdən, qənnadı sektorunda, o cümlədən tort, şirniyyat və müxtəlif desertlərin hazırlanmasında da un əsas xammallardan biridir. Buna görə də şirniyyat məhsullarında qiymət artımı ehtimalı daha yüksək qiymətləndirilir.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
“Doğrudan da unun bahalaşması sürətlə davam edərsə, yəni bu, birbaşa taxılın qiymətinin artmasından qaynaqlanan problemdirsə o zaman un məmulatlarının da qiymətlərində artım müşahidə olunması tamamilə mümkündür. Bu, iqtisadi baxımdan məntiqli bir prosesdir. Çünki unun qiyməti artdıqca, makaron, vermişel və digər un məmulatları, eləcə də şirniyyat kimi un əsaslı məhsullarda da qiymət artımı baş verə bilər.
Əsas məsələ odur ki, bu tendensiya davamlı olacaqmı? Qiymətlər hansı səviyyəyə qədər arta bilər? Unun maya dəyərinin yüksəlməsi nəticəsində makaron, çörək, şirniyyat və digər məhsulların qiymətləri də müəyyən limitlərdə qalxacaq. Bu sualların cavabı bazardakı tədarük, daxili istehsal həcmi, idxalın miqdarı və qlobal taxıl qiymətlərindən asılı olacaq”.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com


.jpeg)
.jpeg)

.jpeg)

