Sosial 

“6 ilə yaxın ərimlə birgə çörək yemişəm, “ər çörəyi” yeməmişəm”

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Sonxeber.az-ın qonağı olub.

Onunla səmimi müsahibəni oxuculara təqdim edirik:

– Özünüzü necə tanıtmaq istərdiniz?

– Əslində necə tanınmalıyamsa, eləyəm. Çünki çox fərqli biri deyiləm. Həyat tərzimdən də göründüyü kimi, fərqli heç nə yoxdur. Sadəcə işimizə görə bəzən daxilimizdə olan adamdan fərqli davranmalı oluruq. Mənim çalışdığım yerlər çox ciddi qurumlar olub: Vergilər Nazirliyi, Dövlət Vergi Xidməti, Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Nəqliyyat Agentliyi, Bakı Dövlət Universiteti. Hazırda da Nəqliyyat Rabitə və Texnologilar Nazirliyində işləyirəm. Bütün bunlar mədəniyyətə, yaradıcılığa meyilli insanı bir az “boğa” bilər. Mən bu qurumlarda o ruhu tam göstərə bilmərəm. Amma, işdən kənar həyatda, məsələn, sosial şəbəkələrdə o rəsmiyyətdən maksimum dərəcədə uzaq olmağa çalışıram.
Qısaca, özümü bir cümləylə yalnız belə ifadə edə bilərəm: bəzən ruhuyla işlədiyi yerlər üst-üstə düşməyən, amma orada belə, heç vaxt ruhunu gizlətməyən biri.

– Nuridə xanım, gəlin, zaman çarxını geriyə, sizi qayğılardan uzaq tutan uşaq illərinədək çevirək. Uşaqlığınız harada keçib? Ümumiyyətlə, Nuridə necə uşaq olub?

– Baxmayaraq ki, yaxınlarım, doğmalarım rayondandırlar, mən Bakı şəhərində dünyaya gəlib elə burada da böyümüşəm. Hər yay rayonda istirahət edən adi “sovet uşaqlarından” biri olmuşam. Rayon, kənd mənim üçün o qədər doğma anlayışlardır ki, məsələn, istirahət deyəndə mənim hələ də ağlıma xaricdə dincəlmək gəlmir. Mən çox imperativ bir ananın övladı olduğum üçün azad ruhlu olmuşam.
Yazıçı Anarın əsərlərini çox bəyənirəm. Anamınn məndən razı qalması üçün onun bəyəndiyi əsərləri oxuyurdum, amma yastığımın altında “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini “gizlədirdim”. (gülür) Yəni ruhumu da razı salmışam, valideynlərimi də. İkili bir həyat sürmüşəm, deyərdim.

– Uşaqlığınıza aid ən yadda qalan hadisə nə olub?

– Uşaqlığım elə dövrə düşüb ki, bu gün azadlığına qovuşan Qarabağla bağlı gərgin vəziyyət başlamışdı. Məm də sosial durumu yüksək olmayan ailənin uşağı olmuşam. Həmişə deyirəm ki, uşaqlığı o dönəmə təsadüf edənlər bir başqa olublar, o durumu iliyinə qədər yaşayıblar. Mən uşaqlıqda hər istədiyimi ala bilməmişəm. İndi isə övladının bir istəyəni iki etməyən valideynlər görürəm.

Bu gün mağazaların önündən keçəndə valideynlər uşaqlarının istədiyi hədiyyəni ala bilməsələr, sosial şəbəkələrdə bircə paylaşım etməkləri bəs edir ki, o uşaq hədiyyəsiz qalmasın. Onun beş qatını almağa hazır olan insanlar var. Amma bizim dövrümüzdə belə olmayıb. Təbii ki, imkan məhdud olanda sənin uşaq olaraq gözün həmişə nədəsə qalır, bu isə kədərli uşaqlıq deməkdir. Amma deməzdim ki, kədərli yaşayıb acı çəkmişəm. Valideynlərim maksimum yaxşı yaşamağım üçün əllərindən gələni ediblər. Düzdür, onların əlində olan imkan o dövr üçün maksimum, bu günün isə, bəlkə də, minimumudur.

– Məktəb illəriniz necə keçib?

– Məktəbdə dərslərimi pis oxumaq üçün çabalayan, amma buna ixtiyarı olmayan uşaq olmuşam. Çünki “dörd” aldığıma görə çox böyük cəzalara məruz qala bilərdim (gülür). Adi “dörd” qiyməti mənim ailəmdə böyük problemə gətirib çıxara bilirdi. Sevdiyim fənləri və sevdiyim ixtisası seçmək mənim üçün sadəcə xəyal olub. Məsələn, hazırda humanitar sahədəyəm, amma illərlə Bakıda o zaman üçün ilklərdən olan Kimya-biologiya təməyüllü liseydə təhsil almışam, sevmədiyim dəqiq elmləri məcburən oxumuşam. Ona görə də məktəblə bağlı xatirələrim ən pis xatirələrdir. Tez-tez dərsdən qaçan, bəzən dəcəllik edən, arada “üç” almaq ixtiyarı olan uşaq olmadığım üçün xoş bir şey yadda qalmayıb.
Hətta indi kimsə deyəndə ki, məktəb illəri yadına düşüb darıxır, mən “belə bir şey mümkündür?!” deyə fikirləşirəm.

– Heç peşmansınız istədiklərinizi etmədiyinizə görə?

– Yaşamadıqlarıma görə peşmançılıq çəkməmişəm. Çünki mənim uşaqlıqda yaşamadıqlarım bu gün yaxşı yaşamağımın əsasıdır.
Azad ruhuma uşaqlıqda icazə verilsəydi, bu gün çox anarxist biri olardım, o ruh məndə var. Çox sevinirəm ki, o zamanlar mənə məhdudiyyətlər qoyulub. Bəzən deyirlər ki, uşağı çox sıxmazlar, çox incitməzlər, çox üstünə getməzlər, mən isə əksini düşünürəm. Uşaqla təbii bir ünsiyyət mütləq olmalıdır. Bizim dövrümüzdə sovet filmləri, konkret maarifləndirici verilişlər var idi. O dövrün uşağının başqa seçimi yox idi. O zamanın “Avropası” bu idi. Adi standartlardan başqa bir şey görmürdük. Mən həmişə deyirəm ki, bizim dövrün uşaqlarının yolunu azma şansı yox idi.

Danışmağı sevdiyim bir hadisədən bəhs edim. Bəxtiyar Vahabzadənin Şəkidə görüşü idi. O zaman mənim beş yaşım vardı. Uşaqlar adətən xoruz-cücə şeiri əzbərliyər, anam mənə Bəxtiyar Vahabzadənin şeirini əzbərlətmişdi. Bəxtiyar Vahabzadə axıra kimi dinlədi. O yaşda uşağın bir poemanı əzbərləməsinə təəccüb etdi. Bu gün çox rahat şəkildə “Gülüstan” poemasını oxumasam da, bilən biriyəm. Bilgimin əsasını o dövr qoyub.

– İxtisas seçiminə gələk. Necə oldu ki, məhz bu peşəni seçdiniz?

– Kiçik yaşlarımda ən böyük arzum rejissor olmaq idi. Həmişə özümə deyirdim ki, nə olmağından asılı olmayaraq, universitet dönəmi gələndə mütləq gedib gizlincə ixtisas qabiliyyət imtahanı verib rejissor olacağam. Amma olmadı. Mən yenə də humanitar sahəni seçdim. Əslində, mənim ixtisasımla indi çalışdığım sahənin də arasında çox böyük fərq var. Çünki mən Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin məzunuyam. İxtisasca diplomat olmalıykən, tamamilə əks mövqeyə – media sahəsinə gəldim.

İlk iş yerim BDU olub. Amma peşə seçimi ərəfəsində həmişə deyirdim ki, eybi yox, ailəmin sevdiyi ən yüksək standartı seçim, onu bitirdikdən sonra artıq öz istədiyim işi görə bilərəm. Bu sahədə özümü zəif hesab etməsəm də, fikrimcə, hər insan peşəsinin ixtisasını alsa, daha yaxşı olar. Bu zaman onun özü üçün də daha rahat olar. Söhbət standart universitet təhsilindən getmir. Treninglərə getmək, peşəkarlardan dərs almaq, seçdiyi sahədə ixtisaslaşmaq işlədiyin zaman sənə çox kömək edir.

– Bəs ailəniz sizə dəstək oldumu?

– İxtisas seçiminə gəldikdə, anam məni yalnız həkim olaraq görürdü. Dəqiq elmələrə yönəltməyi də ondan irəli gəlirdi. Amma mən
Beynəlxalq Münasibətlər üzrə oxudum. Bu sahə isə beynəlxalq mənbələri tələb edir. O zaman yalnız sovet ədəbiyyatı idi. Bizim əlimizdə elə bir ədəbiyyatlar, dərsliklər olmurdu. Anamın mənə dəstəyindən danışım. Bəlkə də, indiki dövrün gənclərinə gülməli gələcək. O zaman internetə çıxış üçün xüsusi internet-kafelər olurdu. Anam mənimlə birgə ora gedirdi, çünki elə məkanlarda oğlanlar daha çox olurdu. Onlar ya oyun oynayır, ya tanışlıq qruplarına, “chat”lara girirdilər. İnternet-kafeyə anasıyla gedən ilk insanlardan olmuşam. Anam yanımda əyləşirdi, birlikdə saytlardan məlumat alırdıq. Yəni təhsildə anamın dəstəyi çox olub.

– Bəs bu gün ən böyük dəstəkçiniz kimdir?

– Fikrimcə, insanın ruhu rahat olanda, hər anıyla barışanda çox şey düzəlir. İki il əvvələ qədər özümə “niyə mən bu olmadım?” sualını verirdim. Amma sonra anladım ki, belə düşüncə mənə heç nə vermiyəcək, heç nə qazandırmıyacaq, əksinə, əlimdə olanları da alacaq, çünki olanlar geri qayıtmır. Etmədiklərin sənə geri dönmür. Bu, həyatın pozulmayan qanunudur. Həyat insana cəmi bir dəfə verilir. Təbii ki, Allahı qəbul edərək, Allahını tanıyaraq, insan özü ilə barışıq olarsa, yetərlidir. O zaman kimdənsə bir gözləntin qalmır. Mən də özümlə barışığam və bu gün üçün xüsusi dəstəyi heç kəsdən gözləmirəm, özümü də heç kimə dəstəkçi bilmirəm.

Mənim üçün iki-üç mərtəbəli evdə yaşamaq şərt deyil, kiçik, komfortlu bir evdə vicdan rahatlığıyla yaşamaq çox önəmlidir. Mənə görə, həyat yoldaşının verdiyi çörəyin şirinliyi önəmli deyil, o çörəyi birgə qazanmaqdan gələn xoşbəxtlik çox önəmlidir. Tək qazansa belə, əsas o neməti bölüşə bilməkdir.

– Nuridə xanım, yaxşı məqama toxundunuz. Bəs siz özünüz “ər çörəyi” yemisiniz?

– Mən 6 ilə yaxın ərimlə birgə çörək yemişəm, “ər çörəyi” yeməmişəm. Sonra yollarımızı ayırdıq, indi ən yaxın dostlarımdan biridir. Bəlkə də, iki gündən bir ünsiyyətdə olduğum yeganə insandır ki, biz onunla hər şeyi danışa bilirik. Çünki iş sahələrimiz eynidir. O, Dövlət Vergi Xidmətində çalışır. Biz Vergilər Nazirliyində işlədiyim dönəmdə tanış olmuşduq.

Ümumiyyətlə, həyatımda dostla belə, yolumu ayıranda bunu sivil qaydada edirəm. Normal, həmişə münasibət saxlaya biləcəyimiz formada uzaqlaşıram. Bu nə sizin, nə də qarşı tərəfin günahı deyil. Sadəcə onun sizin həyatınızdakı missiyası bitib.

Bir şeydən çox xoşbəxtəm ki, həyatıma seçdiyim heç kəsdən peşman deyiləm. Hətta bəzən rəhbərlərimə deyirəm ki, “sizi də mən seçmişəm, çünki bəyənməsəm, o işə gəlməzdim. Həqiqətən, bir kollektivi bəyənməsəm, orda işləyə bilmərəm.

Hərdən mənə zarafatla deyirlər: “Sənin ən çox işlədiyin yer Dövlət Avtomobil Nəqliyyat Xidmətidir. Yəqin, üzünə çox xoş baxırlar”. Bəli, orada çox gözəl mühit yaradılıb. Məsələn, bu gün bura gəlmək üçün izin almamışam. Çünki işçilərə etibar var.

– Həyat yoldaşınızla yenidən bir araya gəlmək ehtimalı varmı?

– Hazırda çörəyi birgə yediyim insan var deyə, mümkün deyil. Bir xasiyyətim var ki, ən sevdiyim şirniyyatı belə, uzun müddət yeyə bilmirəm. Mənim ona olan tələbatım bitdisə, səhhətimə ziyandırsa, yaxud istəmirəmsə, dayandırıram. Heç vaxt “nəfsinə qurban” anlayışını qəbul eləməmişəm.

– İndi həyatınızda olan şəxs keçmiş həyat yoldaşınıza qısqanırmı? Dostluğunuzu, münasibətinizi necə qəbul eliyir?

– Yox, heç vaxt qısqanmır. Tez-tez düşünürəm ki, görəsən, niyə? Yəqin, o, “sufiliyin daha yüksək mərhələsinə” məndən əvvəl çatıb. Deyir ki, “insanlar bir-birinə etibar eləməlidirlər. Sənin və ya həyatındakı hər hansı insanın məni aldatmaq fikri varsa, mən onu nə qədər qısqansam da, sıxsam da, istədiyini edəcək”. Heç kəs nəyisə qarşıdakından qorxduğu üçün etmir. Bütün xəyanətlər, arxadan vurulan zərbələr varsa, hardasa üzə çıxacaq. Bunu edənləri qınayırammı? Mən heç kəsi qınamıram. Hər kəs həyatına düşəni yaşayır. Çox ağır səslənə bilər, amma, müəyyən cinayətlər istisna olmaqla, hətta cinayətkarları da qınaya bilmirəm, çünki həmin an o insanın hansı halda bunu etdiyini bilmirəm.

– Sirr deyilsə, hazırda həyatınızda olan şəxslə necə tanış olmusunuz?

– Biz bir qonaqlıqda tanış olmuşuq. İkimizin söhbəti bir-birini çəkdi. Hərdən o zarafatla deyir ki, məni bir il qadın kimi görməyib. İki kişi kimi iş mövzusunda söhbət edirdik. Elə bilirdim, həmişə belə davam edəcək.

– Sizcə, kişilər daha çox yalan danışır, yoxsa qadınlar ?

– Qadın çox sıradan yalan danışa bilər: filan yerə getmədim, filan işi görmədim, filan paltarı bu qiymətə aldım. Amma kişinin danışdığı az, yalanları əzən dəhşətli olur. Qadın yalanları bəzən yersiz, mahiyyətsizdir. Kişi isə sənə hər gün yalan demir, deyəndə də elə deyir ki, bəs edir.
Qadın planlı şəkildə etdiyi üçün sıxıntı yaşamır. Yalan deməmişdən əvvəl elə plan qurur ki, əksini sübut etmək çətin olmasın.

– Yalanı bağışlaya bilərsiniz?

– Xırda yalanları bağışlayaram, çünki özüm də bəzən nəyisə şişirdirəm. Olmayan bir məsələdə özümü müdafiə üçün nəyisə qabardıram.

– Kinlisiniz?

– Qətiyyən. Heç bilmirəm, o hiss necə olur. Dostlarım da bilir ki, kimləsə çox böyük dava edə bilərəm, on beş dəqiqə sonra isə özümü heç nə olmamış kimi aparıram. Bəlkə də, ən pis xasiyyətim budur.

– Uşaqlıqda hər kəsin bir arzusu olur. Kimisi maşın almaq, kimisi hər hansı bir ixtisasa yiyələnmək, kimisi də milyonçu olmaq istəyir. Bəs Nuridə xanımın uşaqlıq arzusu nə olub ?

– Bu gün çatdığım bir nöqtədə dərk edirəm ki, böyük arzuları olmayan adam olmuşam. Həmişə anı yaşamışam. Bəlkə də, inanmayacaqsız, amma hər səhər oyanıram, günəşi, evdə saxladığım pişiyimi, yaxınlarımı görürəm. O anın xoşbəxtliyini yaşayıram. Yəni mənim arzularım bu qədər kiçikdir. Can sağlığı ilə yaxınlarımı yanımda görmək mənim üçün yetərlidir”.

Daha çox xəbərlər