Sosial 

Səkidə olan zibil konteynerləri dolub-daşır

Paytaxtın mərkəzi küçəsində insanlar məişət tullantılarının içindən keçərək hərəkət edir.

ARANTV.AZ xəbər verir ki, sözügedən mənzərəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Nəsimi rayonu, Rəsul Rza küçəsindən gedir.

Paylaşımlarda hər gün bu küçədəki zibil konteynerlərinə həm sakinlər tərəfindən, həm də yaxınlıqda yerləşən obyektlərdə gün ərzində yığılan məişət tullantılarının atıldığı qeyd edilir.

Eyni zamanda zibil konteynerlərinin piyadalar üçün nəzərdə tutulan piyada səkisində qoyulması da narazılığa səbəb olan məqamlardan biridir.

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə zibil konteynerlərinin sayı artırılacaq:

“Foto gecə saatlarında çəkilib. Gündüz həmin ərazidə tıxac olduğuna görə, zibil yığan maşınlar daxil ola bilmir. Məişət tullantılarını ancaq gecə saatlarında, yollar boşaldıqdan sonra ərazidən yığmaq olur. Yəqin gecə zibil yığan maşınlar tıxacda yubanıb və nəticədə belə bir mənzərə yaranıb.

Zibil konteynerlərinin piyada səkisindən götürülməsi isə heç cür mümkün deyil. Ərazinin iki tərəfindən söküntü işləri gedir, bir tərəfi hasarlanıb. Zibil konteynerlərinin yerinin dəyişdirilməsi üçün münasib başqa yer yoxdur. Amma zibil konteynerlərinin sayını yenidən artıra bilərik”.

Daha çox xəbərlər