Gündəm 

“Cıdır düzündə rəqs edərkən şəhidlərimizin ruhunu hiss edirdim”- Video

“Fire Land Production”un təşkilatçılığı və Şuşa Şəhəri Dövlət Qoruğunun dəstəyi ilə həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində Şuşada Cıdır düzündə, İsa bulağında Xalq artisti Təranə Muradova uzun illərdən sonra rəqs edib.

Xalq artisti  Təranə Muradova Moderator.az-aaçıqlamasında rəqs zamanı sevinc göz yaşlarını saxlaya bilmədiyini bildirib:

“Cıdır düzündə “Sarı gəlin” rəqsini ifa edəndə böyük bir xoşbəxtlik hiss etdim, amma o xoşbəxtliyin içində kədər də vardı. Orada rəqs etdikdə şəhidlərimizin ruhunu hiss etdim. Onların ruhu mənə böyük bir güc verdi. Mən çox xoşbəxtəm ki, 30 ildən sonra Şuşaya qayıtdım. Orada yaşadıqlarımı sözlə  ifadə etmək mümkün deyil, onu hiss etmək lazımdır.

Biz orada çəkiliş edəndə dağlarda musiqinin səsi dağılır, musiqi zəif eşidilirdi. Mən isə ruhumun səsini dinləyir, şəhidlərimizin orada bizi gördüyünü, ruhlarının bizimlə olduğunu hiss edərək oynadım. Onların ruhunu hiss edərək rəqs etmək mənə çox xoş idi. Səhər saat 5-dən oyanıb, çəkilişlərə başladıq. Çəkiliş zamanı hava sərt və soyuq idi, mən isə o soyuğu hiss etmirdim. Amma ruhların şad olduğunu çox yaxşı hiss edirdim.

 

Bilirsiniz ki, 6 ildir səhnəyə çıxmıram. 6 ay bundan öncə həyat yoldaşımı itirmişəm. Mənim üçün səhnəyə çxımaq rəqs etmək ağır idi. Buna baxmayaraq “Fire Land Production tərəfindən təklif gələndə dedim ki, mütləq mən oraya gedəcəm. Bu mənim arzum idi.

Orada olanda Cıdır düzünə qalxdım və oradan Şuşanın əzəmətli dağlarını seyr etdim, düşünəndə ki, bizim oğullarımız bu dağları necə qalxıb, Şuşanı fəth ediblər, insan vahimələnir. Mən rəqs edəndə də, o şəhidlərimizin ruhunu hiss edəndə də göz yaşlarıma hakim ola bilmirdim. Operator yaxndan kadr götürmədi. Rəqs zamanı diz üstündə dayananda Allaha yalvarırdım, təşəkkür edirdim,  şəhidlərimizə rəhmət oxuyurdum. Bu sizə asan gəlməsin. Ana üçün bala itirmək… Allah heç kimə göstərməsin. Ömrümün sonuna qədər şəhidlərimizə rəhmət oxuyacam.

 

30 il bu torpaqlara həsrət qalmışdıq. Şuşa işğal olunanda arzulayırdım ki, Qarabağ işğaldana azad olunsun və Cıdır düzündə Azərbaycan musiqisi səslənsin, festivallarımız keçirilsin, muğamlarımızın səsi eşidilsin. Bu gün isə arzuların reallaşdığı gündür”.

 

Xəyalə Rəis

Daha çox xəbərlər