Azərbaycan Respublikasının Dövlət bayrağı qürur mənbəyimizdir.
Torpaq – Vətən deməkdir, Vətən – dövlətdir, dövlətin rəmzi – bayraqdır. Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır. Dövlət bayrağımız suverenliyimizin rəmzidir.
Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İmperiya onu 1920-ci ildə süquta uğratdı. Dövlət ilhaq edildi, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadı, yaşadıldı. Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
Nəticədə 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Dövlət bayrağımız Avropanın mərkəzində dalğalanmağa, varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən mərasimdəki çıxışında bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğuladı: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Bakıda dünyanın ən uca bayraqlarından birinin dalğalandığı Dövlət Bayrağı Meydanının təntənəli açılışı Ali Baş Komandanın bir daha dövlət rəmzlərimizə sevgisinin bariz nümunəsidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir.
Bakıda, Dövlət Bayrağı Meydanında Azərbaycanın 103 yaşlı üçrəngli bayrağı dalğalanır; ən ucalıqda, dünya miqyasında bənzərsiz ucalıqda. səkkizbucaqlı, ulduzlu hilalımız 20 ildən çoxdur ən mötəbər beynəlxalq qurumların qarşısında bütün dövlətlərin bayraqları ilə bir sıradadır. Bayrağımızın yaranmasının və ilk dəfə dalğalanmasının 103-cü payızıdır. Millətimiz 103 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün ağır sınaqlarla üzləşdi – qalib gəldi. Bu qələbə işığın qaranlıqları əritməsi qələbəsidi. Mübarizlər – ömrünü bu mübarizəyə həsr edənlər millətin millət olması üçün yaşamaq hüququndan keçdi.
Hər vətəndaşın mənəvi dünyası Dövlət bayrağıyla bağlıdır. Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür.
Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin Sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 2009-cu il 17 noyabr tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Milli Bayraq Günü kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırmış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir.
Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılmışdır. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər.
Milli bayrağımızdakı mavi rəng – türkçülüyü, qırmızı rəng – müasirliyi, yaşıl rəng – islamçılığı ifadə edir. Bayrağın üzərindəki aypara türk xalqlarının simvolu, səkkizguşəli ulduz isə 8 oğuz-türk tayfasının adı ilə bağlıdır.
Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır. Hal-hazırda Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalanır. Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi və verilməkdə davam edir. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri altında Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. Azərbaycan üçrəngli bayraqlarla bəzənib. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayır. Azərbaycanın şanlı ordusu yeni tarix yazır. Şanlı Azərbaycan Ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində hazırda üçrəngli Azərbaycan bayrağı azad olunmuş doğma ərazilərimizdə – Füzuli, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Zəngilanda, Qubadlıda, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər doğma ərazilərin də düşmən tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və bu yaxın vaxtlarda böyük qələbəylə başa çatdırılacaqdır !
Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Türkan Şadlinskaya

