Yeni Konstitusiyanın qəbulu davamlı inkişafın əsasını qoydu.
Hər bir dövlət haqqında təəssürat həmin ölkənin Konstitusiyası ilə tanışlıqdan başlayır. Konstitusiya hər bir ölkənin keçmişini, bu gününü, gələcəyini, həyat və idarəçilik tərzini, insan haqlarını və dövlət rəmzlərini özündə əks etdirən hüquqi, siyasi, tarixi bir sənəddir.
Müasir dövrümüzdə hər bir dövlətin sivil inkişafı, demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil Azərbaycan Respublikasında 20 il bundan öncə – 12 noyabr 1995-ci il tarixində bilavasitə ulu öndər Heydər Əliyevin müəllifliyi ilə ilk milli Konstitusiyamız ümumxalq səsverməsi ilə qəbul edilmişdir.
1991-ci ilin oktyabrında Azərbaycan Respublikası müstəqillik qazansa da, bunun ilk atributu olan Konstitusiyanın hazırlanması və qəbulu üçün heç bir iş görülmədi, bu taleyüklü məsələ ilə məşğul olan tapılmadı. Yalnız 1993-cü ildə xalqın istək və tələbi ilə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra, bilavasitə onun təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı və geniş müzakirələrdən sonra təqdim edilmiş təkliflər də nəzərə alınmaqla layihə ümumxalq səsverməsinə təqdim olundu. 1995-ci il noyabrın 12-də referendum yolu ilə mürəkkəb keçid dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.
Ölkəmizdə demokratik inkişafın başlanğıcını qoyan Konstitusiya dünyanın sivil dəyərlərinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm hüquqi təməl yaratmışdır. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Azərbaycanın ilk Konstitusiyasının digər sovet respublikalarının, ilk növbədə, RSFSR-in Konstitusiyasından fərqlənən bir sıra əlamətləri mövcud idi. Konstitusiyada dövlət aparatının təşkili və fəaliyyətinin əsas prinsipləri sistemi təsbit olunurdu. Azərbaycanın ali hakimiyyət və idarəetmə orqanlarının, eləcə də yerli dövlət hakimiyyəti orqanlarının təşkili və fəaliyyət qaydası müfəssəl tənzim edilirdi. Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və hüquqi həyatında baş verən yeniliklər 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər qurultayı tərəfindən ikinci Azərbaycan Konstitusiyasının qəbul edilməsilə nəticələndi. 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. 1978-ci il aprelin 21-də isə Azərbaycan SSR-in həmin Konstitusiyaya uyğunlaşdırılmış dördüncü Konstitusiyası qəbul edildi. Strukturuna görə həmin Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddəni özündə birləşdirirdi. Bu Konstitusiya digərlərindən daha təkmil və geniş idi. Burada ictimai, siyasi sistemin, iqtisadi quruluşun əsaslarından, vətəndaşlıq hüququndan bəhs olunurdu, vətəndaşların hüquq və azadlıqları, vəzifələri ilə bağlı ayrıca bölmə və fəsillər nəzərdə tutulmuşdu, dövlət hakimiyyəti orqanlarının hüquqi vəziyyəti məsələləri geniş şəkildə təsbit olunmuşdu. Azərbaycan xalqı yalnız 18 oktyabr 1991- ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş görülməmişdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ulu öndərin sədrliyi ilə konstitusiya layihəsi hazırlanmışdır. Beləliklə, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir.
Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək bununla bağlı yaradılmış xüsusi Komissiyaya şəxsən rəhbərlik edən Ümummilli lider Heydər Əliyev xalqımızın milli mənəvi dəyərlərini, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq müasir Konstitusiyanı yaratmaqla hüquqi dövlətin Azərbaycan modelini gerçəkləşdirmişdir.
Ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən və ali hüquqi qüvvəyə malik olan Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmin olunması dövlətin ali məqsədi kimi bəyan edilmiş, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.
Əsas qanunun qəbulundan sonra ümummilli liderin rəhbərliyi ilə ictimai həyatın bütün istiqamətləri üzrə, xüsusilə hüquq sahəsində köklü islahatlara başlanılmış, yeni məhkəmə sistemi formalaşdırılmış, demokratik dövlətə xas olan təsisatlar, o cümlədən konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi yaradılmışdır. Eyni zamanda, dövlətin cəza siyasətində əsaslı dəyişikliklər edilərək cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş, ölkəmizdə Əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının bəyan olunma dərəcəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası 1948-ci il tarixli “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” 1950-ci il tarixli Avropa Konvensiyası, “İqtisadi, sosial və mədəni hüquqlara dair 1966-cı il tarixli Beynəlxalq Pakt”, “Mülki və siyasi hüquqlara dair 1966-cı il tarixli Beynəlxalq Pakt”, “Mülki və siyasi hüquqlara dair Beynəlxalq Pakta” 1966-cı il tarixli fakültativ protokol, Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il tarixli Yekun aktı da daxil olmaqla beynəlxalq – hüquq standartlarının bütün tələblərinə cavab verir.
Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) təsisatının yaradılması ideyası ilk dəfə 22 fevral 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanla gündəmə gəlmiş, bundan qısa müddət sonra 18 iyun tarixli Sərənjamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda isə həmin institutun yaradılması ilə bağlı konkret tapşırıq nəzərdə tutulmuşdur.
İnsan hüquqları sahəsində tənzimləyici milli mexanizmlərin təkmilləşdirilməsi işi davam etdirilmiş, ölkəmiz bu sahədə mühüm beynəlxalq sənədlərə qoşulmuş, konvension normaların implementasiyası baxımından “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun böyük əhəmiyyəti olmuşdur. Hesab edirik ki, müasir dünyamızda gedən hazırki proseslər, beynəlxalq səviyyədə mövcud olan ikili standartlar, kütləvi insan tələfatlarına gətirib çıxaran ekstremizm tendensiyaları bütün mütərəqqi qüvvələri insan haqlarının müdafiəsi, pozulmuş hüquqların bərpası, qaçqın və məcburi köçkün məsələlərinə xüsusi diqqət yetirilməsinə səfərbər etməlidir. Qeyd etməliyəm ki, bu baxımdan “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbulu da əhəmiyyətli olmaqla, ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin daha da inkişafına öz töhfəsini verəcəkdir.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi – Türkan Şadlinskya

