Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir.
26 noyabr 2021-ci il tarixdə Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş keçirilmişdir. Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ilə Rusiya arasında İkitərəfli münasibətlərin sürətlə inkişaf etməsindən, hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsinin reallaşmasından, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılmasından, 15 mindən çox azərbaycanlı tələbənin Rusiyanın ali məktəblərində təhsil almasından danışdı.
Möhtərəm Prezidentimiz rəsmi şəxslər arasında qarşılıqlı səfərlərin yüksək dinamikasından danışdaraq qeyd etdi ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.
Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub.
Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın vəgələcəkdə yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. İki ölkə arasında müharibəyə son qoymuş Üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və bu il bütövlükdə, müsbət səciyyələndirilir. İl ərzində çox mühüm hadisələr baş verib. Fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq.
Azərbaycan həmişə, istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistan tərəfə verilib. Yaralanmış hərbi qulluqçulara azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib. Azərbaycan həmişə humanizm prinsipinin aliliyini əsas götürüb və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindədir. Azərbaycan Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir və bu formatda öz məqsədlərimizə çatacağıq.
26 noyabr Bəyanatında Azərbaycanın mövqeyi tam şəkildə əks olunub. Üç tərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu:
– Bəyanatda Qarabağ ifadəsi yoxdur;
– Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmur;
– sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edilir;
– avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub;
– hər hansı bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb;
– ölkələr Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq edirlər;
– Rusiya prezidenti “dəhliz” dedikdə “avtomobil və dəmir yolları” demiş, həmçinin mətbuat konfransında dəfələrlə “dəhliz” ifadəsini işlətmişdir;
Üçtərəfli işçi qrupların fəaliyyətinin təşviqi bəyanatına əsasən 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti davam etdiriləcəkdir. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin həyata keçirilməsi zəruriliyi qeyd olunur. Üçtərəfli görüşdən bir həftə sonra Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanıb.
26 noyabrda imzalanmış sənəddə Minsk Qrupuna dair bir dənə də olsun bənd yoxdur. Həmsədr institutu koordinasiyalı şəkildə işləyə bilmir və nəticədə onun fəaliyyəti yalnız formal xarakter daşıyır. Həmsədrlərdən yalnız Rusiya daha aktiv təşəbbüskardır.Bununla da status məsələsi artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarılıb.
Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki, öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq. Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü Ermənistandır.
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir. Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir. Bu yolda möhtərəm Prezidentimizə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Arifət Əhmədova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin direkoru



