Bakının gizli cənnəti, sakuraları ancaq burada görmək olar – REPORTAJ, FOTOLAR
Sakura gözəlliyini görmək üçün uzaq Yaponiyaya getməyə ehtiyac yoxdur.
Bakının bu gizli cənnətində eyni ab-havanı yaşamaq mümkündür. Söhbət paytaxtın Xətai rayonunda yerləşən Yapon bağından gedir.
Musavat.com-un əməkdaşı sözügedən bağda olub, maraqlı kadrlar lentə alıb.
Məlumat üçün bildirək ki, Yapon bağı Heydər Əliyev Parkı ərazisində salınıb. Açılışı 2015-ci ildə olan bağda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Bağda qədim yapon mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib.

Bağa gözəllik verən isə əlbəttə ki, bənzərsiz sakura ağaclarıdır.
Sakura yapon albalısı kimi tanınır. Bu zərif ağac, əsasən dekorativ məqsədlə yetişdirilir və dünyanın ən gözəl çiçəkləyən ağaclarından biri hesab olunur. Adətən ağac formasında olsa da, bəzi növlərinə kol şəklində də rast gəlinir. Onun açıq çəhrayı və ya ağ rəngli çiçəkləri yazın gəlişini simvolizə edir.

Sakuranın ən diqqətçəkən xüsusiyyəti isə çiçəkləmə müddətinin çox qısa olmasıdır-cəmi 7-10 gün. Açıq çəhrayı çiçəkləri mavi səma altında, yaşıl ağaclar arasında xüsusi gözəllik yaradır. Bu gözəlliyi görmək üçün hər il minlərlə turist Yaponiyaya səfər edir. Uzaq Şərqə səyahət etmək imkanı olmayanlar isə bu fürsəti Bakıda əldə edə bilərlər. Ziyarətçilər arasında yapon anime obrazında fotosessiya etdirənlər də deyəsən elə özlərini Yaponiyada hiss edirdilər.

Bir sözlə, təbiətin ən incə və gözəl nümunələrini öz gözlərinizlə görmək istəyirsinizsə, yolunuzu Yapon bağından sala bilərsiniz.
Nigar Həsənli,
Fotolar müəllifindir
Musavat.com

