Sosial 

“Erkən nikah və qohumlar arasında nikahın mənfi fəsadları”

Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşdan aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan ailə qururlar. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil  həm  psixoloji,  həm  sosioloji, həm də fiziki  cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə şərait yaratmalıdırlar. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır. Eyni zamanda “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir. Erkən yaşda nikaha daxilolma sosial problem kimi hazırda dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Beynəlxalq standartlara görə, uşaqların erkən yaşda nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində vurğulanır ki, yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Erkən nikahların mənfi təsirləri, fəsadları kifayət qədərdir. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Çünki normal təhsili, peşə bacarıqları olmadığından, öz ailəsi də arxa çıxmadığından özünün gündəlik tələbatlarını reallaşdırmaq onlar üçün mümkünsüz olur, bəzən də onlar cinayətkar insanların təsiri altına düşə bilirlər. Təəssüf doğuran odur ki, erkən yaşda ailə həyatı qurmaq çox halda valideynin arzusu, daha dəqiq desək, tələbi ilə həyata keçirilir.

Qohum nikahların fəsadları barədə maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu gün də kifayət qədər qohumlar arasında nikahlar bağlanır. Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlar çox qurulur və belə nikahlardan doğulan uşaqların xəstə olması riski çox yüksəkdir. Qohum nikahların əsas fəsadı doğulan uşaqlarda genetik xəstəliklərin rastgəlmə tezliyinin daha çox müşahidə olunmasıdır. Qohumlar arasında bağlanmış nikah sonsuzluğun da səbəbi ola bilər, ya da dünyaya gələn uşaqlarda əzələ, sinir sistemi xəstəlikləri olur və ya bu uşaqlar anadangəlmə qüsurlarla da dünyaya gələ bilər. Qohum evliliyi, xüsusilə ən yaxın qohumlar arasında evlilik birmənalı şəkildə ətraflı təhlil olunmur. Bu məsələyə tibbi baxımdan yanaşsaq, belə cütlüklərin izdivacı çox hallarda xəstə övladların dünyaya gəlməsinə səbəb olur. Tibb işçiləri həyəcan təbili çalırlar ki, qohumla evlənən insanlar öncədən müəyyən testlərlə yoxlanmalı, sonra evlənmək qərarı verməlidirlər. Onlar bildirirlər ki, yaxın qohumların evliliyindən dünyaya gələn uşaqlarda müəyyən fiziki və əqli məhdudiyyətlərin olması ehtimalı var. Bəziləri ya gələcəkdə bu səbəbdən hansı probemlərlə qarşılaşacaqlarından xəbərsizdirlər, ya da qohumluq əlaqələrinə o qədər bağlıdırlar ki, bunu nəzərə almayıb yenə də qohum nikahını dəstəkləyirlər. Bəzi insanlar sağlamlıq barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi, dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır. Amma hər bir halda sevgi və ənənələrin gücünün qarşısında müqavimət göstərmək çox çətin olsa da, hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır.

Unutmamalıyıq ki, gələcəyimiz bu gün qurulan sağlam ailələrdən, sağlam övladlardan asılıdır. Ailə genofondumuzu qorumaq üçün bütün səylərimizi gücləndirməliyik!

Naftalan şəhər Qeydiyyat şöbəsinin rəisi:                         Aytəkin Səmədzadə

Daha çox xəbərlər