“Məkkə” qəzeti ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib
Səudiyyə Ərəbistanının “Məkkə” qəzetində xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə məlumat verilib. Yazıda qeyd olunub ki, hər bir xalqın böyük şəxsiyyəti, lideri, yol göstərən rəhbəri var. Heydər Əliyev Azərbaycan xalqının iftixar etdiyi dahi şəxsiyyətdir. Hər il müxtəlif zümrələrdən olan azərbaycanlılar Heydər Əliyevin vəfatının ildönümündə öz xilaskarının əziz xatirəsini anır.
Müəllif vurğulayır ki, 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu Öndər 1982-ci ilədək respublikanın tərəqqisi naminə misilsiz xidmətlər göstərib. Onun 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri olub. Müstəqillik illərində yenidən ölkəyə rəhbərlik edən Heydər Əliyev suverenliyin möhkəmləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yorulmaz fəaliyyət göstərib. Ulu Öndərin prezidentliyi dövründə zəngin təbii sərvətlərə malik olan ölkəmiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb, sürətli iqtisadi inkişafa nail olunub.
Məqalədə qeyd olunur ki, Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirib. Bu gün ölkəmiz regional məsələlərin həllində həlledici rol oynayır, qonşu ölkələrin də tərəqqisinə töhfələr verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan otuz il davam edən işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edib, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı 44 günlük Vətən müharibəsində Ermənistan üzərində Qələbəni təmin edərək düşməni kapitulyasiyaya məcbur edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə dair vəsiyyətini yerinə yetirib, xalqın birliyinə və rifahına nail olub.
AZƏRTAC

