Yeni təşəbbüslər ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirir
Dövlət başçısı İlham Əliyevin «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncamı Böyük Qayıdışın yaxınlaşmasından xəbər verir
Tarixi Zəfərimizdən bir il keçib. Ötən bir il Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin həyatında mühüm hadisələrlə, genişmiqyaslı bərpa və quruculuq işləri ilə yadda qalıb. Zəfərimizdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri, ilk olaraq mənəvi baxımından daha çox önəm daşıyan Zəfər yolunun təməlinin qoyulması bərpa və quruculuq işlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə noyabrın 30-da Qərargahın ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti iclasında görülən işlərin xronologiyası açıqlanmışdır. Belə ki, işğaldan azad edilmiş ərazilərin çoxsahəli potensialına uyğun olaraq bölgədə iqtisadi fəaliyyətin qısa zamanda bərpası istiqamətində görülmüş işlərə dair məlumat verilərək qeyd edilmişdir ki, sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılıb. Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılıb. Kənd təsərrüfatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Taxıl əkini məqsədilə artıq on minlərlə hektar ərazidə şumlama işləri aparılıb, bitkiçiliyin, heyvandarlığın, arıçılığın inkişafı üçün prioritet istiqamətlər müəyyən edilib. Hər bir bölgənin inkişafında əsas amil olan infrastukturun bərpasına və yeniləşməsinə gəldikdə isə qeyd etmək olar ki, oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı dünya praktikasında ən sürətli icra edilmiş infrastruktur layihələrindən biridir. Artıq Zəngilan Hava Limanının da uçuş-eniş zolağında ərazi minalardan təmizlənib və tikinti işləri davam edir. Laçın Hava Limanının isə yeri müəyyən edilməklə plan-sxemlər hazırlanıb və hazırda tikinti işlərinə başlanması üçün baza yaradılır. Əvvəldə də qeyd etdiyimiz kimi, ötən ilin noyabrın 16-da təməli qoyulan “Zəfər Yolu”nun tikintisi müvəffəqiyyətlə başa çatdırılıb və cari il noyabrın 7-də açılışı olub.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri hər zaman yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Xatırlasaq, cənab İlham Əliyevin hər səfərində böyük sevinc hissi ilə qeyd etdiyi məqamlardan biri, bu ərazilərdə günəşin də çıxmasıdır. Sanki hava da bu gəlişdən sevinir. 30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmiş, erməni xislətinə uyğun addımlar atılmış, hər tərəf dağıntı içərisində olmuşdur. Tarixi, dini abidələrimizi tamamilə dağıdan, məscidlərimizdə donuz saxlayan ermənilər bu əməlləri ilə 30 il necə vəhşi ilə üz-üzə qaldığımızı dünyaya göstərirlər.
O da məlumdur ki, bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası həyata keçirilir. Dövlət başçısı İlham Əliyev strategiyanın hazırlanması ilə bağlı Sərəncam imzalayıb. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrindən bəhs edərkən “İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır” bildirən ölkə Prezidenti bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bildirir.Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər. Dövlət başçısı İlham Əliyev xarici şirkət nümayəndələri ilə videoformatda görüşü zamanı bildirmişdir ki, birinci layihədə Türkiyə şirkəti iştirak edir. Bu, təbiidir. Çünki qardaş ölkə olan Türkiyə bizim bütün bərpa işlərində fəal iştirak edəcək. Artıq bir neçə Türkiyə şirkəti bərpa işlərində, infrastruktur layihələrində iştirak edir. Əslində bu, azad edilmiş torpaqlarda inşa edilən birinci kənddir. Əlbəttə ki, bu kəndin çox böyük önəmi var. Çünki Böyük Qayıdış bu gün başlayır.
Yuxarıda qeyd etdiyimiz kimi, azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məslə kimi öndədir. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Yeni tikiləcək beynəlxalq hava limanları Qarabağ zonasını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına böyük kömək olacaq. Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.
Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Hazırda beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd edirlər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Göründüyü kimi, qısa təhlil Qarabağın hansı potensiala malik olduğunun və onlardan səmərəli istifadənin hansı uğurlara yol açacağının aydın mənzərəsini yaradır. Çıxışlarında Azərbaycanın son 18 ildə qazandığı uğurlara, keçdiyi inkişaf yoluna diqqət yönəldən dövlətimizin başçısı İlham Əliyev düzgün qurulan siyasətin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizi qorumağa əsas yaratdığını xüsusi qeyd edir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi böyük qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.» Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” məhz bu istəklərin reallığa çevrilməsinə hədəflənib. Bu sənədin ardınca iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman imzalandı. Dövlət başçısı İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli «İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Sərəncamı da işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması kimi məqsədləri özündə ehtiva edir. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaq. Həmin ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.

