Əsas səhifə 

Əgər gələcəyə baxmaq, yeni müharibə riskini minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik – Prezident İlham Əliyev

Dövlətimizin başçısı İspaniyanın “El Pais” qəzetinə müsahibəsində davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayır

Dövlət başçısı İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələri və çıxışları, bəyanatları, xarici jurnalistlərlə 4 saatlıq mətbuat konfransı, dünyanın aparıcı “beyin mərkəzləri”nin nümayəndələri ilə görüşü, habelə mühüm beynəlxalq platformalarda nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, o, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Postmüharibə dönəmində də ölkə Prezidenti İlham Əliyevin informasiya sahəsində fəaliyyəti, dünya ölkələrinin  televiziya kanallarına,  aparıcı mətbu orqanlarına müsahibəsi ilə informasiya meydanında ölkəmizin mövqeyini, atılan addımların məntiqini ustalıqla, tam aydın şəkildə, səlis izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır.

Ölkə Prezidenti İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsi də bu baxımdan mühüm önəm daşıyır. Dövlətimizin başçısı əvvəlki müsahibələrində olduğu kimi, “El Pais” qəzetinin müxbirinin respublikamızın haqlı mövqeyi ilə bağlı sualları da təmkinlə, uzaqgörənliklə, siyasi peşəkarlıqla əsaslandırır, məsələnin mahiyyətini səbrlə izah edir, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini, habelə dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirir. Dövlətimizin başçısı adıçəkilən müsahibədə də xüsusi olaraq davamlı sülhün təmin olunması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayır.

Prezident İlham Əliyev  sözügedən müsahibənin əvvəlində müxbirin Ermənistanla hazırkı vəziyyət barədə sualına cavabında müharibədən ötən bir ildən çox bir müddət ərzində Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət daşıdığı ərazinin Ermənistan-Azərbaycan sərhədi ilə müqayisədə daha çox sabit olduğunu bildirib. Dövlətimizin başçısı sərhəddə törədilən təxribatların, toqquşmaların səbəbini isə haqlı olaraq Ermənistanın qisas almaq cəhdlərindən əl çəkməməsilə əlaqələndirib: “İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.”

Dövlətimizin başçısı müsahibədə vurğulayıb ki, Ermənistanın son vaxtlar törətdiyi təxribatlar həm də məlum ərazidə dövlət sərhədinin təyin olunmaması ilə bağlı idi. Prezident bildirib ki, buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi: “Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq.”

Prezident İlham Əliyev müsahibədə, həmçinin Qarabağ müharibəsinin bitməsindən dərhal sonra Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağın, delimitasiya üzrə birgə işçi qrupu yaratmağın və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağın təklif edildiyini, lakin bu ölkənin vurğulanan məsələlərə laqeyd münasibət bəslədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq.”

Müsahibədə müxbirin dövlətimizin başçısına verdiyi “Sizcə Ermənistanla, sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?” sualına cavab olaraq dövlət başçımızın söylədiyi fikirlərə nəzər salmaq istərdik: “İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu bəyanat, əslində, danışıqlar prosesini məhv etdi və onların keçən il yaşadığı acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.”

Prezident İlham Əliyev bəhs olunan müsahibəsində jurnalistin “Ermənistanla münasibətləri normallaşdırmaq üçün Siz sərhədləri açmağa hazırsınızmı və bunun baş verməsi üçün şərtlər nədir?” sualına cavabında deyib: “Bəli, biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup çərçivəsində bir neçə dəfə danışıqlar baş tutub. Bu işçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışıqların bir neçə mərhələsi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var və biz Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaçılmaz olduğuna inandıra bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmişkən, keçən ay Soçidə Prezident Putinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Yeri gəlmişkən, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.”

Azərbaycan lideri müsahibəsində bir daha cəsarətlə bəyan etdi ki, Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib: “Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz, güc yolu və siyasi vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır. Çünki postmüharibə vəziyyətinin gedişatından gördüyümüz kimi əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar.

Ona görə də Ermənistan istənilən düşmənçilik hərəkətindən, ərazi iddialarından çəkinməli və sülh sazişi üzərində çalışmalıdır: “Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də, biz xalqlar arasında təmaslar da daxil olmaqla münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırıq. Lakin hələ ki, Ermənistan tərəfdən heç bir müsbət işarə almamışıq.”

Müsahibənin sonunda cənab İlham Əliyev bildirib ki, biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar. Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəmizin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi.

Günümüzün reallığı onu deməyə əsas verir ki, 44 günlük İkinci Qarabağ müharibəsində  qazandığımız tarixi Zəfərimiz Azərbaycanın regionda və dünyada möhkəmlənən mövqeyinə yeni əlavələr etməklə yanaşı, postmüharibə dövrünün reallıqlarına, bir daha işıq salaraq Ermənistana və onun  “revanşist” xislətli havadarlarına ciddi mesajlar və xatırlatmalar edir.

Belə olan halda da məğlub Ermənistan isə mövcudluğunu birdəfəlik itirmək, daha da məhv olmaq istəmirsə, revanşizmdən əl çəkməli, sülh razılaşmaları üzərində çalışmalı və postmüharibə dövrünün reallıqlarına uyğun davranmalıdır. 30 ilin ədalətsizliyi  fonunda Ermənistan üçün bundan başqa yol yoxdur!

Daha çox xəbərlər