Siyasət 

Putin müharibə hazırlığında, ABŞ-la gərginlik pikdə – çəmbər daralır

Rusiya lideri Qərbi hədələdi, Putin Vaşinqton, Paris və Berlindən tələb edir ki, Kremlin cızdığı “qırmızı cizgilər”lə bağlı təcili danışıqlara başlasınlar; üç ekspertdən maraqlı proqnozlar

Rusiya – Qərb cəbhəsində gərginlik artan xətt üzrə inkişaf edir. Hətta ABŞ və Rusiya liderlərinin görüşü də vəziyyəti stabilləşdirə bilmədi və getdikcə proseslər tünd rəng almaqdadır. “Yeni Müsavat” yazır ki, Kreml başçısı Vladimir Putin Müdafiə Nazirliyi Kollegiyasının geniş müşavirəsində çıxışı zamanı hətta ABŞ və onun müttəfiqlərini hədələyib. Rusiya prezidentinin sözlərinə görə, onlar başa düşməlidirlər ki, Vaşinqtonun Ukrayna ilə bağlı planlarına görə Moskvanın geri çəkiləcək yeri yoxdur.

Sitat: “Onların indi Ukrayna ərazisində etdikləri və ya etməyə çalışdıqları və planlaşdırdıqları bizim milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, bu, bizim evimizin astanasındadır”. 

O, həmçinin xatırladıb ki, əvvəllər Vaşinqton dəfələrlə başqa ölkələrin daxili işlərinə qarışıb. Putinin sözlərinə görə, xüsusilə İraq, Suriya və keçmiş Yuqoslaviyadan söhbət gedir. Rusiya liderinin açıqlaması o deməkdir ki, qulağımızın dibində etdikləriniz birbaşa təhdiddir və buna imkan verməyəcəyik.

Eyni zamanda Putinin bu çıxışı Ukrayna ilə müharibə ehtimalını xeyli artırıb. Birləşmiş Ştatlardan isə deyilib ki, Putin ABŞ və müttəfiqlərini bölgədəki gərginliyə görə günahlandırsa da, Rusiya ilə Ukrayna sərhədi boyunca qoşun toplaması ilə bağlı ikitərəfli danışıqlar yanvarda başlaya bilər. Bu gərginlik yanvar danışıqlarında azala bilərmi? Ümumiyyətlə, gərginliyin səngiməsi ABŞ və NATO-nun marağındadırmı? Çünki hadisələr onlardan çox uzaqda, Rusiya həndəvərində baş verir.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar  fonunda düşünülmüş addımdır

Toğrul İsmayıl

Professor Toğrul İsmayılın”Yeni Müsavat”a bildirdiyinə görə, gərginlik uzun müddətdir davam edir: “Rusiya-Ukrayna arasında problemlər qaz daşıması ilə başladı, sonra Ukraynanın avrointeqrasiya siyasəti Moskvanı narahat etdi. Sadəcə, burada bir gerçəklik var – Rusiya postsovet ölkələri ilə yaxşı qonşuluq siyasətini tam olaraq yerinə yetirə bilmədi. Rusiya ətraf ölkələrdə maraq dairəsi ilə bərabər öz üstünlüyünü, hakimiyyətini qurmağa çalışdı. İndi eyni siyasəti ABŞ edir. Ancaq Qərb siyasətində bir həssaslıq müşahidə edirik. Sanki ikitərəfli münasibətlər kimi təqdim edir, amma istədiyini diktə edir. Rusiya isə sovetdənqalma mirasla – güc yolu ilə üstün olmağa çalışır”.

T.İsmayılın fikrincə, Rusiya kimi böyük dövlət mövqeyini itirməkdədir: “Moldova, Gürcüstan, sonra Ukrayna, Krımın işğalı baş verdi. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Kremlin milli maraqlarına zidd görünməkdədir və belə olan halda maksimum dərəcədə sərt reaksiya göstərməyə çalışır. Amma Rusiyanın sərt siyasəti özünə ziyan vurmaqdadır, çünki qonşu ölkələri narahat edir və onların Qərbə doğru inteqrasiyasını daha da sürətləndirir. Ona görə Moskva dilemma qarşısındadır. Müttəfiq və qonşu ölkələrin ondan uzaqlaşmasının səbəbini bilsə də, bu siyasətdən uzaqlaşa bilmir. Bu baxımdan Rusiya xarici siyasətinə yenidən baxmalıdır, köhnə sərt siyasət effekt verməyəcək və çəmbəri daralacaq”. Politoloq ABŞ-ın Rusiya qarşısında geri addım atacağını gözləmir: “Bu təhdidlər Vaşinqtonu qorxutmur. Bölgədə gərginlik artdıqca Rusiyanı təhlükə kimi görən ölkələr Amerikaya bir qədər də yaxınlaşırlar”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, görünən budur ki, Kreml Qərbə qarşı siyasətini sərtləşdirib, mesaj bundan ibarətdir: “Ukrayna NATO üzvü olarsa, Rusiya ordusu Ukraynaya daxil olacaq”. Bu hələ bir az “mədəni” mesajdır, əslində demək istəyirlər ki, “Ukrayna və Rusiyaya yaxın ölkələr Kremlin arxa bağçasıdır, bu dövlətlər NATO üzvü və ABŞ-ın müttəfiqi ola bilməzlər”.

Politoloq hesab edir ki, Kremlin təhdidi Ukrayna ilə kifayətlənmir: “Putin Vaşinqton, Paris və Berlindən tələb edir ki, Kremlin cızdığı ”qırmızı cizgilər”lə bağlı təcili danışıqlara başlasınlar. Vaşinqton və Brüssel isə ultimatum dilini qəbul etmirlər. Putinin arqumenti budur ki, ABŞ nüvə başlıqları daşıyan raketlərini Polşa və Rumıniyada yerləşdirib, növbədə Ukraynadır, belə olan halda Amerika raketləri Moskvanı bir neçə dəqiqə ərzində vura bilər. Onun sözlərinə görə, Vaşinqton nə şifahi, nə də yazılı sazişlərə riayət edir: “Vaşinqton bildiyini edir, BMT Təhlükəsizlik Şurasının qərarı olmadığı halda İraqa hücum etdi, bu ölkəni viran qoydu, terrorun yuvasına çevirdi, başqa hallarda isə BMT qərarlarına istinad edir. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Amerika ordusunun və kəşfiyyatının zabitləri artıq Ukraynada, Donbasla ”təmas xəttində” yerləşiblər. Beləliklə, Kreml “hədəfləri” böyüdüb, Vaşinqtondan tələb edir ki, “Ukraynanı tərk edin”. Kreml Ukrayna ilə kifayətlənməyərək Amerika raketlərinin Şərqi Avropadan çıxarılmasını, Rusiya sərhədindəki Baltik ölkələrində hərbi bazalarının yaradılmamasını da tələb edib. Aydındır ki, Vaşinqton və Brüssel Kremlin bu şantajına baş əyməyəcəklər. Ancaq Kremlin həmişə olduğu kimi hesaba qatmadığı amil var: SSRİ də Qərblə eyni dildə danışırdı, ancaq sonu yaxşı olmadı”.

İran Ermənistana daha çox dost və qardaşdır, bizimlə isə sadəcə qonşudur - Ramiyə  Məmmədova

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova düşünür ki, Putin sərtliyin dozasını artırmaqla Qərbin gözünü qorxutmağa çalışır: “NATO-nun şərqə doğru genişlənməsi göz qabağındadır. Ancaq biz görürük ki, ABŞ Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi durumunda sərt ixrac nəzarətinin tətbiqi imkanını nəzərdən keçirir. Xüsusilə smartfon, hava və avtomobil hissələrinin idxalının məhdudlaşdırılması imkanları öyrənilir. Bu tədbirlər paketi iqtisadi sanksiyalara əlavədir. Belə məhdudiyyətlər Rusiyanın texnologiyalara çıxışını əngəlləyə bilər. Yəni Vaşinqton yanvardan sanksiyaları daha da gücləndirəcək, danışıqların hansısa nəticə verəcəyini gözləmirəm”.

Ekspert hesab edir ki, Bayden dövründə ABŞ-Rusiya arasında “soyuq müharibə”nin dərinləşəcəyi gözlənilən idi: “Sadəcə, Qərb yeni bir strategiya hazırlamalıdır, Rusiyanı konfrantasiya yolu ilə deyil, yaxınlaşma, qucaqlayaraq ”boğma” yolunu tutmalıdır. Uzaq hədəflərdə Qərbin indiki strategiyası uğurlu ola bilər, yəni Rusiyanı xərclər və problemlərlə yükləyirlər ki, beli əyilsin, amma olan postsovet məkanına olacaq”.

Daha çox xəbərlər