Əliyev yeni savaş üçün səbəbləri açıqladı: Ermənistan ordudan imtina etməli olacaq
10 noyabrda üçtərəfli anlaşma savaşın dayandırılması məqsədilə imzalandığından, bu sənəd həm də Ermənistan üçün kapitulyasiya aktı anlamı daşıyır; Ona görə də, rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəliklərin icrasından imtina edərək, həmin anlaşmanı pozması Azərbaycanın Ermənistana qarşı savaş elan etməsinə hüquqi əsas verə bilər…
Ermənistanın siyasi elitasında tərəddüdlər davam edir. Bu düşmən ölkədə hələ də hərb və sülh variantları arasında prinsipial seçim edilməyib. Erməni siyasətçilərin açıqlamalarının məzmunundan da bu məqam açıq-aşkar müşahidə olunmaqdadır.
Məsələ ondadır ki, həmin açıqlamalarda həm dialoqdan danışılır, həm də yeni savaşa səbəb ola biləcək mövzular gündəmə gətirilir. Nəticədə belə ziddiyyətlər Ermənistan cəmiyyətində də anlaşılmazlıq yaradır. Və ən əsasısa, regionda davamlı sülhün, sabitliyin yaradılması ilə bağlı prosesin başladılması əngəllənmiş olur.
Maraqlıdır ki, hazırda Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə gizli danışıqlar aparmaqda suçlanır. Radikal revanşist siyasi qüvvələr rəsmi İrəvandan Ermənistanın hər iki qonşusu ilə aparılan danışıqların məzmununun xalqa açıqlanmasını tələb edirlər. Əsas ittihamların arqumentləşdirilməsi ilə bağlı gündəmə gətirilən mövzular isə dolaşıq məzmun daşıyır.
![]()
Radikal revanşistlər Azərbaycan və Türkiyə ilə dialoqa qarşı çıxmadıqlarını da vurğulayırlar. Ancaq onlar rəsmi İrəvandan xüsusilə də, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində ilkin şərtlərin irəli sürülməsinə imkan verməməyi tələb edirlər. Azərbaycanla mövcud problemlərin həllində isə Ermənistanın siyasi-diplomatik manevrlərlə yanaşı, hərbi faktorları da ön planda tutmağa çalışırlar.
Təbii ki, belə yanaşma Ermənistan ətrafında ziddiyyətli situasiyanı qorumaqla yanaşı, rəsmi İrəvanın elan etdiyi “sülh erası”nın başlanmasını da əngəlləyir. Çünki, Türkiyə və Ermənistan arasında siyasi-diplomatik, eləcə də iqtisadi-ticari münasibətlərin qurulmamasının ciddi səbəbləri mövcuddur. Və həmin səbəblər aradan qaldırılmadan rəsmi Ankaranın münasibətləri normallaşdırmağa həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil.
Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Üstəlik, bu iddialar Ermənistan konstitusiyasında da özünə yer tapıb. Eyni zamanda, rəsmi İrəvan Türkiyəni qondarma “erməni soyqırımı”nda da suçlayır. İndi rəsmi Ankara bu iddialardan rəsmən imtina edilmədiyi, Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanımadığı bir şəraitdə münasibətləri haqlı olaraq, normallaşdırmaz.
Digər tərəfdən, rəsmi Ankara Türkiyənin strateji müttəfiqi olan Azərbaycanla problemlərin həllində də israrlı mövqe tutur. Çünki Türkiyə sərhədlərinin Ermənistanın üzünə qapadılmasında Azərbaycan ərazilərinin işğal edilməsi də xüsusi rol oynamışdı. İşğal altındakı ərazilər 44 günlük savaş nəticəsində artıq azad edilsə də, Türkiyə Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü tanımağı da tələb edir. Və təbii ki, bütün bunlarla yanaşı, digər şərt-tələblərin olduğu da bildirilir.
![]()
Halbuki, radikal revanşistlər rəsmi İrəvandan belə şərtlərdən yayınmaqmaqla, dialoqun aparılmasını tələb edirlər. Ancaq rəsmi Ankaranın vaxtaşırı “Paşinyan hakimiyyətindən müsbət siqnallar alırıq” açıqlamasını təkrarlaması revanşistləri ciddi şəkildə narahat edir. Onlar hesab edirlər ki, bu açıqlamalar Paşinyan hakimiyyətinin Türkiyə tərəfindən irəli sürülən bütün şərtləri xalqdan gizli şəkildə artıq qəbul etmiş ola biləcəyinin əlamətidir. Və ona görə də, revanşistlər israrla rəsmi İrəvandan Ermənistan ordusunun gücləndirilməsini, döyüşə hazır vəziyyətə gətirilməsini tələb edirlər.
Ancaq bu o qədər də asan deyil. Çünki, Ermənistan ordusu 44 günlük savaş nəticəsində darmadağın edilib. İndi Ermənistanda onilliklər ərzində öyündükləri ordunun əvəzində, onun tör-töküntülərindən ibarət olan nizamsız, başıpozuq silahlı dəstələr qalıb. Və belə silahlı dəstələrlə siyasi-diplomatik məkanda baş verənlərə təsir göstərmək qətiyyən mümkün deyil.
Rəsmi Bakı da bu reallığı tam dəqiqliyi ilə bilir. Üstəlik, Azərbaycan Ermənistana yeni ordu qurmaq imkanı vermək niyyətindən də çox uzaqdır. Və rəsmi Bakı buna cəhd göstərib, hərbi təhlükə qaynağına çevrilməyə can atılacağı təqdirdə, Azərbaycanın həm qətiyyətli, həm də sərt addımlar atacağını da gizlətmir.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də son açıqlamasında bu barədə açıq mətnlə danışmağa və həm rəsmi İrəvana, həm də radikal erməni revanşistlərinə növbəti dəfə xəbərdarlıq etməyə üstünlük verib: “Bu gün Ermənistan ordusu yoxdur. Əgər, Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır”.
![]()
Təbii ki, bu, Azərbaycan dövlətinin Ermənistana regionda yenidən hərbi faktora çevrilmək şansı tanımayacağını göstərir. Üstəlik, Azərbaycan Prezidenti rəsmi İrəvana Ermənistanın xarici himayədarlarına güvənməyin tamamilə mənasız olduğu barədə də mesaj verir: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər, biz bu təhdidi görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Ancaq heç kim bizi dayandıra bilmədi”.
Göründüyü kimi, Azərbaycanın dövlət başçısı rəsmi İrəvana Ermənistanın mövcud reallıqlarla barışmaqdan başqa yolunun qalmadığını açıq şəkildə izah edib. Rəsmi İrəvanın ən xırda hərbi hərəkətlənməsi Ermənistana qarşı silahlı müdaxilə ilə yekunlaşa bilər. Və Ermənistanın xarici himayədarlarının bu dəfə savaşın dayandırılmasına gücünün çatmayacağı da şübhə doğurmur.
Belə vəziyyətdə rəsmi İrəvan üçün ən doğru yol üçtərəfli anlaşmalara qeyd-şərtsiz əməl edilməsi ola bilər. Xüsusilə də, 10 noyabr üçtərəfli anlaşması savaşın dayandırılması məqsədilə imzalandığından, bu sənəd həm də Ermənistan üçün kapitulyasiya aktı anlamı daşıyır. Bu baxımdan, həmin anlaşmanın pozulması Azərbaycanın Ermənistana qarşı savaş elan etməsinə hüquqi əsas verə bilər.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin üçtərəfli anlaşmalara daha həssas yanaşması, həmin sənədlərlə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Ermənistanın hərbi təhlükəsizliyini təmin edə biləcək yeganə variantdır. Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın məhz bu önəmli məqamı Milli Təhlükəsizlik Şurasının toplantısında açıq müzakirəyə çıxartması daha məntiqli olardı. Çünki, Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq digər mövzular hər hansı əhəmiyyət daşıya bilməz.

