Sosial 

Açıq havada satılan məhsullar təhlükə mənbəyidirmi? “Vaxtı keçmiş marqarindən nehrə yağı hazırlayırlar”

Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən, ətlər bükülməli, onların üzərində buraxılma tarixi və son yararlılıq müddəti, istehsal edildiyi ünvan göstərilməlidir

Orqanizmi sağlam saxlamağın ən düzgün yolu sağlam qidalanmaqdır. Qidalar bədənimizin ehtiyacı olan vitaminlərlə təmin edir. Bəzi qidalar çəki atmağınıza, digərləri isə enerjili olmağınıza gətirib çıxarır ki, bunun arxasında seçdiyimiz qidaların keyfiyyətli və sağlıqlı olması dayanır. Biz çox vaxt qida məhsullarını ya açıq havada fəaliyyət göstərən dükanlardan, ya da marketlərdən alırıq. Bu qidalara ayaqüstü yeməklər, şiriniyyatlar, ət məhsulları və meyvə tərəvəz daxildir.

Bazarlarda, ticarət mərkəzlərində, keçidlərdə açıq qidaların, qutab, peraşki, xaçapuri və bulkaların səyyar satışına tez-tez rast gəlirik. Gigiyenik baxımdan təmiz olmayan şəraitdə satılan bu qidalar sağlamlıq üçün təhlükəli olsa da, təəssüflə qeyd etmək lazımdır ki, istehlakçılar bu qidalara üstünlük verirlər. Açıq havada satılan qidalar keyfiyyətini tez itirir və bu da qida zəhərlənməsi ilə nəticələnə bilər. Açıq satılan qidaların istifadə müddəti də tez bitir.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında öncə ət məhsulları ilə bağlı məsələyə toxunmaq istədiyini bildirən Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istehlakçılar nəyə tələb yaradırsa, ona uyğun da təklif yaranır. Bu bazarın qanunudur. İnsanlar marketlərə üz tutmaqdansa kəsimini gözləri ilə gördükləri əti almaq istəyirlər. Ona görə də belə hallar ortaya çıxır: “Nazirlər Kabinetinin 94 saylı qərarında deyilir ki, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən, ətlər bükülməli, onların üzərində buraxılma tarixi və son yararlılıq müddəti, istehsal edildiyi ünvan və. s göstərilməlidir. Lakin inzibati yollarla bunun qarşısını almaq demək olar ki, mümkün deyil. İnsanlar anlamalıdırlar ki, həmin heyvanlara baytarlıq tərəfindən dərmanların vaxtında vurulması, yaxud onların cəmdəklərində antibiotik qalıqları qalıb-qalmaması ilə bağlı məlumatları yoxdur və bu də zərərli ola bilər. Ona görə də bu məsələnin həllində Qida Təhlükəsizlik Agentliyi nə qədər inzibati metodlara əl atsa da, həll edə bilmir.”

İctimai Birliyin sədri qeyd edib ki, birinci məsələ istehlakçı maarifçiliyindən keçir. Əlbəttə ki, istehlakçıların açıq havada satılan qida məhsullarına üstünlük verməsində Azad İstehlakçılar Birliyinin də günah az deyil. Çünki bütün bu illər ərzində istehlakçılar yaxşı maarifləndirilməyib.

Həmsöhbətimizin sözlərinə görə, marketlərdə də Nazirlər Kabinetinin 94 saylı qərarının həyata keçirilib keçirilməməsi şübhə altındadır. Digər tərəfdən də murdar olmuş heyvan ətlərinin, satışına icazə verilməyən heyvan ətlərinin Bakıya daşınması faktı da mövcuddur: “Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətlərə qarşı mübarizə idarəsi görüb. Onlar dəfələrlə bu məsələni ifşa edib həmin şəxsləri həbs edib, lakin nədənsə Azərbaycan məhkəmələri bu insanlara bəraət qazandıraraq bir müddətdən sonra buraxıblar”.

AQTA üzvü digər mallara da istehlakçılarda bu cür tələbatların olduğunu bildirib: “İstehlakçılar arasında “kənd malları” deyilən bir anlayış var və bəzən küçədə avtomobillərin yük yerində satılan yumurtalar rəngi sarıya çalsa da, içinin sarısı heç də sarıya çalmır və broyler yumurtalarına imitasiya edir. Lakin istehlakçılar bilməlidirlər ki, kənd toyuqları açıq havada yaşayır və hər şey yeyirlər. Azərbaycan bütün vəhşi quşların miqrasiya trayektoriyası altında yerləşir və quş qripi, quş xəstəlikləri kənd toyuqlarına asanlıqla keçə bilər. Əlbəttə xüsusi bəslənmiş kənd toyuqları broyler toyuqlarından üstündür, lakin bu cür harda gəldi, necə gəldi bəslənən toyuqlar heç də az təhlükəli deyil. Yağların guya “nehrə yağıdır” adı altında küçədə satılmasının da şahid oluruq. Əslində açıq havada satılan bu yağların nehrə yağı ilə əlaqəsi həddən artıq zəifdir. Sadəcə olaraq vaxtı keçmiş marqarinləri qarışdırıb üzsüz süd ilə ondan qatıq hazırlayırlar və nehrədə çalxalayırlar. Nehrə yağına oxşar maddə əmələ gəlir. Əslində isə onun təmiz nehrə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu isə insanların aldadılması deməkdir.”

E.Hüseynov insanların açıq havada, küçədə satılan qida məhsullarına üz tutmasının səbəbini onların marketlərdə satlılan mallara inamının az olmasında görür: “Bunun əsası keçmişlə əlaqəli olsa da, hazırki vəziyyətdə AQTA demək olar ki, bütün malların təhlükəsizliyinə nəzarət edir və dükanda satılan mallar küçədə harda, necə gəldi satılan mallardan çox təmizdir. Ona görə də istehlakçılar bu amilləri bilməlidirlər.

Açıq havada qida məhsulları satan insanlar bilməlidirlər ki, qida zəncirində iştirak edən hər bir subyekt onu daşıyan, saxlayan satan hər bir şəxs Qida Təhlükəsizliyi Agentliyində reyesterdə olmalıdır. Əgər, reyesterdə deyilsə, həmin şəxslərin fəaliyyətində qeyri-qanunilik var və satdıqları mallarda təhlükəli ola bilər. Onu da qeyd edim ki, Qida Təhlükəsizlik Agentliyi malların təhlükəsizliyinə təminat versə də, keyfiyyət məsələsi ilə heç bir dövlət orqanı məşğul olmur və mən təklif edirəm ki, bu məsələyə də Qida Təhlükəsizlik Agentliyi nəzarət etsin. Düşünürəm ki, Qida Təhlükəsizlik Agentliyinin əsas funksiyalarından biri öz hədəflərinə çatmaq üçün mütləq və mütləq istehlakçıların ciddi maarifləndirilməsi olmalıdır.”

Daha çox xəbərlər