Gündəm Manset 

Zəfər ovqatlı Şuşada 2022-ci ildə Azərbaycan xalqı yeni tarix yazacaq

Gəlin, bu şanlı tarixin bir hissəsi olmaq naminə bu il hamılıqla ürəyimiz, hisslərimiz və əməllərimizlə ŞUŞALI olaq!

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali BaşKomandan İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi ictimaiyyət tərəfindən böyük rəğbət və razılıqla qarşılandı. Xarici və yerli siyasi analitiklər bu qərarın mövcud tarixi gerçəkliklər müstəvisində böyük əhəmiyyət kəsb etdiyini xüsusi  vurğulayırlar. Əslində Prezident İlham Əliyev, sözügedən sərəncamı imzalamaqla bir daha dünyayaŞuşanın tarixən Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu və əbədiyyətə qədər dəAzərbaycanın olacağı mesajını ünvanladı.Bütün dövrlərdə başı qovğalarla dolu olan Şuşanın keçmişinə və bu gününə tarixi ekskursiya etməklə oxuculara Şuşanın Azərbaycanın dövlətçilik tarixində nə qədər mühüm rol oynadığını konkret arqumentlərlə izah etməyə çalışacağıq.

Coğrafi nöqteyi nəzərdən böyük strateji əhəmiyyət kəsb edən Şuşa şəhəri  Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşir.  Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın  şərəfinə Pənahabad adlandırıblar. Tarixi mənbələr sübut edir ki,XVIII əsrdə Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaradılımışdı. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.Təsadüfi deyil ki, bu ənənəyə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” müsiqi festivalının keçirilməsi barədə sərəncam imzaladı.

Keçmişə nəzər salsaq Şuşanın 1905, 1920 və 1992-ci illərdə tamamilə yandırıldığının şahidi oluruq.1992-ci il may ayının 8-də Şuşa şəhərinin erməni birləşmələri tərəfindən işğalı nəticəsində 195 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidiniAşağı Gövhər ağa məscidiniXurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər.

Azərbaycanın siyasi-iqtisadi, o cümlədən mədəniyyət tarixində Şuşa hər zaman xüsusi önəm daşıyıb. Keçmişə nəzər salsaq istər XIX, istərsə də XX əsrə dair Azərbaycan, rus və xarici dillərdə mövcud olan xəritələrdə, sənəd və poçt göndərişlərində Şuşanın, məhz Azərbaycanın bir hissəsi olduğu göstərilir.Tarixin müəyyən mərhələlərində xarici işğalçıların qanlı təcavüzlərinə məruz qalan Şuşa şəhəri1992-ci ilə qədər alınmaz bir qala statusu olaraq öz mövcudluğunu qoruyub saxlayıb. Təəssüf ki, o zamanlar ölkədə baş verən hakimiyyətsizlik, siyasi hərc-mərclikdən istifadə edən erməni vandalları, Rusiya imperiyasının havadarlığı sayəsində bu alınmaz qalanı ələ keçirdi. Bu yerdə bir məqamı qeyd etmək lazımdır ki, yuxarda vurğuladığımız kimi coğrafi nöqteyi nəzərdən böyük strateji əhəmiyyət kəsb edən Şuşa şəhəri həm dəmənəvi-psixoloji xarakteri ilə hər zaman xüsusi önəm daşıyıb. Təsadüfi deyil ki, 1992-ci ildə, məhz Şuşa işğal edildikdən sonra Azərbaycanda istər ordu, istərsədə əhali arasında böyük pessimist əhval ruhiyyə, məğlubiyyət ab-havası yarandı və nəticə etibarilə digər rayonlar ardıcıl olarq işğala məruz qaldı. Bu psixiloji gerçəklik, İkinci Qarabağ müharibəsi zamanı qarşı tərəf, Ermənistan tərəfdə də analoji olaraq özünü biruzə verdi. 44 günlük müharibə ərzində böyük itkilərlə, məğlubiyyətlə barışmayan və böyük iddialarla çıxış edən Ermənistan, yalnız  Şuşa şəhıri Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra  kapitulyasiya aktını imzalamaq kimi tarixi bir dillemma ilə üz-üzə qaldı. Bütün müharibə dövründə hələ də müəyyən şübhələrlə yaşayan bəzi Azərbaycan insanı daŞuşa azad ediləndən sonra qələbənin gerçəkliyini tam olaraq qəbul etdi. Müharibədən sonrakı dövrdə də əldə edilən tarixi qələbənin daimiliyinin təmin olunmasında yenə də Şuşa bütün dünyanın diqqətini özünə cəlb etdi. Əslində qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və  Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi məkanda“Şuşa bəyannaməsi”ni imzalamaqla bütün dünyaya bu torpaqların türk dünyasının ayrılmaz bir parçası olduğu mesajını verdilər. Məhz Prezident İlham Əliyev ailəsi ilə tez-tez müxtəlif tədbirlər çərçivəsində Şuşaya səfər etməklə dünyaya və düşmən tərəfə yeni reallıqları, bütövlükdə  Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu diqtə edir.

Şuşanın Azərbaycanın mədəniyyət tarixində oynadığı müstəsna polu danılmazdır. Ümumiyyətlə bu şəhərin mədəniyyətimizə verdiyi töhfələr misilsizdir. Onun yerli əhali – Azərbaycan türkləri arasından yetirdiyi böyük şəxsiyyətlər hətta sayları on milyonlarla ölçülən xalqlar üçün də nümunə ola bilər.Bu yerdə tam əminliklə demək olar ki, ermənilərin qələmə verdikləri dırnaqarası bütün qəhramanları Şuşada yaşayıb yaratmış təkcə Üzeyir bəyin əlinə su tökməyə layiq biriləri ola bilməz. Bu mənada Şuşa tarixən milli təfəkkürümüzün, hisslərimizin aparıcı qüvvəsi olub. Gerçək reallıqdir ki, işğal etdikləri illər ərzində ermənilər Şuşanın ruhunu dirçəldə, həqiqi aurasını qaytara bilmədilər. Çünki bu ruhun, bu şəhərin doğma sakinləri deyildilər. Ömründə Şuşanın üzünü görməyən, böyük əksəriyyəti isə onun işğalından sonra doğulan gənclərimizin Şuşanın azad edilməsində göstərdikləri qəhramanlıq salnaməsi insan təfəkkürünə belə sığmır. Bu hiss, bu sevgi haradan yaranmışdı? Əslində bu müqəddəs hisslər Pənahəli xanın, Natəvanın, Üzəyir Hacıbəyovun və.s-lərin bizlərə qoyub getdikləri Vətən əmanətinə olan borca sadiqliyin nümayişi idi.

Şuşada artıq böyük quruculuq, abadlıq işləri aparılır. Bu tarixi diyar öz doğmalarının himayəsində böyük və işıqlı gələcəyə doğru inamla irəliləyir. Şəhərdə aparılan, genişmiqyaslı tikinti işləri, həttadüşmən düşərgəsindəheyrətlə izlənilir.Bu günlərdə Ermənistanın “Hrabarak” qəzeti yazır: “Şuşaya aparan yolda bütün şəhəri təmin edəcək gücdə olan yarımstansiya istifadəyə verilib. Bu yarımstansiyanın tikilməsi üşün isə bir neçə ay lazım gəlib. Şuşanın möhtəşəm işıqlandırılması Stepanakertdən (Xankəndi-red.) aydın görsənir”. Göründüyü kimi, ermənilər məğlubiyyət şokundan sonra azad edilmiş ərazilərdə aparılan möhtəşəm quruculuq işlərinin şokunu yaşayırlar. Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun dövlət başçısının tapşırığına əsasən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası başa şatıb. Sözügedən yol, həm də şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Azərbaycan əsgəri, məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də rəmzi mənası, mənəvi önəmi var. Bu səbəbdəndir ki,  Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırdı.Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də start verilib.

İstər 44 günlük müharibə dövründə, istərsə də sonrakı dövrlərdə ARAN Media QROUP olaraqqələbənin təmin olunmasında bütün imkanlarımızı səfərbər edərək gecə-gündüz fəaliyyət göstərdik. Və bu istiqamətdə fəaliyyətimiz bu gün də intensiv xarakter daşıyır. Rəhbərlik də daxil kollektivimizin əməkdaşları tərəfindən vaxtaşırı ötən zaman çərçivəsində paytaxtla yanaşı rayonlarda müntəzəm olaraq şəhid və qazi ailələri ziyarət edilib, onlara imkan daxilində maddi və mənəvi yardımlar göstərilib. Qalibiyyət bayrağını dalğalandıran şəhidlərimiz və qazilərimiz haqqında vaxtaşırı informasiyalar sərgilənib. Şuşa da daxil, azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq işləri ilə bağlı AranTV.az saytında ictimaiyyətin səhih və dolğun informasiyalar ilə təmin olunması istiqamətində müntəzəm olaraq tutarlı məqalələr, analitik yazılar dərc edilib. Şuşa ili çərçivəsində həyata keçiriləcək tədbirlərin daha böyük ictimaiyyətə çatdırılması məqsədilə saytımızda,artıq perspektivlər müəyyənləşdirilib, çoxparametirli layihələr hazırlanıb. İnanırıq ki, bizlərə zəfərlərlə dolu daha fərqli qələbə  hissi yaşadan Şuşamız onun üçün böyük önəm daşıyan bu il-2022-ci ildə dünyaya səs salacaq uğurları ilə tarixə düşəcək. Gəlin,bu şanlı tarixin bir hissəsi olmaq naminəbu il hamılıqla ürəyimiz, hisslərimiz və əməllərimizləŞUŞALI olaq!

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

 

Daha çox xəbərlər