Region Xəbərləri 

Bərdədə “Çempionumuz” layihəsi çərçivəsində çempionlarla görüş keçirildi+FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən 11 yanvar 2022-ci il tarixində Bərdə şəhər Zərifə Əliyeva adına Texniki Fənnlər Təmayüllü Məktəb-liseydə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində məktəblilərlə görüş keçirilib. Görüşdə yüksək nailiyyətlər qazanmış idmançılardan Ocaqverdiyev Rəşad Fərhad oğlu və Əsədzadə Sadiq Əli oğlu iştirak edib.
Tədbirin açılışında şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözlərilə Məktəb-Liseyin direktoru Qurban Məmmədov açıq elan edərək belə tədbirlərin yeniyetmə və gənclərin təlim-tərbiyəsində, idmanın kütləviləşməsində önəmli rol oynadığını xüsusi vurğulayıb.
Daha sonra Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli ilk öncə ölkəmizin və rayonun idman sahəsindəki nailiyyətlərindən bəhs edib. Bu layihənin məqsəd və vəzifələrini iştirakçıların nəzərinə çatdırıb. H.Ələkbərli Rəşad Ocaqverdiyev və Sadiq Əsədovu tədbir iştirakçılarına təqdim edərək idman sahəsində qazandıqları nailiyyətlər haqqında yeniyetmə və gənclərə məlumat verib.
Görüşdə hər iki idmançı öz həyat yolları barədə çıxış edib, eyni zamanda məşqçi kimi yetişdirdikləri idmançıların fəaliyyətlərindən bəhs edib, onlara ünvanlanan sualları cavablandırıblar.

Tədbirin sonunda idmançılarla xatirə şəkilləri çəkilib.

Qeyd : İdmançıların əldə etdiyi nailiyyətlər aşağıdakılardır :

Ocaqverdiyev Rəşad Fərhad oğlu :

Universal üzrə Dünya Kubokunda I yer – 2008
Universal üzrə Dünya Çempionatı II yer – 2009
Universal üzrə Avropa Çempionu – 2006
Universal üzrə Avropa Çempionu – 2007
Universal üzrə Avropa Çempionu – 2008
Universal üzrə Avropa Çempionu – 2011
Sambo üzrə Beynəlxalq Turnirdə I yer 2000
Sambo üzrə 4 dəfə ölkə mükafatçısı

Əsədzadə Sadiq Əli oğlu :

Universal üzrə Dünya Çempionu – 2019
Karate DO üzrə Dünya Çempionu 2018
Full Kempo üzrə Avropa III – 2029
MMA WJF 1 seriyası II yer – 2019
MMA WJF 2 seriya I yer – 2019
MMA WJF 2 seriya Il yer – 2018
Budo üzrə Azərbaycan çempionu – 2021

Daha çox xəbərlər