Ermənistan gerbini və himnini dəyişə bilər- İrəvanda müqavimət başlayır
Ekspertlər deyir ki, Paşinyan ölkəsi daxilində militarist cinah zərərsizləşdirməlidir
Ötən həftəsonu Moskvada İrəvan-Ankara danışıqlarının ilk raundu baş tutdu. Heç bir anlaşma əldə olunmasa da, İrəvanda artıq bu məsələdə müqavimət başlayıb.
“Ermənistan konstitusiyasından ermənilərin ”soyqırımı” ilə bağlı ifadə çıxarılacaq, ölkənin gerbi və himni dəyişdiriləcək”.
Bu barədə Respublika Partiyasının üzvü Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.
“Rejim konstitusiya ”islahatları” elan edib. Bəs türklərlə bayraqsız danışıq aparan kapitulyantların “konstitusiya islahatları”nda məqsəd nədir? Çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Amma indiki rejimin əsas məqsədi bu deyil. Belə bir fikir var ki, islahatların məqsədi Üçüncü Cümhuriyyətin “səhifəsini” bağlamaq və dördüncü “Cümhuriyyət”in “yeni” dövrünü elan etməkdir. Bunun baş verməsi üçün isə Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır”, – Şarmazanov yazır.
Partiya üzvü onu da qeyd edir ki, bununla paralel olaraq dövlət rəmzləri – himn və gerb dəyişdirilə bilər: “İstisna etmirəm ki, gerbdən Ağrı dağı yığışdırılacaq”.
Qeyd edək ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi olan parlamentin vitse-spikeri Ruben Rubinyan müxalifət tərəfindən “türk agenti” adlandırılıb. Vitse-spiker Ruben Rubinyan müxalifət deputatlarına xəbərdarlıq edib ki, Türkiyə tərəfi ilə əlaqələrdə ittiham olunmağa davam edərsə, səbri daşacaq.
Ekspertlərə görə, İrəvan-Ankara danışıqlarının uğurlu alınması üçün Ermənistanın Konstitusiya və Müstəqillik Aktında Türkiyədən “düşmən ölkə olaraq bəhs edilməsi” məsələsi üzərində ciddi düşünmək lazım gələcək.
Yada salaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb. Şuraya ədliyyə naziri sədrlik edəcək. Üzvlər isə razılığa əsasən Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hüquq müdafiəçisi, parlmentdəki fraksiyaların hər birindən bir deputat, Ali Məhkəmə-Hüquq Şurasından bir nümayəndə, parlamentə daxil olmayan partiyalardan üç nümayəndə və ölkədə qeydiyyatdan keçmiş ictimai təşkilatlardan daha 3 nümayəndə olacaq. İddia olunur ki, Paşinyan konstitusiya dəyişikliklərində prezident üsul-idarə sisteminə keçidi də hədəfləyir. Erməni xalqının hansı dəyişikliklərə səs verəcəyi hələ bilinməsə də, İrəvanda Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı müqavimət olduğu şübhə doğurmur.
Ermənistan konstitusiyası dəyişə bilərmi, müxalifət buna imkan verəcəkmi?

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüş məkanı kimi Moskvanın seçilməsini təsadüfi saymır: “Türkiyə və Ermənistan təmsilçiləri Moskvada ilk görüşünü keçirdilər. Növbəti görüşün harada keçiriləcəyi bəlli deyil. İlk görüşün Moskvada keçirilməsini İrəvan Ankaradan xahiş etmişdi. Ankara buna etiraz etmədi. İrəvan ilk görüş yeri kimi Moskvanı seçməklə Rusiyanın istəyi xaricində addım atmayacağını Kremlə büruzə vermiş oldu. Ankara isə Moskva variantına ona görə etiraz etməyib ki, həm İrəvana ilk görüşü pozmaq üçün bəhanə verməsin, həm də Kremli qıcıqlandırmasın. Ancaq növbəti görüş başqa məkanda keçirilməlidir. Əgər tərəflər dialoqun genişlənməsində maraqlıdırlarsa, növbəti görüş məkanları növbə ilə İrəvan və Ankara seçilməlidir. Əgər İrəvan dialoqun genişlənməsindən ehtiyat edirsə Avropa şəhərlərindən birini seçməyə üstünlük verəcək. İlk görüşdə müzakirə olunan mövzuların mahiyyətinə gəldikdə bunlar hələ ki tanışlıq məqsədi daşıyır. Ermənistan Türkiyə ilə sərhədin açılmasını, diplomatik münasibətlərin qurulmasını istəyirsə, Türkiyəyə qarşı ərazi iddiasından imtina etməli, konstitusiyasının bəzi maddələrini dəyişdirməli (Ermənistan konstitusiyasında Türkiyəyə ərazi iddiası var) və ”erməni soyqırımı”nın tanınması vasitəsilə Türkiyəyə təzyiq siyasətindən imtina etməlidir. Ermənistan hələ ki Türkiyənin bu şətlərini qəbul etməyə hazır deyil. Ona görə də danışıqlar və müzakirələr hələ uzun müddət davam edəcək. Ermənistanda və Azərbaycanda Ankara – İrəvan dialoquna fərqli yanaşmalar var. Rəsmi Bakı və Azərbaycan cəmiyyəti Ankara-İrəvan dialoqunu normal qiymətləndirir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da açıqlamasında bildirdi”.
Ekspert X.Xələfovun açıqlamalarından sitatlar da gətirdi: “Xələf Xələfov dedi ki, rəsmi Bakı Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayır, dəstəkləyir: ”Bu gün region sülh və sabitlik istiqamətində inkişaf etməlidir. Bu məqsədlərə xidmət edən yeganə üsul region ölkələri arasında münasibətlərin normallaşdırılması, düşmənçiliyin kənara atılması, ölkələr arasında etimadın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, kommunikasiyaların açılması və dövlətlər arasında əməkdaşlıq mühitinin formalaşmasından keçir”.
Buna baxmayaraq, Xələf Xələfovun açıqlamasında belə bir cümlə də var idi: “İnanırıq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasının şərtindən keçir”. Yəni Ermənistan həm Türkiyə, həm də Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Ermənistanda isə Ankara-İrəvan dialoqu hakimiyyətlə müxalifət arasında gərginliyə səbəb oldu. Erməni müxalifəti isə hesab edir ki, bu dialoq Türkiyənin Ermənistan üzərində üstünlüyü ilə nəticələnəcək və Ermənistan iqtisadi baxımdan Türkiyədən asılı vəziyyətə düşəcək. Erməni müxalifəti hakimiyyəti sıxışdırmaq üçün dialoqda Ermənistan tərəfini zəif kimi göstərməyə çalışır. Müxalifətin arqumenti budur ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycanla yanaşı, Türkiyəyə də məğlub olub. Ona görə də Ermənistan müharibədə məğlub tərəf kimi nəyisə diktə edə bilməz. Həqiqətən Türkiyə ilə münasibətlərin normallaşdırılması ilk növbədə Ermənistan hakimiyyətinə və cəmiyyətə lazımdır. Erməni müxalifəti isə prosesi pozmağa çalışacaq”.
![]()
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov bu məsələnin kifayət qədər ciddi olduğuna işarə etdi: “2006-cı ildə mənim ideya rəhbərliyimlə Qafqaz Etno Sosial Araşdırmalar Mərkəzi ölkəmizdə ilk dəfə ”Ermənistan: sorğu məlumat kitabçası” nəşr etdirdik. Burada məqsəd düşmənin sistemli tədqiqi idi. İlk dəfə olaraq Azərbaycan ictimaiyyətinin diqqətini Ermənistanın rəmzlərinə çəkdik. Burada Türkiyəyə iddialar var idi. İndi Ermənistanda rəmzlərin dəyişdirilməsi baş verərsə, bu militarist cinahın getdikcə zəifləməsi demək olar. Kifayət qədər ciddi məsələdir. Paşinyan bunu edə bilərsə, pis olmaz. Amma bu prosesi Qazaxıstan ssenarisi kimi bir ssenari poza bilər. Bunun olmaması üçün Paşinyan ölkəsi daxilində militarist cinahı zərərsizləşdirməlidir. Türkiyə Ermənistanla normal münasibətlər qurmaqla digər xarici təsirləri bölgədə zəiflətmək istəyir. Azərbaycan da bundan razıdır. Bunu XİN-in bu məsələlərə münasibətindən görmək olar”.

