Tarixə xeyriyyəçi olaraq düşən şəxsiyyət: Hacı Zeynalabdin Tağıyev
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəhərimizin ən görkəmli hissələrindən birində, “İçərişəhər” metrosunun qarşısındakı meydanda ucaldılan abidəsinin açılışında iştirak edib. H.Z.Tağıyevin əziz xatirəsinin daim yaşadılması, millət və insanlıq qarşısındakı xidmətlərinin on illiklər keçsə də unudulmamasını təcəssüm etdirən bu heykəl hər birimizdə sevinc hissi yaratdı. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Zeynalabdin Tağıyev məhz bu şəkildə yenidən yad olundu.
Hacı Zeynalabdin Tağıyev Azərbaycanda kifayət qədər tanınan, sevilən, xatirəsinə dərin ehtiram və hörmət bəslənilən bir şəxs olsa da haqqında qısa məlumat vermədən yazıya keçmək istəməzdim. Beləliklə, H.Z.Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biridir. O, hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanmış dahi şəxsiyyətdir. Bu mərhəmətli şəxs fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri ilə daim fərqlənmişdir. Onun hazırda xalqımıza miras qoyduğu bir çox binalar, tikililər vardır. Belə tikililər sırasında Azərbaycan Tarixi Muzeyi, Elmlər Akademiyasının Rəyasət Heyəti, Şirniyyat Fabriki, Toxuculuq Fabriki və keçmiş Qızlar Məktəbinin binasını qeyd etmək olar olar. Hazırda Bakıda yerləşən möhtəşəm arxitektura, eksteryer və interyerinə görə fərqlənən Akademik Opera və Balet Teatrının tikintisi də məhz Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına reallaşmışdır. Bununla yanaşı, məşhur xeyriyyəçinin bilavasitə dəstəyi ilə çəkilən “Şollar-Bakı” su kəməri 100 ildən çoxdur ki, Bakı əhalisini su ilə təmin edir. Beləliklə, Hacı Zeynalabdin Tağıyev xalqımızın yaddaşına silinməz izlərlə həkk olunan, öz maddi imkanı ilə yox, xeyriyyəçilik fəaliyyəti ilə tarixə iz qoyan böyük bir şəxsiyyətdir. Bu şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi məqsədilə atılan hər bir addım şübhəsiz ki, xalqımız tərəfindən də dəstəklənir və sevinclə qarşılanır.
18 Yanvar tarixində abidənin açılışında iştirak edərkən ölkə başçımız H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti barədə geniş məlumat vermiş və dahi şəxsiyyətin fəaliyyətini yüksək qiymətləndirmişdir. Dövlət başçımız H.Z.Tağıyev tərəfindən XX əsrdə əsası qoyulan xeyriyyəçilik ənənələrinin ölkəmizdə hazırda Heydər Əliyev Fondunun timsalında davam etdiyini vurğulamışdır. Həqiqətən də H.Əliyev Fondunun ölkə daxilində və xaricində fəaliyyətinə nəzər saldıqda tam əmin olaq olar ki, sözügedən Fond öz fəaliyyəti ilə xeyriyyəçilik missiyasını uğurla və daim yüksələn xətlə icra etməkdədir. Fond, xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Həyata keçirilən proqram və layihələr Azərbaycanda təhsilin, mədəniyyətin qarşısında duran problemlərin həlli üçün yaşıl işıq yandırır. Eyni zamanda, insanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, fiziki hazırlığı, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqların məişət şəraitinin yaxşılaşdırılması, ekologiyanın təmizlənməsi, Azərbaycan mədəniyyətinin təbliği, milli-mədəni irsin qorunması Fondun diqqət mərkəzində saxladığı məsələlər sırasındadır. Əlavə olaraq, az qala 30 il davam edən işğal dövründə Fond daima Azərbaycan həqiqətlərinin, Qarabağ reallıqlarının dünyaya çatdırılması, erməni yalanlarının ifşası, Xocalı faciəsinin dünyaya tanıdılması və daha bir çox milli maraqlarımıza xidmət edən istiqamətlər üzrə fəaliyyət tədbirləri görmüşdür. O cümlədən, 44 günlük şanlı Vətən müharibəsindən sonra da məhv edilmiş, təhqirlərə məruz qalmış tarixi binalarımızın, dini məbədlərimizin yenidən bərpa olunmasında Fond aktiv şəkildə iştirak etmiş, rol almışdır. Beləliklə, bu gün heç bir tərəddüd etmədən demək olar ki, ölkəmizdə və hətta bütün Cənubi Qafqazda ən böyük xeyriyyəçilik missiyası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilməkdədir.
Xeyriyyəçilik missiyası dedikdə daha iki Fond barədə də qeyd etmədən keçmək istəməzdim. Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan “YAŞAT” və “Qarabağ Dirçəliş Fondu” öz açıq və şəffaf fəaliyyətləri ilə cəmiyyət tərəfindən yüksək qiymətləndirilən iki fonddur. Hər iki fond xalqın yüksək etimadını və inamını qazanmışdır. Beləliklə, ölkə başçımızın da çıxışında vurğuladığı kimi, ölkəmizdə xeyriyyəçilik ənənələri var, davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Çünki xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub və şübhəsiz ki, gələcəkdə də olacaqdır.
Xumarə Familli,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı

