Zaur Əliyev: “Gənclər əmək bazarının tələblərini nəzərə almaqla ixtisas seçməlidirlər” – MÜSAHİBƏ
Əmək bazarının dəyişən tələbləri bütün dünyada peşə təhsilinin əhəmiyyətini ortaya çıxarır. Peşə mərkəzlərinə üz tutan insanlar 6 ay, 1 və ya 3 il ərzində əmək bazarına uyğunlaşa bilirlər. Təcrübənin nəzəriyyədən önə çıxarılması, işəgötürənlə peşə mərkəzləri arasında işbirliyinin olması, istehsalat təcrübəsinin böyük şirkətlərdə həyata keçirilməsi, gələcəkdə iş tapmaq imkanının reallığı peşə təhsilinə olan marağı günbəgün artırır. Peşə mərkəzlərində təhsil alan tələbələrə yüksək peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququnun verilməsi, yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququnun yaranması isə bu sahənin cəlbediciliyini daha da artırır. Belə ki, ölkə başçısı tərəfindən təsdiqlənən “Peşə təhsili haqqında” qanuna dəyişikliklər peşə məktəblərində təhsil alan tələbələrin ali təhsillərini reallaşdırmağa imkan yaradacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev “Kaspi” qəzetinə müsahibəsində peşə məktəbi şagirdlərini gözləyən yeniliklərdən danışıb.
Sözügedən müsahibəni təqdim edirik:
– “Peşə təhsili haqqında” qanuna dəyişikliklər ölkə başçısı tərəfindən təsdiqlənib. Bu dəyişikliyin əhəmiyyətini necə izah edərsiniz?
– “Peşə təhsili haqqında” qanuna edilən dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsini əhatə edir. Yüksək texniki peşə təhsili peşə təhsil səviyyəsinin ən yüksək pilləsi olmaqla tələbələrə peşə təhsil səviyyəsindən ali təhsil səviyyəsinə keçid imkanı verir. Bu dəyişiklik yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədinin ali təhsil müəssisəsinə daxil olmaq hüququ verdiyini təsbit edir və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılmasına zəmin yaradır. Yüksək texniki peşə təhsilini bitirən məzun “Milli Kvalifikasiyalar Çərçivəsi”nin 5-ci səviyyəsinə bərabər tutulan subbakalavr peşə-ixtisas dərəcəsi alacaqdır. Bu dəyişiklik yüksək texniki peşə təhsilində tədrisin kredit sisteminin tələblərinə uyğun təşkil olunmasına imkan verir ki, bu da məzunlara əldə etdiyi kreditləri ölkə daxili və xarici təhsil müəssisələrində tanıtmağa imkan verəcəkdir. Bu o deməkdir ki, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaqdır. Ümumilikdə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr bir sıra üstünlüklərdən faydalanacaqlar. Eyni zamanda, müxtəlif ixtisas sahəsi üzrə bilik və bacarıqlarla yanaşı, idarəetmə səriştələrinin tədrisi (orta dərəcəli idarəçilər, kiçik mütəxəssis və s. səviyyəsində), tədrisin praktiki və tətbiqi olması – iş şəraitinə yaxın və ya iş şəraitində tədrisin təşkili, həmçinin iş şəraitini imitasiya edən qurğulardan (simulyator, trenajor və s.) tədris prosesində istifadə üstünlükləri qazanacaqlar. Tələbələr beynəlxalq standart (Worldskills) və sertifikasiya standartlarının təhsil proqramına inteqrasiyasından faydalana biləcəklər.
– Peşə təhsili müəssisələrində çoxsaylı ixtisaslar var. Müxtəlif proqramlar üzrə kadr hazırlığı həyata keçirilir. Həmin proqramların hamısı subbakalavr üçün qoyulan tələbləri ödəyirmi?
– Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris bu tədris ilindən ilk dəfə tətbiq olunmağa başlayıb və ilk olaraq 15 ixtisasın tədrisi nəzərdə tutulur. Bu ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla müəyyənləşdirilib. Yüksək texniki peşə təhsili proqramları məzunlara müəyyən ixtisaslar üzrə peşə bacarıqları ilə yanaşı, orta səviyyəli idarəçilik bacarıqlarının aşılanmasını əhatə etdiyindən, bu ixtisaslar daha çox seçilmiş sahələr üzrə orta idarəetmə mütəxəssislərinin (kiçik mütəxəssis) hazırlanmasına yönəlir. Proqramlar hazırlanarkən, onların ali təhsil proqramları ilə uzlaşdırılması və ali təhsil pilləsinə keçid zamanı müəyyən kreditlərin tanıdılma və tədrisin daha qısa müddətdə tamamlanması istiqamətləri nəzərə alınıb. Yüksək texniki peşə səviyyəsi üzrə tərtib olunan ixtisaslar, əsasən, sənaye, İKT, turizm, kənd təsərrüfatı, avtomobil, TV/media, tikinti, elektroenergetika/elektrotexnika və maliyyə sahələrini əhatə edir. Göstərilən iqtisadi sektorları nəzərə alsaq, peşə təhsili müəssisələrində bu sektorlar üzrə kifayət qədər ixtisaslar tədris olunur ki, bu da subbakalvr dərəcəsinə keçidə zəmin yaratmaqla yanaşı, bütün qoyulan tələbləri ödəyir.
– Təhsilini ali məktəbdə davam etdirmək istəyən tələbələr hansı peşə təhsili müəssisəsində olan ixtisası seçsinlər ki, oradan universitetə qapı olsun? Yoxsa hər bir peşə məktəbində təhsil alan tələbə ali məktəbə daxil olmaq üçün müraciət edə bilər?
– Gənclərə maraq dairələri və əmək bazarının tələblərini nəzərə almaqla ixtisaslar seçmələri tövsiyə edilir. Peşə təhsili müəssisələrində ilk, texniki və yüksək texniki peşə təhsili üzrə ixtisasların tədrisi aparılmaqdadır. Müvafiq dəyişikliklər ancaq yüksək texniki peşə təhsili proqramlarında təhsil alanlara şamil edilir. Bu tədris ilindən ilk dəfə olaraq 6 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsili proqramları tətbiq edilməyə başlayıb. 2021-22-ci tədris ili üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzi, Qəbələ Peşə Təhsil Mərkəzi, Bərdə Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiya üzrə Gəncə Peşə Təhsil Mərkəzlərində yüksək texniki peşə təhsili səviyyəsi üzrə proqramlar tətbiq olunmağa başlanılıb. Ümumilikdə bu proqramlarda 820 tələbə təhsil almaqdadır. Proqramların sayı və peşə təhsil müəssisələri üzrə əhatəsi növbəti illərdə artırılacaqdır.
– İstənilən peşə məktəbini bitirib sonra universitetdə oxumaq olarmı? Ali məktəbə müsabiqədənkənar qəbul olunmaq imkanı hansı şərtlər daxilində mümkün olacaq?
– Peşə təhsili müəssisələrinin təhsil səviyyələri arasında keçid qaydaları qəbul edilib və bu qaydalar peşə təhsili üzrə bir səviyyədən digər səviyyəyə keçid prosesini tənzimləyir. Müvafiq qaydalara uyğun olaraq tələbələrin peşə təhsilinin yüksək pilləsi olan yüksək texniki peşə təhsili proqramlarına keçidi və bu vasitə ilə məzun olduqdan sonra ali təhsilə imtahansız keçid imkanları yaranır. Həmçinin, peşə təhsilinə ümumi orta təhsil bazasından qəbul olunan və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alan tələbələr buraxılış imtahanlarında iştirak etməklə ali təhsil müəssisəsinə qəbul ala bilərlər. Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul yalnız yüksək texniki peşə təhsil səviyyəsinə şamil edilir.

