Siyasət 

Ərdoğanın Krım türklərinin lideri ilə görüşünə Azərbaycandan baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri dünya gündəminin əsas müzakirə mövzularındandır. Xüsusilə də Kiyev-Moskva münasibətlərindəki gərginliklərin fonunda qardaş ölkə liderinin Ukraynaya səfər etməsi və Ankaranın prinsipial mövqeyini ifadə etməklə yanaşı, vacib anlaşmalara imza atması tarixi hadisədir.

Azərbaycan Prezidenti İlham Əliyevin dost Ukraynaya

səfərindən sonra R.T.Ərdoğanın da Kiyevə yüksək səviyyəli səfər həyata keçirməsi, Bakı və Ankaraya böyük etimadla yanaşan ukraynalılar tərəfindən də yüksək qiymətləndirilməkdədir. Xüsusilə də həm Azərbaycan, həm də Türkiyə liderlərinin Ukrayna-Rusiya gərginliyinin səngidilməsi istiqamətində səylər göstərməsi, hətta bu istiqamətdə vasitəçilik təşəbbüsü ilə çıxış etmələri məmnunluq yaradıb, eyni zamanda bu, xoşməramlı siyasət Moskvadan da hansısa kəskin reaksiyanın gəlməsinə bəhanə verməyib.

Ərdoğanın Ukrayna səfəri zamanı Krımla bağlı birmənalı mövqe ifadə etməsi, Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqeyi də diqqətəlayiqdir. Azərbaycan da bütün platformalarda Ukrayanın ərazi bütövlüyünü müdafiə edib. Cənab Ərdoğanın Krmı tatarlarının lideri Mustafa Krımoğlu ilə görüşü də olduqca önəmli idi. Mustafa bəyə Türkiyə, həmçinin Azərbaycan tərəfindən hər zaman diqqət və ehtiram göstərilib. Bu arada, Polşa M.Krımoğlunun Nobel mükafatı üçün namizədliyini irəli sürüb.

Mustafa Cəmiloğlu (Mustafa Əbdülcəmil Qırımoğlu) 13 noyabr 1943-cü ildə o zaman Rusiya Federasiyasınn tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi, Cəmiloğlu ailəsi də 1944-cü ilin 18 mayında Krımdan Orta Asiyaya köçürülüb. Sonrakı dönəmlərdə Mustafa bəy demişdi ki, bizim xalq soyqırım qurbanıdır. 1959-cu ildə ildə orta məktəbi bitirən Mustafa bəy sənədlərini Daşkənddəki Orta Asiya Universitetinin Şərqşünaslıq fakultəsinə verir. Lakin ona bildirilir ki, Krım tatarlarını bu fakultəyə qəbul etmirlər. Bundan sonra Cəmilev Özbəkistanın Mirzəçaul təmir-mexaniki zavodunda çilingər, tokar, elektroçilingər işləyir, daha sonra Daşkəndə köçərək aviasiya zavodunda tokar sənətində çalışır.

1962-ci ildə o, Daşkənd İrriqasiya İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olur. 1965-ci ildə isə, millətçilik və antisovet baxışları üstündə institutdan qovulur. Əsas səbəb isə onun KTGİ-ni bərpa etməsi və tələbələr arasında özünün yazdığı “XIII – XVIII əsrlərdə Krımın türk mədəniyyətinin qısa tarixi oçerkləri” əsərini yayması olur. 1966-cı ildə o, “sovet ordusunda qulluqdan yayınma” kimi formal ittihamla 6 ay müddətinə həbs edilir.

Həbsdən azad olduqdan sonra Cəmilev Moskva hüquq müdafiəçiləri ilə yaxınlaşır, SSRİ-də insan hüquqlarının tapdanması, 1968-ci ildə Çexoslovakiyanın sovet işğalı əleyhinə sənədlərin hazırlanması və imzalanmasında fəal iştirak edir. Moskvada akkreditə olunmuş xarici KİV nümayəndələri vasitəsilə Krım tatarlarının problemini dünyaya çatdırmağa çalışır.

1969-cu ilin mayında digər məşhur hüquq müdafiəçiləri ilə birgə “SSRİ-də insan hüquqlarının müdafiəsi təşəbbüs qrupunun” təsisçilərindən biri olur. Həmin ilin sentyabrında Cəmilev yenidən həbs edilir. “Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq” ittihamı ilə ona qarşı qaldırılmış cinayət işi, artıq həbsdə olan dünya üzrə tanınmış hüquq müdafiəçiləri Pyotr Qriqorenko və İlya Qabayın cinayət işləri ilə birləşdirilir.

1970-ci il 19 yanvar tarixində məhkəmə zalında onun son çıxışı SSRİ imperiyasına və kommunist rejiminə qarşı ittiham manifesti kimi qiymətləndirilə bilər. Bu çıxış sonralar əlbəəl gəzərək SSRİ-dəki azadfikirli insanları ayağa qaldırırdı.

Daşkənd şəhər məhkəməsinin hökmü ilə, Cəmilev və Qabay 3 il həbs cəzasına, Qriqorenko isə, “psixi qüsurlu” elan edilərək, 5 il müddətinə DTK-nin xüsusi psixiatrik xəstəxanasında məcburi “müalicəyə” məhkum edilirlər. Bu ədalətsiz qərara etiraz əlaməti olaraq Mustafa Cəmilev Daşkənd istintaq tədricxanasında 30 gün davam edən aclıq aksiyası keçirir.

1972-ci ilin sentyabrında azad olunaraq, “islah edilməmiş, antisovet baxışlı element” kimi xarakterizə ilə Gülüstan şəhərində (Özbəkistan) DTK-nin açıq nəzarətinə götürülür. Bu arada oradakı sovxozda mühəndis kimi çalışır.

1974-cü ildə isə yenidən həbs və 1 illik məhkumluq. İttihamnaməyə görə, guya ordu sıralarına çağırışdan imtina edib. Əslində isə, DTK-nın yerli şöbəsinə məlumat daxil olmuşdu ki, Cəmilev Moskvaya səfər etməyə hazırlaşır. Belə ki, həmin il ABŞ prezidenti Nikson Moskvaya gələcəkdi və DTK çəkinirdi ki, Cəmilev Moskvada Niksona Krım tatarlarının hüquqlarının tapdanması barədə petisiya təqdim edər və ya aksiya təşkil etmək niyyətindədir.

Bu cəzasını Mustafa bəy Omskdakı ciddi rejimli düşərgədə çəkir. Azad olunmasına 3 gün qalmış ona qarşı yeni cinayət işi açılır. Bu dəfə o, cəza müəssisəsində məhkumlar arasında antisovet təbliğatı üstündə ittiham edilir. Bu ittihama qarşı etiraz əlaməti olaraq Cəmilev aclıq aksiyasına başlayır. Artıq “Azadlıq” və “Azad Avropa” radiodalğalarında onun adı geninə-boluna çəkilirdi. Ölümədək aclıq elan etmiş Mustafa Cəmilevi zorən mədəsinə zond yeritməklə qidalandırmağa başlayırlar

Cumhurbaşkanı Erdoğan, Kırım Tatar Heyeti'ni kabul etti - Haberler

M.Cəmiloğlu sonrakı illərdə dəfələrlə həbs edilib. KTF-nin növbəti qurultayında Krım Tatarlarının Milli Hərəkatı Təşkilatı (KTMH) təsis edilir. “Krımoğlu” (Krım tatar ləhcəsində “Qırımoğlu”) təxəllüsünü almış Mustafa Cəmilev KTMH-nin Mərkəzi Şurasının katibi seçilir. Elə həmin il də o, Krımın Baxçasaray şəhərinə köçür. Beləliklə də Krım tatarlarının öz Vətənlərinə dönüşü başlayır. 1991 -ci ilin iyunundan bu günədək o, Krım Tatar Xalq Məclisinin əvəzsiz sədridir. 2014-cü ildə Rusiyaya birləşdirilən Krımda təxribatların təşkilində şübhəli bilinən Mustafa Cəmiloğlu öz yurdundan 5 illik deportasiya olunub. Rusiya prezidenti  Putinlə  telefonla danışmasına baxmayaraq Cəmiloğlu tatarları Krımda keçirilən referendumu boykot etməyə çağırıb. 2014-cü ilin avqustun 20-də Ukrayna prezidenti Poroşenko Krım tatarlarının lideri Mustafa Cəmil Krlmoğlunu şəxsi nümayəndəsi təyin etməsi haqda sərəncam imzalayıb. Krımlı dissidentin Nobelə layiq görüləcəyi də şübhə doğurmur.

Elçin Mirzəbəyli: Biz birlikdə güclüyük - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Elçin Mirzəbəyli: “Bu görüş Ankaranın Krım məsələsi ilə bağlı mövqeyinin dəyişməyəcəyini, Krımın türklərə məxsus olduğunu bəyan edir”

BAXC-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında R.T.Ərdoğanın Kiyev səfərini yüksək qiymətləndirdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri çərçivəsində Krım türklərinin lideri Mustafa Krımoğlu ilə görüşü Ankaranın Krım məsələsi ilə bağlı mövqeyinin dəyişməyəcəyini, Krımın türklərə məxsus olduğunu bəyan edir. Bu həm də Türkiyə Prezidentinin qardaş ölkənin tarixi öhdəliklərindən çıxış etdiyinin, dövlətçilik ənənələrinə, varislik prinsiplinə böyük önəm verdiyini göstərir. Çar və bolşevik Rusiyasının Krım tatarlarına-türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti insanlıq əleyhinə cinayətdir, soyqırım aktıdır. Moskvanın bu məsələdə nümayiş etdirdiyi ədalətsiz mövqe, işğala və ilhaqa üz tutması sar Rusiyasından başlayan antitürk siyasətinin davamıdır. Krım tatarlarının min bir zülmlə tərk etdiyi torpaqlar bu günə kimi işğalçılara və onların bu ərazidə məskunlaşdırdığı insanalara xoşbəxtlik gətirmədiyi kimi, bundan sonra da gətirməyəcək. Bu günə qədər heç bir işğalçı Krım tatarlarının əzabı və qanı üzərində xaniman qura bilməyib, cənnət Krımda cəhənnəm əzabı yaşayıblar. Bu, İlahi ədalətdir. Rusiya hakimiyyəti, yaxşı olar ki, başqa xalqların torpaqlarını zəbt etmək əvəzinə, sahib olduğu torpaqlarda yaşayan insanların həyat səviyyəsinə baxsın. Rusiyanın nəhəng əraziləri insan üzünə həsrətdir, şəhərlər, kəndlər boşalır. Elə ərazilər var ki, sovet dövründən bu yana heç bir iş görülməyib. Əgər söhbət, sözün əsl mənasında məskunlaşmadan və yaşamaqdan gedirsə, bu gün Rusiya, əsasən Moskva və Sankt-Peterburqdan ibarətdir. Dünyanın ən dövlətli ölkəsi sahib olduğu sərvətlərdən insanların rifahı naminə istifadə edə bilməyib. Krım bu törpağın əzəli sakinlərinin – Krım tatarlarının haqqıdır!”

Mustafa Krımoğlu şəxsiyyətindən bəhs edən E.Mirzəbəyli bildirdi ki, bu böyük insan öz xalqının gerçək lideridir və Krım uğrunda mübarizənin simvoludur: “Azərbaycanda da Mustafa bəyi məhz bu keyfiyyətlərinə, dönməzliyinə, prinsipiallığına görə sevirlər”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Krım türkləri bütün dünyada yaşayan türklərə qardaşdır və bu məsələdə Türkiyənin mövqeyi Rusiyanın xeyrinə heç cür dəyişə bilməz”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə Prezidentinin  Ukraynaya səfərini çox yüksək qiymətləndirdiyini söylədi: “Səfər zamanı çox önəmli sazişlər imzalandı. İkitərəfli əlaqələr bundan sonra daha da inkişaf edəcək. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krımı Ukrayna ərazisi sayır, Krım Platformasında iştirak edir”.

E.Şahinoğlu qeyd etdi ki, buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır: “Çünki müharibə Türkiyənin maraqlarına cavab vermir. Bu mənada Zelenski Türkiyənin təklifini qəbul etdi. Əsas məsələ Vladimir Putinin bu təşəbbüsə münasibətidir. Putin artıq razılığını verib ki, Pekindən sonra. Qarşıdakı günlərdə Ankaraya səfər edəcək. Əslində Türkiyənin vasitəçilyi Rusiyanın da maraqlarına cavab verir. Çünki müharibə Rusiyaya çox böyük zərbələr vuracaq. Bəlkə də Putin artıq bunu anlamağa başlayıb”.

Politoloq bildirdi ki, Ukrayna ilə Türkiyə arasında ikitərəfli əlaqələr də genişlənir: “Bayraktarların birgə istehsalına başlanacaq, ticarət hədəfləri artır, hədəf ticarət müqaviləsini 10 milyard dollara çatdırmaqdır. Ukraynalı turistlərin Türkiyəyə gələn sayı getdikcə artır. Bu da Türkiyə üçün olduqca vacibdir”.

E.Şahinoğlu R.T.Ərdoğanın Krım türklərinin lideri Mustafa Cəmiloğlu ilə görüşünü də mühüm hadisə hesab edir: “Türkiyənin Krım məsələsində mövqeyi dəyişməzdir. Ankara Krımı Ukrayna ərazisi hesab edir, Krım Platformasında iştirak edir, Mustafa Cəmiloğlu ilə təmaslar əvvəlki kimi, yüksək səviyyədədir. Ərdoğan Kiyevdə yenidən onunla görüşdü, fikir mübadiləsi apardı. Bu məsələdə də Türkiyənin mövqeyi dəyişməz qalır. Bu, Rusiyanın xoşuna gəlməyə bilər. Amma anlamalıdırlar ki, Krım türkləri bütün dünyada yaşayan türklərə qardaşdır və bu məsələdə Türkiyənin mövqeyi Rusiyanın xeyrinə heç cür dəyişə bilməz”.

Daha çox xəbərlər