Gündəm 

“Rəyasət Heyəti qərar versə, Ramiz Mehdiyev AMEA-dan uzaqlaşdırıla bilər” – Professor

“O, akademiyanın prezidenti kreslosuna sığmır…”

Günlərdir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında qalmaqal gündəmin mövzusuna çevrilib. Ard-arda “Boz kardinal”ın istefasını tələb edən xəbərlər yayılır.

Belə  ki, ilk istefa tələbi yanvar ayında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovdan gəlib. Professor Ramiz Mehdiyevin elm ocağında qeyri-sağlam mühit və intriqalar yaratmasına etiraz əlaməti olaraq istefa ərizəsi yazıb.

Ardınca AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblidən etirazlı açıqlama yayılıb. O  da həmkarlarına dəstək verərək Akademiyanın Ramiz Mehdiyev ucbatından ən kriminal, intriqalarla dolu bir məkana çevrildiyini xatırladaraq AMEA rəhbərini birbaşa istefaya çağırıb. Bundan sonra silsilə istefa tələbləri demək olar ki, hər gün daha da artıb. Parlamentin deputatları da daxil olmaqla, bir neçə alim onun istefasını tələb ediblər.

Ötən gün də AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov etiraz edənlərin sırasına qoşulub. O yazısında bildirib ki, bu gün AMEA özünün ən ağır günlərini yaşayır: “Bir vaxtlar elm məbədi sayılan bir qurum indi töhmət altında qalıb. Bu, bir adamın, bir neçə adamın yox, əslində xalqın töhmətidir”.

Əlbəttə, hər kəs elə düşünürdü ki, bu çağırışlarından sonra Ramiz Mehdiyev özü istefa verərək “urvatlı” şəkildə  Akademiyanı tərk edəcək. Amma o, hər kəsin düşündüyünün tam əksini etdi. Əvvəlki vaxtlarda öz tənqidçilərinə qəzəbli cavablarını Azərbaycan Milli Elmlər Akademiyasının saytında dərc edən Mehdiyevin müdafiəçisi rolunda Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Abbas Seyidov olub. Akademiyanın saytındakı (science.az) materialda o, Mehdiyevi tənqid edənləri “yalançılar” adlandırıb.

Seyidov yazıb ki, Mehdiyevi ümumi yığıncaqda akademiklər özləri seçiblər, onun kadr siyasətini “uğurlu” adlandırıb. Seyidov hesab edir ki, Mehdiyevin xidmətləri onun vəzifədən çıxardığı adamlar tərəfindən bilərəkdən ört-basdır edilir. O, Mehdiyevi “yenilikçi”, onun rəqiblərini isə “böhtançı” adlandırıb.

Bir sözlə, Mehdiyev “ağ bayrağı” qaldırmaq əvəzinə müqavimət yolu seçib.

Bəs görəsən, AMEA prezidenti hansı hallarda növbədənkənar vəzifədən götürülə bilər? Alimlərin rəhbəri o posta qurultayla seçilirsə, növbədənkənar qurultay keçirməklə prezidentin istefasını gündəliyə çıxarmaq mümkündürmü?

Bir sual da maraqlıdır. AMEA-nın fəaliyyəti barədə tənqidlər Ramiz Mehdiyev vəzifəyə təyin edilənə qədər də səngimirdi. Onun AMEA-dan getməsi nəyisə dəyişəcəkmi?

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli  » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 

“Akademiyaya yeni nəfəs lazımdır, həqiqi mənada dinamik, enerjili insanlar lazımdır ki, elmi irəli apara bilsinlər”

Mövzu ilə bağlı “Yeni Müsavat”ın bu və digər suallarına Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli cavab verib: “Bu gün AMEA-da baş verənlər ictimaiyyətin diqqət mərkəzindədir. Bu qurumun 3 elmi müəssisəsinin rəhbəri, millət vəkilləri Akademiyanın prezidenti Ramiz Mehdiyevi istefa verməyə çağırıb. Ramiz Mehdiyevin istefa verib-verməyəcəyini proqnozlaşdırmaq çətindir. Mənə elə gəlir ki, o, dirəniş göstərir. Belə dirəniş göstərmək də cəmiyyət üçün, media üçün əlavə materiallar verir. Yazılar, təhlillər aparılır,  münasibət bildirilir. Normal olmayan isə bunun kampaniya şəklində aparılmasıdır. Akademiyada narazılıqlar həmişə olub, müstəqillik dövründə Akademiyanın ”bəxti” çox da gətirməyib.  Hətta 90-cı illərin əvvəllərində Akademiyanın ləğv edilməsi çağırışları olub. Yaxşı ki o cür məsləhətlərə qulaq asan olmadı. Akademiya öz işini davam etdirir. AMEA elmi müəssisədir,  orada bizim bir çox görkəmli alimlərimiz çalışır, elmin müxtəlif sahələri ilə məşğul olan institutlar var. Bunların hansının səmərəli fəaliyyət göstərdiyini iddia etmək olmaz. Hər bir institutda aparıcı elmi işçilər var, yaxşı işləyən şöbələr var, yaxşı alimlər var, maraqlı tədqiqatçılar var, bunların sayı çox azdır. Amma, əksəriyyəti bütövlükdə Akademiyada “gün keçirmək”lə məşğuldur.

Bunun da obyektiv və subyektiv səbəbləri var. Maaşlar azdır, insanlar başqa iş yerləri axtarır, hamının gözü onun-bunun əlindədir, dissertasiya şuraları, dissertantlar, elmi işlər müdafiəsi- bu sahədə çox ciddi nöqsanlar var. Baxın, bu gün Prezident yanında Ali Attestasiya Komissiyası (AAK) bir kurs götürüb ki, bu sahədə şəffaflıq, təmizlik yaratsın, doğrudan da, elmə xidmət edən bir sistem olsun. Amma bunu etmək mümkün deyil. Niyə, çünki bu işlə AAK özü məşğul olmur. Bununla akademiyadakı, ali məktəblərdəki elmi şuralar, müdafiə şuraları məşğuldur”.

Məhərrəmli konkret Ramiz Mehdiyev və onun ətrafında yaranan əsas problemdən söz açıb: “Ramiz Mehdiyevdən əvvəl də Akademiyada problemlər var idi. Onlar müxtəlif formalarda görünürdü. Sadəcə olaraq Ramiz Mehdiyevin idarəçiliyində yenilik ondan ibarət oldu ki, o, akademiyanın elmi sistemini bir az başqa platformaya – siyasi çalarları olan idarəçilik sisteminə çıxartmağa çalışdı. Yadınızdadırsa, Ramiz Mehdiyev Akademiyaya təzə gələndə orada iclaslar keçirirdi, nazirləri çağırırdı, onların hesabatları dinlənilirdi, onları az qala işlərinə görə danlayır, tapşırıqlar verirdi. Buna istehsalatın elmi tətbiqi tərəfindən də yanaşmaq olardı, amma aydındır ki, bu tədbirlər onu göstərir ki, Ramiz Mehdiyev akademiyanın prezidenti kreslosuna sığmır. O səlahiyyətləri özü üçün az hesab edirdi.

AMEA-da tədricən müəyyən addımlar atıldı, bunların bir çoxu narazılıq doğurdu, qərarlar tez-tez dəyişməyə başladı. İnstitutlardakı yarımçıq yoxlamalar, subyektiv münasibət, adamların təyinatı, xüsusilə akademiklərin seçilməsində yolverilən subyektivlik, regionçuluq, rüşvətxorluq, korrupsiya halları – bunlar hamısı əlbəttə ki, ciddi narazılıq doğurdu. İnstitutların hesabatları ilə bağlı ciddi alimlərə biganəlik, yaxşı tədqiqat işlərinin qiymətləndirilməməsi, ortaya çıxarılan və əsassız olaraq təriflənən elmi işlərin dəyərsizliyi, bunların hamısı 10-12 min nəfərdən ibarət kollektivi olan AMEA-da birmənalı qarşılanmır. Ona görə də bütün bunlar hamısı yığılıb, bu gün istefa çağırışlarına səbəb olub. Düzünü desəm, Ramiz Mehdiyevin xoşluqla istefa verəcəyinə inanmıram. Amma bunu necə həll etmək olar?

Akademiyanın nizamnaməsinə görə, həmin qurumun prezidenti AMEA-nın Rəyasət Heyəti tərəfindən seçilir. Əgər Rəyasət Heyəti toplanarsa, Ramiz Mehdiyevin  uzaqlaşması barədə qərar qəbul edərsə, o zaman o, vəzifəsi ilə xudahafisləşə  bilər. Amma o da az bilmir.  Rəyasət Heyətinə yeni adamlar toplayıb ki… Orada o cür  cəsarətin sahibi olan adamlar çox deyil.

Bu gün, əlbəttə, Ramiz Mehdiyevin istefa verib-verməməsindən asılı olmayaraq Akademiyanın yenilənməyə, islahatlara ciddi ehtiyacı var.  Mən 44 günlük müharibənin gedişatında Akademiyanın passiv olduğunu, Vətən müharibəsinə bir fayda vermədiyini, həm təbliğat baxımdan, həm də hərtərəfli kömək mənasında tənqid etmişdim. Oradan bir neçə adam sosial şəbəkədə mənim ünvanıma tənqidi fikirlər səsləndirmişdilər ki, guya elm üçün heç nə etməmişəm. Mən onların bir-ikisini araşdırdım və dəhşətə gəldim. Onlardan bir xanım doktorluq dissertasiyanı müdafiə edib, onun namizədlik işi ilə doktorluq işi arasında təqribən 2 il yarım 3 il fərq var. Təsəvvür edin ki, bu iki il ərzində həmin adam 40-dan çox elmi məqalə yazıb.  Mövzusu ilə maraqlandım, məlum oldu ki, Ukraynada təqribən eyni adda, eyni strukturda dissertasiya işi müdafiə olunub.

Yəni, Akademiya bu cür sistemlə işləyir, bunları araşdırdıqca çox biabırçı mənzərənin şahidi olursan ki, dövlətin vəsaiti, resursları nəyə xərclənir. Hərə orada özü üçün şəxsi mühit yaradıb,  pulyığma mexanizmi düzəldib, mənasız mövzular araşdırılır, dissertasiyalar yazılır, kağızlar korlanır, insanların vaxtı gedir, guya bunlar inkişaf edir. Ona görə Akademiyaya yeni nəfəs lazımdır, həqiqi mənada dinamik, enerjili insanlar lazımdır ki, elmi irəli apara bilsinlər. Yüksək maaş lazımdır, institutların işləməsi üçün sərbəstlik lazımdır. Yoxsa institutlar işçi qəbul edə bilmir ki, Akademiyanın prezidenti buna razılıq versin. Bütün bu neqativləri aradan qaldırmaq üçün Akademiyada mütləq dəyişiklik olmalıdır”.

Daha çox xəbərlər