Gündəm 

“Ramiz Mehdiyev Azərbaycan elminin inkişafı yolunda başlıca maneədir”

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ramiz Mehdiyevin prezidentliyi dövrü başlayandan sonra  saysız-hesabsız  struktur islahatlarından zərər görənlərdən biri kimi qarşılaşdığım ədalətsizlik və qanuna zidd hərəkətlərin bir dövlət qurumunun idarəedilməsi prinsiplərinə və dövlət-vətəndaş-əmək münasibətləri sisteminə vurduğu ciddi zərbənin nəticələrini  bölüşməklə bugün akademiyada gedən proseslərin hüquqi və mənəvi çərçivədən kənar cərayan etdiyini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm.

Qeyd etdiyim “islahatların” əsaslandırılması zamanı guya işçilərin seçilməsində problemlərin olduğu, struktur bölmələri ilə kadr potensialı arasında ziddiyyətlərin mövcudluğu, idarəetmə strukturunun təkmilləşdirilməsi, ölkədə gedən islahatlarla uyğunlaşma və digər ümumi fon yaradan və heç bir əsası olmayan fikirlərə istinad edilmişdir. İdarə və şöbələrin ləğvinin zəruruliyini sübut edən faktlar, əsaslandırmalar olmamış və hər bir formal struktur islahatı adı altında kimlərinsə işdən çıxarılması və ya işə qəbul edilməsi yeganə məqsəd olmuşdur. Əvvəlki formal struktur islahatları adı ilə işdən çıxarılan şəxslərin yerinə yeni kadrların təyin edilməsi faktları da ixtisarın zəruri olmadığını, əksinə formal xarakterdə olduğunu, məkrli məqsədə xidmət etdiyini sübut edir. 2021-ci ilin  aprel ayında AMEA Rəyasət Heyəti aparatının o vaxtkı Xarici Əlaqələr İdarəsi və onun tərkibində olan rəhbərlik etdiyim Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin heç bir zərurət olmadığı halda  ləğvi bu prosesin əsl mahiyyətinin “işdən çıxarma əməliyyatı” olduğunu ortaya qoymuş oldu və 18 illik iş stajım (13 ili AMEA Beynəlxalq Əlaqələr İdarəsində olmaqla və 8 ili şöbə müdiri kimi), peşəkar fəaliyyətim, beynəlxalq təcrübəm və dil biliklərimə baxmayaraq müddətsiz əmək müqaviləmə qərəzli şəkildə xitam verildi. Mənimlə birlikdə bir neçə perspektivli gənc kadrlar aparatdan uzaqlaşdırıldı.

AMEA-da 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edilir

İxtisar prosesinin özü ciddi qanun pozuntuları ilə müşahidə olunması bu geri təfəkkürlü “elm menecerləri”nin səriştəsizliyini gülünc formada ortaya qoymuş oldu.  Ləğv etmə komissiyasının əksər üzvləri əsasən qeyri-peşəkar, aparat rəhbərinə yaxın şəxslərdən təyin edildi, heç bir peşəkar səviyyəli müsahibə aparılmadı, üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri olmadı, əməkdaşların tanış olmaları üçün ixtisara dair qərar təqdim edilmədi və xəbərdarlıqlara işə götürənin imzası və möhürü olmadan məqsədli şəkildə imza atdırıldı. İxtisarla bağlı AMEA Rəyasət Heyətinin Azad Həmkarlar Təşkilatı üzvlərinin mənimlə bağlı mövqeyi əvvəlcədən qətiyyətli oldu və həmkar kimi məni müdafiə etdilər. İxtisar prosesinin gedişatında bu təşkilatın fəaliyyətinə müdaxilələr oldu, sədr dəyişdirildi və  sonda əleyhimə rəy alınmasına nail olundu. Dövlət orqanında bu cür qərəzli və əsası olmayan hərəkətlər idarəetmə səriştəsizliyinin və özbaşınalığın göstəricisidir. Bununla, Ramiz Mehdiyev ölkə başçısının pandemiya dövründə ixtisarların təxirə salınması ilə bağlı tövsiyyəsinə məhəl qoymadan, məni elmi işimin müdafiəsi ərəfəsində 13 il xidmət etdiyim AMEA-nın Rəyasət Heyəti aparatından uzaqlaşdırmaqla karyerama ciddi zərbə vurdu.

AMEA-nın Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əmək qanunvericiliyinin tələblərinin və hüquqlarımın kobud surətdə pozulması halı ilə üzləşəndən sonra hüquqi müstəvidə mübarizəmi davam etdirərək ilkin instansiya məhkəməsinə, iddiam təmin olunmayandan sonra isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Bakı Apellyasia Məhkəməsinin tərəflər arasında dialoqun aparılması və mənim işlə təmin edilməyimi  AMEA-nın nümayəndəsinə tövsiyyə edərək məhkəmə iclasının 1 həftə müddətinə uzatmağı qərar verdi. Bu müddət ərzində məsələnin sakit qaydada məhkəmədən kənar həllini üstün tutdum və məni yetişdirən bir qurumun adının bir daha qalmaqallarda hallanmasını istəməyərək iş üçün müraciət etdim. İddia ərizəmi geri götürəcəyim təqdirdə məni müvafiq işlə təmin edəcəklərini və bu sözün məhz AMEA-nın rəhbəri tərəfindən verildiyini biləndən sonra məhkəmə prosesini dayandırdım və iş təklifini gözlədim. Bu vəddən 15 gün keçməsinə baxmayaraq  mövzu ilə bağlı heç bir danışıq olmadı və hiyləgərliklə aldadıldığımı yəqin etdim. Anladım ki, sözünü tuta bilməyən adamın Azərbaycan elmini ayaqda tutması absurd və qeyri-realdır.

Ramiz Mehdiyev: "…bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir?" - BBC  News Azərbaycanca

Elmi fəaliyyət yaradıcı bir aktdır. Dövlətin və cəmiyyətin bu sahədən gözləntiləri böyükdür və səriştəsiz inzibati idarəetmə səbəbindən elmin sosial-iqtisadi və mədəni sahələrə  nüfuz  edə bilməməsi və elmtutumluluq səviyyəsinin aşağı olması bu günlərdə müşahidə edilən linç etmə prosesini qaçılmaz edir. Elmə xas xüsusiyyətlərdən biri də odur ki, o naqislik götürmür. Yad ünsürlər içəri düşən kimi itələmə qüvvəsi artıq işə başlayır. İki ildən artıqdır elmi ictimaiyyətdə daxili gərginlik hiss olunsa da, gün bugün imiş və bu prosesin geri dönməzliyi birmənalıdır.

Yaponların bir keyfiyyət düstürü  var: ”Ölçməyi bacarmırsansa, idarə edə bilməzsən”. Düşünürəm ki, son iki ildə Azərbaycan elminin potensialı, inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları və gələcəyə hesablanmış vizyonu düzgün müəyyənləşdirilmədi, və elm siyasiləşdirilərək öz mahiyyətindən sapmış oldu. Nəticəsi göz qabağındadır.

Özüm üçün mənəvi borc və dövlətimiz qarşısında vətəndaşlıq mövqeyi prinsipini əsas tutaraq bildirmək istəyirəm ki, son iki ildən artıq dövr ərzində AMEA-nın inzibati idarəedilməsində olan qüsurlar Azərbaycan elminin gələcəyi üçün real təhlükədir. Qeyd edilən müddət ərzində  məqsədli “struktur islahatları”, bir-birini inkar edən və aylarla icra edilməyən qərar və sərəncamlar, eyni vəzifəyə 3-4 aydan bir olan təyinatlar, səriştəsiz və şəxsi münasibətlər zəminində təyin edilən kadrlar və  digər faktların araşdırılması və bütün bunlara hüquqi qiymətin verilməsi Azərbaycan elminin anti-elmi ünsürlərdən təmizlənməsində mühüm rol oynaya və 77 illik şərəfli tarixinin ən rəzil idarəetmə dövrünü yaşayan AMEA üçün özünə qayıdış məqamı ola bilər. AMEA-nın tarixinin bütün dövrlərində  geniş elmi təfəkkürə sahib istedadlı alimlər olub və bugün də var. Akademiya məhz bütün şəxsi və yaradıcı parametrləri ilə yüksəkdə duran bu cür  insanların çiyinlərində dayanır. Öz növbəsində onların da şəxsiyyət və alim kimi formalaşmasında akademiyanın rolu danılmazdır. Təəssüf ki, bu qurumun hazırki durumu Azərbaycan aliminin nüfuzunun əleyhinə işləyir.

Akademiyanın ruhunda bir müqəddəslik olduğundan onu həm də “elm məbədi” adlandırırlar. Bu ocağın “pisliklərdən” təmizlənməsinin sonu və elmin inkişafında yeni epoxanın başlanğıcının zamanıdır. Akademiya  sistemində mövcud nöqsanların və problemlərin yeganə həll yolu Ramiz Mehdiyevin istefasıdır.

Daha çox xəbərlər