Siyasət 

Lukaşenko Ermənistanı hədələyir: Moskvanın planı – TƏHLİL

Rusiyanın ekspansiya təbliğatını aparan Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın Ermənistanı tamamilə öz orbitində boğacağına anons edən açıqlama ilə çıxış edib.

MDB məkanında cərəyan edən hadisələrin ölçüsünün böyüyərək digər ölkələrə sıçraması ehtimalları getdikcə güclənir.

Rusiyanın ambisiyaları Moskvanın yeni modelə ehtiyacını ortaya çıxarır və Kreml SSRİ modelli bir ittifaq yaratmağa can atır.

Bir müddət öncə, Qazaxıstan hadisələri zamanı Aleksandr Lukaşenko oxu Özbəkistana yönəltmişdi, indi isə o, Moskvanın təlimatı ilə Ermənistanı mişen yerinə qoyur.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyovun “YouTube”da yayımlanan “Solovyov Live” verilişinə verdiyi eksklüziv müsahibədə deyib ki, Ermənistanın çıxış yolu yoxdur.

SİTAT: “Ukrayna əgər səhvlərə yol verməsə, 15 il ərzində bu “təhlükəsizlik məkanında” yer ala bilər. Ermənistanın çıxış yolu yoxdur. Sizcə, onlar kiməsə lazımdır? Onlar artıq bunu gördülər”.

Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinin xarakteri elə qurulub ki, bu, həm digər ölkələrə yönəlməyib, həm də birgə müdafiə mexanizmlərini gücləndirir.

Lukaşenko bunu da dilə gətirib. Amma Lukaşenko digər ölkələrin – Türkmənistan, Özbəkistan və Tacikistanın öz ehtiyaclarına görə Rusiyanın patronajlığı altında yaranacaq hansısa ittifaqa qoşulacağını bildirib.

Lukaşenkonun dedikləri Kreml divarları arasında Ermənistana dair planların mövcudluğunu göz önünə gətirir.

Rusiyanın İrəvan qarşısında şərti budur ki, o, Qərblə təmasların siyasi gələcəyini Moskvaya qarşı yönəldən akta çevirməsin və zamanla Rusiyanın iradəsi altına keçsin, daha doğrusu vassallığını elan etmiş olsun.

Ermənistan onsuz da Rusiyanın forpostu kimi ad çıxarıb, amma Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra eyni anda iki stulda oturmaq siyasəti yürütdü ki, bu da Kremlin qəzəblərini alovlandırdı.

İndi isə Kreml NATO ilə qarşıdurma fonunda özünün əzələlərini nümayiş etdirmək üçün çevrəsinə daha çox ölkə çəkmək istəyir.

NƏTİCƏ:

Rusiya Ermənistandan istədiyini ala bilməsə, bu ölkənin taleyinə yeni qara günlər yazılacaq, yəni Rusiyanın Ermənistandakı emissarları digər planları, aksiyalar təşkil edilməsi kimi – işə salacaq.

Bu da nəticə verməsə, Rusiya Gümrüdəki hərbi bazasının gücünü İrəvana yönəldəcək.

Daha çox xəbərlər