#İNSANHÜQUQLARI – Avropa Konvensiyasının 8-ci maddəsi: müdaxilə həm də qanuni məqsəd daşımalıdırmı?
Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndində 8-ci maddə ilə qorunan hüquqlara müdaxilə edilməsinə haqq qazandıra bilən qanuni məqsədlər sadalanır, belə ki, müdaxilə “milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün” həyata keçirilə bilər.
Məsələn, Məhkəmə bu qənaətə gəlib ki, hökumətin məqsədi əhalinin sıxlığı ilə əlaqədar olaraq əmək bazarını tənzimləməkdirsə, o halda immiqrasiya tədbirlərinə 8-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş “iğtişaşın qarşısını almaq” məqsədi ilə deyil, həmin bənddə nəzərdə tutulmuş “ölkənin iqtisadi rifahını qorumaq” məqsədi ilə haqq qazandırmaq olar (Berrehab Niderlanda qarşı, § 26-cı). Məhkəmə həmçinin aeroport ərazisinin genişləndirilməsi kimi iri hökumət layihələrinin həm iqtisadi rifahın qorunmasından, həm də digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsindən ibarət qanuni məqsəd daşıdığını müəyyən edib (Hatton və başqaları Birləşmiş Krallığa qarşı, § 121). Məhkəmə ictimai yerlərdə üzü tamamilə örtən çadranın geyilməsinə qoyulan qadağanın qanuni məqsəd daşıdığını müəyyən edib və bu zaman hökumətin bu arqumentini nəzərə alıb ki, üz sosial ünsiyyətdə mühüm rol oynayır. Buna görə də, Məhkəmə üzü gizlədən çadranın başqalarına yaratdığı maneəni digər şəxslərin birgəyaşayışı asanlaşdıran sosiallaşmış məkanda yaşamaq hüququnun pozuntusu kimi qəbul edən cavabdeh dövlətin mövqeyi ilə razılaşıb (S.A.S. Fransaya qarşı, § 122). Lakin Toma Rumıniyaya qarşı məhkəmə işində Məhkəmə hesab etdi ki, hökumət hər hansı ictimai təhlükəsizlik səbəbi olmadan jurnalistlərin məhkəmə araşdırmasına qədər həbs edilmiş şəxsin fotolarını dərc etmələrinə icazə verilməməsini əsaslandıran heç bir səbəb göstərməyib (§ 92).

