Azərbaycan demokratik, müasir və innovasiyalar ölkəsidir
Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” Qanun ölkəmizin bu uğurlarını özündə ehtiva etməklə yanaşı, iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasının dövlət siyasətimizin əsas tərkib hissəsi olduğuna da işıq salır
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün hansı sahəyə diqqət yetirsək tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda yeniləşməni, təkmilləşməni görərik. Məhz bu baxımdan Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi mövqeyini daim qoruyur. Dövlət başçısı İlham Əliyev islahatların labüd olduğunu bildirir və bəyan edir ki, dövrün, zamanın dəyişməsi öz növbəsində qarşıya yeni vəzifələri qoyur.
Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında demokratikləşmə prosesinin sadəcə bir şüar, niyyət olmadığını, Azərbaycanın hərtərəfli inkişafının əsası kimi qeyd edir. “Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir” söyləyən dövlət başçısı bu məqamı da xüsusi qeyd edir ki,
uğurla başlayan siyasi dialoq siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir.
Təbii ki, bu uğurları şərtləndirən əsas amil dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitliyin, qanunun aliliyinin təmin olunmasıdır. Hər bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq mövcud ictimai-siyasi duruma, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qəbul edilir. Ölkə Prezidenti İlham Əliyevin xarici KİV-ə müsahibələrində ona ünvanlanan “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabı da bu olur ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Azərbaycan Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürüb və bunları uğurla yerinə yetirir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam… Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.”
Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımıza, Milli Konstitusiyamıza da zaman-zaman əlavə və dəyişikliklər edilir. Bu da ölkəmizin yeniliklərə, təkmilləşməyə nə qədər maraqlı olduğunu göstərir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu. Bu da ölkəmizin idarəetmə sistemində təkmilləşməyə xüsusi diqqət yetirdiyini təsdiqlədi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə də təkmil idarəçilik sistemi yaradılır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün şəhər və kəndlər müasir tələblər səviyyəsində qurulucaq. Son illərdə yenilikləri ilə dünyanın diqqətini çəkən Azərbaycan yaxın zamanlarda “ağıllı şəhər” və “ağıllı kənd” layihəsinin uğurlu nəticəsini təqdim edəcək. Yeni texnologiyaların inkişafı fonunda müəyyənləşdirilən hədəflərin reallığa çevrilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı innovasiyalar ölkəsi imicinə yeni əlavələr edir.
Demokratik inkişafın əsas elementlərindən olan azad mətbuatın inkişafına yönələn addımlar da davamlılığı ilə diqqət çəkir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu xəttin son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev bu günlərdə yeni “Media haqqında” Qanunu təsdiqlədi. Əvvəldə də qeyd etdiyimiz kimi, bütün sahələrdə təkmil islahatlar həyata keçirilir. Mətbuatın cəmiyyətin güzgüsü, eyni zamanda, hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisi olduğunu nəzərə alsaq yeniliklərin, təkmilləşmənin bu sahədə də önəmi özünü aydın şəkildə nümayiş etdirəcək. 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun əgər o dövrün reallıqlarına, tələblərinə uyğun idisə, illər keçdikcə təkmilləşməyə ehtiyaclar yarandı. Qanuna bugünədək 79 dəfə əlavə və dəyişikliyin edilməsi də bunun bariz nümunəsidir. Müasir media anlayışına və yeni çağırışlara cavab verən bir qanunun qəbulu zərurət idi. Medianın İnkişafı Agentliyinin yaradılması, ölkədə aparılan siyasi, iqtisadi, demokratik islahatlar mətbuata da təsirsiz ötüşmədi. Mətbuata aid islahatların bütün istiqamətlər üzrə həyata keçirilməsini nəzərdə tutan «Media haqqında» Qanun bu sahədə çalışanlar üçün hüquqi baza, platforma rolunu oynayacaq və boşluqların aradan qaldırılmasına zəmin yaradacaq.
9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanun media subyektlərinin və jurnalistlərin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradacaq. Atılan bütün addımların təməlində cəmiyyətin informasiya tələbatının daha dolğun şəkildə ödənilməsi, obyektivlik, qərəzsizlik kimi prinsipləri qoruyaraq müstəqil mətbuatın inkişafına dəstək olmaq dayanır. Milli Konstitusiyamıza əlavə və dəyişikliklər edilərkən “Məlumat azadlığı” maddəsi hər zaman diqqətdə olub. Yeni qanunda demokratiyanın əsas tələblərindən olan mətbuat, söz, vicdan azadlığına hörmət əksini tapdığı maddələrdə özünü qabarıq şəkildə büruzə verir. Qanunda KİV-lərin müstəqil fəaliyyəti, hüquqi baxımdan həlli vacib məsələlərin yer alması, media subyektlərinə tələbin açıqlanması, vəzifə və hüquqlarının göstərilməsi, Media Reyestrinin aparılması qaydalarının müəyyən edilməsi, lisenziyaların verilməsi, jurnalistlər üçün nəzərdə tutulan imtiyazlar və sair maddələrin hər biri müasir KİV-lərin üzləşdikləri problemlərin həllini aradan qaldıracaq imkanlardır. Qanunda yer alan ən önəmli məqamlardan biri də Media Reyestrinin yaradılması və media subyektlərinin, jurnalistlərin bu reyestrə daxil edilmələridir. 78 maddəyə və onlarda əksini tapan ayrı-ayrı müddəalara diqqət yetirsək görərik ki, onların hər biri inkişafa, yeniliyə çağırışdır, eyni zamanda, mətbuatın qarşısında geniş imkanlar açır. Jurnalist peşəkarlığının, məsuliyyətinin artırılması, həmçinin onların sosial problemlərinin həlli yeni qanunda xüsusi yer alıb. Sənəddə media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşib.
Qeyd etdiklərimiz ölkəmizin demokratik inkişaf sahəsində əldə etdiyi uğurların çox az bir hissəsidir. Siyasi islahatlarla paralel iqtisadi islahatların da həyata keçirildiyini nəzərə alsaq, bu gün Azərbaycanın son 18 ildən artıq dövrdə əldə etdiyi uğurların miqyasının nə qədər geniş olduğunu görərik. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən maliyyə və iqtisadi böhranından uğurla çıxmasını, həmçinin hazırda COVID-19-la mübarizə tədbirlərini daha da gücləndirməsini şərtləndirir. Məhz bu uğurlara söykənərək postpandemiya və postmünaqişə dövrünün hədəfləri və onların icra mexanizmləri müəyyənləşdirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər bölgələrimiz də sürətli inkişaf dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızla bərabər digər rayonlara da səfərlər edir, yeni sosial obyektlərin təməlini qoyur, yaxud açılışını edir. Daim bu fikir səsləndirilir ki, yeni obyektlərin təməlinin qoyulması, yaxud açılışı göstərir ki, biz əldə olunan uğurlarla kifayətlənmirik, daim irəli baxırıq. İnsanların rahat və məmnunluq şəraitində yaşaması dövlət siyasətinin əsasıdır.
Ölkədə infrastrukturun yenilənməsi, bərpası daim diqqətdədir. Fevralın 11-də “Qobu” Enerji Qovşağının açılışında iştirak edən dövlət başçısı İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə-AZƏRTAC-a müsahibəsində bu fikirləri xüsusi qeyd etmişdir ki, bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb: “Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat – həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək.”
Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, ölkədə o qədər gözəl investisiya iqlimi yaradılıb ki, xarici şirkətlər Azərbaycana böyük maraq göstərirlər. “Bu marağı biz yaratmışıq” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar.
Azərbaycanın bu uğurları, iqtisadi və maliyyə imkanları qarşıya qoyulan hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas yaradır. Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə bütün işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Böyük Qayıdışın reallaşması həmin ərazilərin potensial imkanlarından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməyə geniş imkanlar açacaq. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrün hədəflərinin təqdimatıdır.
Qeyd etdiklərimizə söykənərək bu ümumiləşdirməni apara bilərik ki, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin bütün dövrlər üçün aktuallığını saxlaması beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın inkişaf modeli hər zaman nümunəvi model kimi diqqətdədir. Bu ondan irəli gəlir ki, Azərbaycan iqtisadi strategiyasını müəyyənləşdirərkən qabaqcıl ölkələrin təcrübəsini nəzərdən keçirir, geniş təhlillər aparılır, atılacaq addımın perspektivləri açıqlanır. İki ildən artıq davam edən pandemiya dövrünün reallıqlarına diqqət yetirmək kifayətdir. İnsan sağlamlığı yüksək səviyyədə qorunur, bununla yanaşı, iqtisadi islahatlar daha da dərinləşdirilir. Vətəndaş məmnunluğunu şərtləndirən amillər sırasında xüsusi yer alan əhalinin sosial müdafiəsi daha da gücləndirilir. Buna əmin olmaq üçün dövlət başçısı İlham Əliyevin 2022-ci il üçün ilk sosial paketinin ardınca imzalanan Fərman və sərəncamlara diqqət yetirmək kifayətdir.

