Cəmiyyət 

Meyvələr neçəyədir? – Bazar və marketlərdə qiymət fərqi

Son zamanlar meyvələrin qiymətinin supermarketlərdə baha olması vətəndaşların narazılığına səbəb olur.

Vətəndaşlar düşünürlər ki, meyvələrin qiyməti ucuz olmalıdır. Lakin bazarlar da daxil olmaqla marketlərdə meyvələrin qiyməti bahadır.

8-ci mikrorayon bazarında almanın qiyməti 1.80-2.40 manat arası dəyişir. Bazarda isə alma 1-1.30 manatdır. Armud marketdə 2.7 manata, bazarda 1.5, manata təklif edilir.

Bazarda 70 qəpiyə olan heyvanı qiyməti marketdə 1.80-dir. Nar da həmçinin – bazarda 1-1.5 manata, marketdə isə 2 manata satılır.

Sitrus meyvələrindən mandarinin kilosu bazarda 1.8 manata olsa da, marketlərdə 1 manat bahadır- – 2.8 manat.

Portağal və bananın bazar-market qiymətlərinin arasında o qədər də böyük fərq yoxdur – ən çoxu 20 qəpik.

Bənzər qiymət fərqi tərəvəzlərin satışında da müşahidə olunur. Bazarda 1.5 manata olan pomidor marketdə 3 manatdır. Xiyar da həmçinin, bazarda 2.7 manat, marketdə isə 3.3 manatdır.

Bəs vətəndaşlar market və bazarlardakı qiymət fərqi barədə nə düşünürlər?

Vətəndaşlar fikrincə. meyvə-tərəvəz marketlərlə müqayisədə bazarda daha uyğun qiymətə satılır, ancaq bu da bahadır.

Bakı sakini Firavan Şahbazova deyir ki, marketdə qiymətin baha olmasından əlavə seçim imkanı da məhduddur: “Məsələn, bazara gedəndə qiymət baxımından ən azı 2 fərqli qiymətə meyvə satışı olur. Lakin marketdə elə deyil. Bir seçim və bir qiymət qoyulur. Marketlər və bazarlardakı qiymətlər arasında isə fərq böyükdür. Düzdür, bəzi meyvələrin qiymətləri arasında cüzi fərqi olur, amma elə meyvələr də var ki, ikiqat fərq var”.

Alıcı Solmaz Axundovanın sözlərinə görə, marketdəki qiymətlərə yaxın durmalı deyil: “Belə baxanda ümumi bahaçılıqdır, amma market dəhşət bahadır. Vacib olmadıqca marketdən meyvə almırıq”.

Vətəndaş Qasım Məmmədli də meyvə-tərəvəzin qiymətindən narazıdır: “Elə indicə bazardan yarım kilo armud aldım. Cibimin gücü buna çatdı. Marketdən bunu da ala bilməzdim. Qiymət baxımından bizə bazar daha çox sərf edir”.

İşdən sonra evinə bazarlıq edən Nərgiz Hüseynova deyir: “Maaş az, qiymət baha. Heç bazardakı qiymətlər də qane etmir bizi. Maddi durumumuz ürəyimiz istəyən qədər meyvə almağa imkan vermir. Marketlərdə olan meyvələr isə od qiymətinədir”.

Marketlərdə soyulub qablaşdırılmış tərəvəzlərə də rast gəlmək olur. Məsələn, qabıqlı soğanın 1 kilosu 0.55 qəpiyə olduğu halda 250 qramlıq soyulmuş soğan 1 manat 10 qəpiyədir. 1 kq kartof 1 manat 10 qəpiyə satılırsa, soyulmuş halda 2.3 manatdan təklif olunr. Yerkökü də eləcə – 1 kilosu manat, 250 qramlıq soyulmuşu – 1.2 manat. Necə deyərlər, mətbəxdə əlini batırmaq istəməyən, komfort sevənlər üçün yaxşı təklifdir. Belələri nə bazarda, nə də marketdə bahalıqdan şikayətlənmirlər. Amma onlar azdır.

Ləman Rüfətqızı, Musavat.com

 

Daha çox xəbərlər