Az su içməyin zərərləri
Suyun həddindən artıq miqdarda içilməsinin zərərləri olsa da, az su qəbulu orqanizmdə çox böyük fəsadlar yaradır. Orqanizmin təxminən 60%-i sudan ibarətdir. Bütün hüceyrə və orqanların düzgün fəaliyyəti üçün suya böyük ehtiyacı vardır. Hər gün orqanizm tərlə, böyrəklər və hətta tənəffüs prosesində belə su itirir. Həyat fəaliyyətinin davam edə bilməsi üçün itirilən suyun geri qaytarılması tələb olunur. Su ehtiyacı orqanizmin çəkisinə, aktivliyinə görə dəyişilir və hər kq-a 30-40 ml hesablanır.
Müasir dövrdə bir çox xəstəliklərin səbəbi orqanizmə az miqdarda su qəbulu ilə əlaqədardır. Orqanizmdə su çatışmazlığı olduqda qandakı “ehtiyat” suyu istifadə edərsə yüksək təzyiq, onurğadakı suyu istifadə edərsə bel və boyun ağrıları yaranar. Sümüklərdəki suyu istifadə edərsə revmatizm, ağciyərlərdəki suyu istifadə edərsə astma və allergik xəstəliklər müşahidə edilər. Mədəaltı vəzidəki suyu çəkərsə şəkər xəstəliyi, mədədəki suyu istifadə edərsə mədə yarası, bağırsaqlardakı su çəkilərsə qəbizlik yaranar. Hüceyrədə su çatışmazlığı çox artarsa, hüceyrələrə oksigen göndərilməsi dayanar və bir çox ağır fəsad verən xəstəliklərin inkişafı başlanar.
Beynin 75%-i sudan ibarətdir. Yüngül susuzluq əhval-ruhiyyənin və koqnitiv funksiyaların pisləşməsinə səbəb ola bilər. Susuzluq nəticəsində diqqət azalsa da, qısamüddətli yaddaş kimi koqnitiv funksiyalar əhəmiyyətli dərəcədə zəifləyir. Əl-göz koordinasiyası pozula bildiyi üçün həssas və detallı işlərin görülməsi çətinləşir. Su istehlakı azaldıqda, tənəffüs yolları su itkisini minimuma endirmək üçün çalışır, astma və allergiya halları artır. Bədənimizdəki mikrobların qısa müddətdə xaricə atılması üçün kifayət qədər su istehlakı vacibdir. Xüsusilə yüksək hərarət və ishal kimi hallarda su istehlakı həyati əhəmiyyət kəsb edir.
Qanın 90 faizi sudan ibarətdir. Qan həcmi və qan təzyiqi birbaşa su istehlakı ilə əlaqəli olduğu üçün kifayət qədər su sərfiyyatı olmadıqda qan təzyiqi balansı tənzimlənə bilmir və təzyiqin artmasına səbəb olur. Tərləmə bədən üçün vacib bir soyutma mexanizmidir. Dərinin soyumasına kömək edir. Digər tərəfdən, tərlədikcə duz və bəzi mineralları itiririk. Tər itkiləri maye qəbulu ilə bərpa olunmazsa, bədən temperaturu tənzimlənə bilmir və əzələlərə gedən qanın təzyiqi azalır, əzələ krampları və əzələlərin yığılması müşahidə edilir.
Bağırsağın düzgün işləməsi üçün suya ehtiyacı vardır. Az su istehlak edilərsə qəbizlik və digər həzm problemləri yarana bilər. Kifayət qədər su qəbulu olmazsa mədədə həddindən artıq turşuluğa səbəb ola bilər ki, bu da mədə xoralarının inkişafına təkan verə bilər.
Susuzluq baş ağrısına səbəb olur, bəzi hallarda isə susuzluğun miqren müddətini uzatması müşahidə edilmişdir. Bir çoxumuz gün ərzində baş ağrısı ilə qarşılaşırıq. Bunu stress, yorğunluq, yuxusuzluq və ya xəstəlik kimi səbəblərlə əlaqələndiririk. Ancaq gün ərzində tez-tez baş ağrıları varsa və davamlı baş ağrıları miqrenə çevrilirsə, bunun əsas səbəbi su içilməməsi ola bilər.
Zərərli maddələrin qandan təmizlənməsi və sidiklə xaric olması üçün böyrəklər suya ehtiyac duyur. Böyrəklər bədənimizdə hər gün əmələ gələn zərərli tullantıları (sidik cövhəri, kreatin, sidik turşusu) su ilə durulaşdırır və xaric edirlər. Gündəlik ehtiyacından daha az maye qəbul edən insanlarda sidik yollarının iltihabı və daşları asanlıqla yarana bilir. Yetərsiz su qəbulu müəyyən müddətdə böyrək çatışmazlığına səbəb ola bilər.
Dərimizin təxminən 30 faizi sudan ibarətdir. Su dərinin nəmliyini saxlamaq və dəri hüceyrələrinə əsas qida maddələrini çatdırmaq üçün vacibdir. Dərinin toxumasını yeniləyir və elastikliyini artırır. Bu da öz növbəsində qırışlar və incə xəttlər kimi yaşlanma əlamətlərini gecikdirməyə kömək edir. Az su istehlak edildikdə dəridə qırışlara daha tez rast gəlinir və orqanizmin erkən qocalması başlayır.
Bədənin susuz qaldığını necə müəyyən etmək olar?
İstifadə etdiyimiz qidalardan aldığımız vitamin və minerallarla yanaşı, sağlam bədənə sahib olmaq üçün istehlak etməli olduğumuz başqa bir şey sudur. Həmçinin su bütün canlıların həyat mənbəyidir. Gün ərzində kifayət qədər maye qəbul etdiyimizi düşünsək də, bu miqdar orqanizm üçün kifayət etməyə bilər. Susuzluğun müddəti uzanarsa, susuzluğun orqanizmə vurduğu dərin zərərləri görə bilərik, xəstəlik və ya onun əlamətlərini hiss edə bilərik. Bəs bədənimizin susuz qaldığını necə anlaya bilərik? Susuzluğun müəyyən əlamətlərinə nəzər yetirək.
Ağızda quruluq, yuxulu olmaq, sonsuz yorğunluq, əsəbilik, dəridə quruluq və soyuqluq, baş ağrısı, qəbizlik, baş gicəllənməsi, əzələ tutulmaları (tonik və klonik qıcolmalar), fikirlərdə qarışıqlıq (düşünmə çətinliyi) və s. orqanizmin susuz olduğunu göstərən əlamətlərdir. İnsan 36-42 gün ac qala bilər, lakin 2 sutkadan artıq susuz qala bilməz!
Surə Rəhimova,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,
Biologiya üzrə fəlsəfə doktoru

