Əsas səhifə 

Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır

Dövət başçısı İlham Əliyevin ötən il Ağdam rayonunun Baş planının təsdiq edilməsi mərasimində səsləndirdiyi bu fikirlər bu günlərdə növbəti səfəri çərçivəsində atdığı addımların fonunda özünü bir daha təsdiqlədi

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdam rayonuna ötən il reallaşdırdığı səfər 28 May- Respublika Gününə təsadüf etmişdi. Həmin səfər zamanı Ağdamın Baş planı təsdiqləndi. Cənab İlham Əliyev «Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi» söyləyərək bildirmişdi ki, ancaq ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür: «Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.» Ölkə Prezidenti bu əminliyi də ifadə etmişdir ki, biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.

Bu gün Ağdamın yenidən bərpası istiqamətində atılan addımların miqyasına diqqət yetirmək kifayətdir. Fevralın 13-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama reallaşdırdıqları səfər tarixi Zəfərimizdən sonra sayca 3-cü səfər idi. Hər səfər açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin sayına və mahiyyətinə görə diqqət çəkir. Eyni zamanda, bu səfərlər zamanı ölkə Prezidentinin çıxışı, yaxud yerli televiziya kanallarına müsahibəsi olur. Dövlət başçısı tarixi Zəfərimizə gedən yola nəzər salaraq görülən işlərin fonunda gələcəklə bağlı fikirlərini açıqlayır. Bu baxımdan cənab İlham Əliyevin fevralın 13-də Ağdam Cümə məscidinin qarşısından səsləndirdiyi mesajların hər biri bugünümüz və sabahımız üçün önəmlidir.

Dövlət başçısı Ağdam Sənaye Kompleksində iki müəssisənin təməlqoyma mərasimində iştirak etdi. Bildirildi ki, bu müəssisələrin sayı artacaq, rayonda yeni iş yerlərinin yaradılması prioritetdir. Bu da təbiidir. Belə ki, 2003-cü ildə cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyanda regionların malik olduğu potensial imkanlardan maksimum istifadənin vacibliyini bildirdi və regional inkişaf proqramlarının icrasına start verildi. Bu gün artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan da bəhrələnmək əsas hədəflər sırasındadır. Bu baxımdan cənab İlham Əliyev Azərbaycan iş adamlarına çağırış etdi ki, işğaldan azad edilmiş ərazilərə gəlsinlər, yeni müəssisələrin, iş yerlərinin açılmasında iştirak etsinlər. Bu yolla həmin ərazilərin canlanmasına nail olmaq olar. Bölgələrdə sahibkarlığın inkişafı üçün münbit şərait mövcuddur. Dövlət sahibkarlara hər cür dəstəyi göstərir, onlara güzəştli kreditlər verilir. Sahibkarlar onlar üçün yaradılan bu şəraitdən bəhrələnərək işğaldan azad edilmiş ərazilərimizin bərpasına, dayanıqlı iqtisadi inkişafına töhfə verə bilərlər.

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə dəfələrlə səfərlərinə nəzər saldıqda yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu , dəmir yolu və hava limanının tikintisi əsasdır. Yol infrastrukturunun yenilənməsi Qarabağ zonasını bərpa etmək, yüklərin daşınmasına, turizmin inkişafına böyük kömək olacaq. Zəfər yolunun qısa zamanda istifadəyə verilməsi hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edildiyinin aydın təsəvvürünü yaradır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi, necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işləri uğurla başa çatdırılacaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

Azad edilmiş ərazilərimiz böyük turizm potensialına malikdirlər. 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb. Beynəlxalq səviyyədə ekspertlər bu reallığı xüsusi qeyd etdilər ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. Dövlət başçısı İlham Əliyev Ağdam rayonuna səfəri zamanı “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulması mərasimində iştirak etdi. 2,16 hektar ərazidə inşa ediləcək “Park Forest Otel Ağdam” mehmanxanası 110 nömrədən ibarət olacaq. Tikinti işlərinin 2024-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulur.

Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir.

Göründüyü kimi, qısa təhlil Qarabağın hansı potensiala malik olduğunun və onlardan səmərəli istifadənin hansı uğurlara yol açacağının aydın mənzərəsini yaradır. Çıxışlarında Azərbaycanın son 18 ildə qazandığı uğurlara, keçdiyi inkişaf yoluna diqqət yönəldən dövlət başçısı İlham Əliyev düzgün qurulan siyasətin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyimizi qorumağa əsas yaratdığını xüsusi qeyd edir. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirməklə ölkəmizin nəqliyyat infrastrukturunun yenilənməsinə və təkmilləşməsinə göstərdiyi diqqətin ümumi mənzərəsini təqdim edə bilərik. Azərbaycan əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə beşinci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir. İnfrastruktur layihələri ilə bağlı olaraq dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerlərdədir. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılmışdır. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bütün çətinliklərə, işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, ötən illər ərzində bu nailiyyətləri əldə etmişik: «İndi torpaqlar azad edilib, indi Böyük Qayıdış başlanmalıdır, böyük inkişaf prosesləri başlanmalıdır. Ona görə, əlbəttə, biz bütün bu işləri daha da fəal, daha da məqsədyönlü şəkildə aparmalıyıq ki, Azərbaycanın imkanlarını genişləndirək və ölkəmizin inkişaf dinamikasını artıraq.»

Tarixi Zəfərimizdən ötən bir ildən artıq dövr bu dinamikanın artdığını təsdiqləyir. Ötən il işğaldan azad edilmiş ərazilərə 32 dəfə səfər edən cənab İlham Əliyev bu səfərlər zamanı bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edərək Böyük Qayıdışı daha da yaxınlaşdırır. Görülən işlərin əsasında düşünülmüş addımlar və onların planlı şəkildə həyata keçirilməsi dayanır. Dövlət başçısı İlham Əliyev Ağdam Cümə məscidinin qarşısından bu çağırışı da etdi: «Qarşımızda böyük işlər vardır. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq.»

Genişmiqyaslı quruculuq işləri sırasında tarixi və dini abidələrimizin bərpası da əsas yer tutur. Daim diqqəti ermənilərin dini abidələrimizi, məscidləri dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirir. Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. Həmin yarımçıq dağıdılmış məsciddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar. Ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Heydər Əliyev Fondunun Azərbaycanda mədəni və dini irsin bərpasında rolu inkaredilməzdir. Belə ki, Fond tərəfindən bu istiqamətdə görülən işlərin miqyası olduqca genişdir. İşğaldan azad edilmiş ərazilərimizdə də dini və tarixi abidələrin bərpasında və yenidən qurulmasında Fond xüsusi fəallığı ilə diqqət çəkir. Dövlət başçısı İlham Əliyev Ağdamdakı çıxışında bildirmişdir ki, azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir: «Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi… Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər.»

Böyük Qayıdışın əsas tərkib hissələrindən biri də Ağdam və Şuşa ilə yanaşı, digər işğaldan azad edilmiş ərazilərə avtobus reyslərinin açılmasının planlaşdırılmasıdır. Bu səfərlərin erməni vəhşiliklərinin təbliğində əhəmiyyəti inkaredilməzdir. Ermənilərin bu torpaqlarımızı hansı vəhşiliklə dağıtdıqları göz önündədir. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb. Xalqımız bu vəhşilikləri heç zaman unutmayacaq. Əlbəttə ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır.

Artıq Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı, tərəqqisi üçün geniş imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, bu gün gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq.

Daha çox xəbərlər